ADPU və Sosial Xidmətlər Agentliyi arasında əməkdaşlıq memorandumu | |
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb.
Universitetin rektoru, professor Cəfər Cəfərov qonaqlara bu il ali təhsil müəssisəsinin 100 illik yubileyinin qeyd edildiyini bildirib. “Cəmiyyətin müasir inkişafı fonunda sosial çağırışlara cavab verəcək kadrların yetişdirilməsi xüsusi önəm daşıyır. Bu baxımdan universitetlə agentliyin əməkdaşlığı elmi-təcrübi və praktik baxımdan olduqca önəmlidir. Hazırda ADPU-nun tarix və coğrafiya fakültəsində Sosial iş, məktəbəqədər təhsil fakültəsində isə Təhsildə sosial-psixoloji xidmət ixtisaslarına müvafiq olaraq sosial sahə üçün mütəxəssis hazırlığı həyata keçirilir. Həmçinin artıq 2020-ci ildən etibarən ADPU-da bütün ixtisaslar üzrə bakalavrlar yeni hazırlanan proqramlar əsasında təhsil alırlar”-deyə rektor əməkdaşlığın faydalı olacağına inamını ifadə edib.
Çıxış edən agentliyin idarə heyətinin sədri Vüqar Behbudov bildirib ki, son illər ölkəmizdə aparılan sosial siyasətin tərkib hissəsi kimi Prezident İlham Əliyevin 2019-cu ildə imzaladığı sərəncamla yaradılan qurum sosial və psixo-sosioloji reabilitasiya tədbirləri həyata keçirir:”Bu gün artıq 29 filial və 13 sosial xidmət müəssisəsi ilə vətəndaşların xidmətindəyik. Post-müharibə dövrü üçün qəbul edilmiş yeni sosial paketin həyata keçirilməsində agentlik də yer alır. Bütün bu ehtiyaclara cavab vermək üçün qurum gənclərlə işə xüsusi əhəmiyyət verir. İmzalanan memorandum bu istiqamətdə atılan önəmli addım olmaqla, həm də gənc kadrların bu mühitin içərisində və yeni dövrün tələbinə uyğun proqram əsasında yetişdirilməsinə şərait yaradır”.
ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov, sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, tarix və coğrafiya fakültəsinin dekanı, dosent Asif Axundov, məktəbəqədər təhsil fakültəsinin dekanı, dosent Şəhla Əliyeva, fəlsəfə və sosial fənlər kafedrasının baş müəllimi Vüsal Abdullayev və Sosial Xidmətlər Agentliyinin sosial müəssisələrlə iş departamentinin müdiri Sara Ağayeva bildiriblər ki, prosesin effektiv icrası, hesabatlılığı üçün işçi qrupun yaradılması, eyni zamanda digər əlaqədar ixtisaslardan olan tələbələrin də təcrübə, təlim və konfranslara cəlb olunması, sosialoji kursların yaradılması, sosial xidmət sahəsində ortaq tədqiqatların aparılması vacib məsələlərdəndir.
|
|
15.07.2021 | 17:32 | |
|
|
|