Ankara Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsi

Türkiyənin Ankara Universiteti ilə Naxçıvan Dövlət Universiteti (NDU) arasında akademik sahədə əməkdaşlıq protokolu imzalanıb.

 

Sənədə imza atan Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar və NDU-nun rektoru Elbrus İsayev iki ölkə arasında qardaşlıq münasibətlərindən, təhsil sahəsində əməkdaşlığın perspektivlərini ehtiva edən birgə protokolun əhəmiyyətindən danışıblar.

 

Professor Necdet Ünüvar dünya universitetləri ilə əməkdaşlıqda Azərbaycan universitetlərinin xüsusi payı olduğuna diqqət çəkib. NDU ilə əməkdaşlığın tədqiqat fəaliyyətlərinə töhfə verəcək bir addım olacağına inandığını söyləyib. Magistr və doktorantura proqramları sahəsində  əməkdaşlığın perspektivləri haqda danışan Necdet Ünüvar gələcəkdə ikili diplom layihələrinin həyata keçirilməsinin də mümkün olacağını bildirib.

 

NDU-nun rektoru  Elbrus İsayev qeyd edib ki, rəhbərlik etdiyi ali təhsil ocağı dünyanın 130-dan çöx ölkəsi ilə beynəlxalq əməkdaşlığa sahibdir. Rektor söyləyib ki, əməkdaşlıq etdikləri Türkiyənin 80-dən çox ali təhsil ocağı sırasında Ankara Universitetinin xüsusi yeri vardır. E.İsayev akademik və tələbə mübadiləsi proqramları ilə bu əlaqələrin daha da genişləndiriləcəyinə inandığını vurğulayıb.

 

Qeyd edək ki, imzalanmış protokolda tərəflərin qarşılıqlı olaraq maraqlarına uyğun akademik, elmi mövzulardakı fəaliyyətlərində bir-birinin imkan və təcrübələrindən faydalanacağı, elmi məqsədlər daxilində professor-müəllim mübadiləsi, dərs, müşavirə, tədqiqat və oxşar fəaliyyətlərdə, tədris və tədqiqat məqsədilə hər növdən kitab, elmi nəşrlər, oxşar materialların qarşılıqlı mübadiləsi, birgə tədqiqat layihələri, elmi yığıncaqların keçirilməsi öz əksini tapıb.

 



14.07.2021 | 13:24