Özbəkistanlı rektor Əlyazmalar İnstitutunda | |
İyunun 29-da Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, məşhur mətnşünas alim, filologiya elmləri doktoru, professor Şöhrət Siracəddinov AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olub. Qonağı Əlyazmalar İnstitutunun direktor müavinləri, filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli və filologiya üzrə elmlər doktoru Paşa Kərimov qarşılayıblar. A.Əliyeva-Kəngərli qonağa Əlyazmalar İnstitutunun tarixi, institutda qorunan əlyazmalar, aparılan elmi tədqiqat işləri, əlyazmaların bərpası və elektronlaşdırılması haqqında məlumat verib. P.Kərimov isə Əlyazmalar İnstitutunda Özbəkistan və Azərbaycan ədəbiyyatı əlaqələri mövzusunda aparılan tədqiqat işləri haqqında danışıb.
Ə.Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin fəaliyyəti, ixtisas istiqamətləri haqqında söz açan professor Şöhrət Siracəddinov bu ali təhsil ocağının ölkə əhəmiyyətli bir ideoloji mərkəz və Özbəkistanda mövcud olan əlyazma abidələrinin toplandığı vahid məkan olduğunu nəzərə çatdırıb. O, bildirib ki, M.Füzuli adına Əlyazmalar İnstitutu ilə ötən il imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində iki elm-tədqiqat müəssisəsi birgə layihə icra edə bilər. Belə ki, Əlyazmalar İnstitutunda mühafizə olunan Əlişir Nəvainin sağlığında, öz rəhbərliyi altında köçürüldüyü güman edilən “Divan”ının Bakı nüsxəsinin fotofaksimelesinin çapına nail olmaq həm hər iki müəssisənin, həm də hər iki xalqın mədəniyyətinin təbliği baxımından əhəmiyyətli ola bilər.
Sonra qonaq Əlyazmalar İnstitutunun ekspozisiya zalında olub, institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov qonaqları burada sərgilənən əlyazma abidələri ilə tanış edib, fondda mühafizə olunan nadir əlyazmalar haqqında məlumat verib. Professor Şöhrət Siracəddinov Əlyazmalar İnstitutunda mühafizə olunan Əlişir Nəvainin əsərlərinin siyahısı ilə və ən qədim nüsxələri ilə tanış olub. Sonra qonaq xatirə kitabına ürək sözlərini yazıb.
Qeyd edək ki, qonağı Özbəkistan Elmlər Akademiyasının Dili, Ədəbiyyatı və Folkloru İnstitutunun əməkdaşı Gülnaz Səttarova müşayiət edib. |
|
02.07.2018 | 14:26 | |
|
|
|