UNEC-də Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Tədqiqat Mərkəzi | |
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ölkənin dayanıqlı sosial inkişafına və yaşıl iqtisadiyyata dəstək olmaq, eləcə də “Nizami Gəncəvi ili”nə töhfə vermək məqsədilə Nizami Gəncəvi adına Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Tədqiqat Mərkəzi yaradılıb.
Mərkəzdə yerli və xarici ali təhsil müəssisələri, tədqiqat mərkəzləri, dövlət və özəl sektor, eləcə də qeyri-hökümət təşkilatları ilə birlikdə dayanıqlı inkişaf, yaşıl iqtisadiyyat üzrə beynəlxalq layihələrdə iştirak etmək, bu sahədə tədqiqatlar aparmaq, təlimçi və mütəxəssislər yetişdirmək nəzərdə tutulub.
Bu məqsədlə Prezident Administrasiyası, Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat nazirlikləri nümayəndələrinin, Avropa İttifaqının dəstəyi və OECD-nin əlaqələndiriciliyi, UNEP, UNIDO, UNECE və WB iştirakı ilə Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri üçün yaşıl iqtisadiyyat sahəsində yerli əlaqələndiricilərin iştirakı ilə görüşlər keçirilib.
Xatırladaq ki, “Nizami Gəncəvi və Dayanıqlı İnkişaf” mövzusunda təşkil edilmiş magistr və doktorantların 3-cü Beynəlxalq elmi konfransı çərçivəsində “Yaşıl şəhərlər və yaşıl inkişaf perspektivləri” mövzusuna həsr olunan “workshop”un davamı, nəticəsi kimi UNEC-də Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Tədqiqat Mərkəzinin təsis edilməsi qərara alınmışdı.
|
|
12.07.2021 | 14:13 | |
|
|
|