Gənc alim və mütəxəssislərin elmi-tədqiqat işlərinin müsabiqəsi keçirilib | |
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Molekular Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılmasının 5 illiyi münasibətilə institutun 30 yaşa qədər gənc alim və mütəxəssislərinin elmi-tədqiqat işlərinin müsabiqəsi keçirilib.
Qaliblərin seçilməsində şəffaflığı təmin etmək məqsədilə müsabiqə komissiyası yaradılıb, həmçinin müsabiqə qaydaları təsdiqlənib. Müsabiqənin əsas məqsədi xüsusi tədqiqatçı istedadına malik gəncləri üzə çıxararaq həvəsləndirməkdən, onlara elmi araşdırma və təhlilaparma bacarıqlarını nümayiş etdirmək imkanı yaratmaqdan ibarət olub. Müsabiqəyə öz işlərini təqdim etmiş namizədlərin anket məlumatları, elmi əsərləri, yerinə yetirdikləri tədqiqat işlərinin aktuallığı, müasirliyi, metodologiyası, nəzəri və praktiki əhəmiyyəti komissiya tərəfindən ətraflı müzakirə olunub.
AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, müsabiqə komissiyasının və institutun Elmi Şurasının üzvləri namizədlərin elmi araşdırmalarını əks etdirən posterlərə baxış keçiriblər. Sonra namizədlər komissiya qarşısında çıxış edərək, üzvlərin çoxsaylı suallarını cavablandırıblar.
Nəticələrə əsasən, Populyasiya genomiksi laboratoriyasının kiçik elmi işçisi Lalə Axundova I yerə, Proteomiks beynəlxalq laboratoriyasının kiçik elmi işçisi Aynurə Paşayeva və Populyasiya genomiksi laboratoriyasının kiçik elmi işçisi Gülmirə Əlibəyova II yerə, Bioadaptasiya laboratoriyasının kiçik elmi işçisi Nərgiz Bayramova və Bionanotexnologiya beynəlxalq laboratoriyasının kiçik elmi işçisi Leyla Xəlilova III yerə layiq görülüb.
|
|
17.07.2021 | 11:19 | |
|
|
|