Əsrə bərabər gün | |
Azərbaycan xalqının milli sərvətinə çevrilən Azərbaycan Silahlı Qüvvələrinin 103-cü ildönümü xalqımız tərəfindən tamam başqa bir ovqatla qeyd edildi. Əlbəttə, bu ovqatı yaradan başlıca amil ötən il sentyabr ayının 27-də başlayan və cəmi 44 gün müddətində Ermənistanın kapitulyasiya aktını imzalaması ilə bitən Ermənistan-Azərbaycan müharibəsinin nəticələridir. Bu nəticələr təkcə son 30 ildə işğal olunmuş ərazilərimizin azad edilməsi, bu illərdə məcburi köçkünə çevrilən bir milyondan artıq insanımızın doğma kənd və şəhərlərinə qayıtması ilə bitmir. Son 28 ildə Azərbaycan Respublikasının apardığı ardıcıl və mükəmməl dövlət siyasəti nəticəsində qurulan, formalaşaraq regionumuzun ən güclü ordusuna çevrilən Azərbaycan Silahlı Qüvvələri müharibənin sürdüyü 44 gün müddətində keçirdiyi müxtəlif əməliyyatları ilə dünya hərb tarixinə yeni səhifələr yazdı.
O səhifələrin ən möhtəşəmi təkcə Azərbaycanın deyil, Cənubi Qafqazın incisi sayılan, əsası ilk Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan Şuşa şəhərinin işğaldan azad edilməsi əməliyyatı oldu. Heyrətamiz igidlik, hərbi bacarıq və Vətənə sevgi hisslərinin göstəricisi olan bu əməliyyatda əsgərlərimiz sıldırım qayaları aşaraq Şuşaya daxil oldu və düşmən qüvvələri ilə əlbəyaxa döyüşlərə girdilər. Xatırladaq ki, həmin vaxtlar Türkiyənin dünyaca məşhur “Haber-Qlobal” televiziyasında Şuşanın azad olunması əməliyyatını şərh edən ekspertlərdən biri hərbçilərimizi Alp dağlarını aşaraq gözlənilməz istiqamətdən Şimali İtaliya ərazisinə girən Karfaqen sərkərdəsi Hannibalın döyüşçüləri ilə müqayisə edirdi. Həmin televiziyada Şuşa əməliyyatından sonra Ermənistanın kapitulyasiya aktını imzalamasını da ekspertlər qarşı tərəfin Azərbaycan hərbçisinin gücünün etirafı kimi qiymətləndirdilər.
Bunlar ona görə xalqımızda xüsusi ovqat yaratdı ki, o, Birinci Qarabağ müharibəsinin ağır nəticələrindən sonra parlaq və birmənalı qələbənin duyğularını yaşadı. Həmin illərin mənzərəsini Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşdəki nitqində bu cür xatırladırdı: “Əlbəttə ki, Birinci Qarabağ müharibəsi bizim üçün böyük və milli faciə idi. Eyni zamanda, bu, böyük humanitar fəlakətə gətirib çıxardı. Çünki o vaxt Azərbaycan əhalisinin sayı səkkiz milyon idi, onlardan bir milyonu qaçqın və məcburi köçkün vəziyyətində yaşamalı olmuşdur. Bizim iqtisadiyyatımız, demək olar ki, tamamilə dağıdılmışdı, sənaye potensialı məhv edilmişdi, iqtisadi inkişaf haqqında söhbət belə getmirdi. Bu böyük humanitar fəlakət ölkəmizi uçurum kənarına qoymuşdu”.
Bu, Azərbaycan xalqının unutmadığı, unuda bilməyəcəyi bir gerçəkliyin xatırlatması idi. Ölkədə yaranmış qeyri- sabit ictimai-siyasi vəziyyətdən istifadə edən Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı yeni-yeni ərazi iddiaları irəli sürür, yeni işğal zonaları yaradırdı. Ermənistan dövləti səviyyəsində Xocalı, Ağdaban, Qaradağlı və digər ərazilərimizdə azərbaycanlılara qarşı misli görülməyən cinayətlərin hazırlanaraq həyata keçirilməsi isə insanlarımızda xof, vahimə yaratmaq, ölkənin müdafiə qabiliyyətini yox etmək strategiyasına xidmət edirdi. İyun ayının 26-da “Gülüstan” sarayındakı nitqində Prezident İlham Əliyev həmin vaxtlarda xalqımızın qəbul etdiyi qərarı bu cür ifadə etdi: “Azərbaycan xalqı o ağır günlərdə müdriklik göstərərək Heydər Əliyevə üz tutdu, onu hakimiyyətə dəvət etdi. O, hakimiyyətə gələndən sonra Azərbaycanda işlər müsbət istiqamətdə getməyə başlamışdır. O cümlədən ordu quruculuğu sahəsində böyük islahatlar aparılmışdır. Nizami ordu quruculuğu məhz o illərdə başlamışdır”.
Ulu Öndərin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəldiyi həmin vaxtlar ölkə vətəndaş müharibəsi və yenicə bərpa edilmiş dövlət müstəqilliyinin itirilməsi ərəfəsində idi. Dövlətimiz üçün belə bir ağır məqamda fəaliyyətə başlayan Ümummilli Lider ilk növbədə ordu quruculuğunu prioritet istiqamət olaraq seçdi. 1993-cü ilin payızında xalqa müraciətində Azərbaycan gəncliyini Vətənin müdafiəsi üçün səfərbər olmağa səsləyən Heydər Əliyevin rəhbərliyi ilə Beyləqan istiqamətində əks-hücum əməliyyatı hazırlandı və Horadiz istiqamətində aparılan bu əməliyyat zamanı düşmənə ilk sarsıdıcı zərbələr vuruldu. Nəticədə Horadiz şəhəri də daxil olmaqla düşmən işğalındakı 23 yaşayış məntəqəsi azad edildi, onun haqqında yaradılan mif darmadağın olundu. 1994-cü ildə Ermənistanla əldə olunmuş atəşkəs razılaşması Azərbaycan Silahlı Qüvvələrinin yenidən qurulması işində əsaslı və yeni mərhələnin başlanğıcına çevrildi. Onu da unutmuruq ki, Silahlı Qüvvələrimizin yaranma günü - hamımızın qürur və sevgi ilə qeyd etdiyimiz 26 iyun tarixi Prezident Heydər Əliyevin 22 may 1998-ci ildə imzaladığı Fərmanla həyatımıza daxil oldu. Bu, tarixinə hörmətin ifadəsi ilə bərabər, 1918-ci ildə həmin tarixi yaradan, Azərbaycan Ordusunu quran Səməd bəy Mehmandarov, Əliağa Şıxlınski, Həbib bəy Səlimov, İbrahim ağa Usubov və digər insanlarımızın xatirəsinə ehtiramın nümunəsi idi. Silahlı Qüvvələrimizin tarixi ilə yaxından maraqlanan hər kəs Ümummilli Liderimizin o tarixə necə həssaslıqla yanaşdığını bilir və onu da xatırlayır ki, hələ Azərbaycana rəhbərliyinin ilk illərində, 1971-ci ilin iyun ayında Bakı şəhərində Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb onun şəxsi nüfuzunun və apardığı gərgin işin nəticəsi olaraq yarandı. Həmin vaxtlar azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması da Heydər Əliyevin milli hərbi zabitlərin yetişməsi üçün apardığı uzaqgörən siyasətin nəticəsi idi. Bu məktəblərdə yetişən Azərbaycan hərbçilərinin Birinci Qarabağ müharibəsində misilsiz igidliklər göstərdiyi də unudulmayıb.
Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində əsası Ulu Öndər tərəfindən qoyulan dövlət siyasətinin Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer alır. Bu gün belə bir Ordunun xalqımıza bəxş etdiyi parlaq qələbənin doğurduğu hissləri yaşayırıq. Xalqımızın bu yaşantılarını Prezident tarixi çıxışında bu cür ifadə etdi: “Bu, tarixi nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq zəfər olmamışdır. Biz bütün gücümüzü səfərbər edərək düşmənə sarsıdıcı zərbələr endirib, düşməni məğlub etdik, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik”.
Silahlı Qüvvələrimizin işğalçı düşmən üzərindəki tam və qəti qələbəsi bir də onunla müşayiət olundu ki, xalqımız istər prosesin getdiyi 44 günlük müharibədən əvvəl, istər müharibə dövründə və istərsə də müharibədən sonrakı vaxtlarda mükəmməl və ardıcıl Azərbaycan diplomatiyasının üst qatının bəhrələrini əyani şəkildə görə bildi. Məsələ ondadır ki, faktiki olaraq işğala məruz qaldığımız, beynəlxalq hüququn tanıdığı ərazi bütövlüyümüzü qoruma cəhdlərimiz zamanı dünyanın bəzi aparıcı dövlətlərinin sanksiyalarına hədəf seçildiyimiz 1992-1993-cü illərdən fərqli olaraq indi ən pis halda, o dövlətləri sükut içində gördük. BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı çıxma təşəbbüslərinin qarşısının alınmasında dövlətimizin apardığı fəal diplomatiyanın gücünü hiss etdik. Birinci Qarabağ müharibəsindəki situasiyadan fərqli olaraq yanımızda dostlarımızı, dost münasibəti göstərən Qoşulmama Hərəkatına üzv ölkələrin birmənalı mövqeyini görmək də subyekt olaraq tək olmadığımızın göstəricisi idi. Türkiyə, Pakistan, Əfqanıstanın haqlı mübarizəsində Azərbaycana dəstəyini ifadə edən bəyanatları döyüşən Ordumuzun gücünü birə-beş artırdığı kimi, onun yanında olan xalqımıza ən böyük dəstək oldu. Bununla bərabər, insanlarımız 28 ildir ardıcıl olaraq aparılan dövlət siyasətinin addım-addım perspektiv məqsədə çatmağın təmin edildiyini gördü. Azərbaycan dövlətinin yürütdüyü regionda dayanıqlı sülhün bərqərar olması siyasətinə, XXI əsrdə konfliktlərin həlli üçün hərbi vasitələrin deyil, danışıqlar yolunun məqbulluğunu təsdiq edən istəyin prioritetliyinə dünya bir daha əmin oldu. Söhbət yürüdülən o siyasətdən gedir ki, humanitar prinsipləri rəhbər tutur, zorun gücü ilə deyil, hüququn dili ilə danışmağı zəruri hesab edir, lakin region dövlətləri və Ermənistan Respublikasının 1988-ci ildən aktiv fazaya çıxardığı ərazi iddialarını izləyən bütün dünya o zərurəti dərk etməyən qüvvələrin bədəl ödəməyə məhkum olunduğunu da gördü. Əvvəlcədən Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən elan olunan, daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən “danışıqlar yolu ilə münaqişənin həlli perspektivləri tükənəndə müharibə yolu alternativsiz yol olaraq qalır”- tezisi o bədəli qaçılmaz edir. Silahlı Qüvvələrimizin 103-cü ildönümündəki çıxışında Prezident İlham Əliyev bunları nəzərdə tutaraq deyirdi: “Hər il 26 iyun tarixində hərbçilərlə görüşlər əsnasında mən deyirdim ki, gün gələcək biz öz doğma torpağımıza qayıdacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Deyirdim ki, əgər bu, danışıqlar yolu ilə mümkün olmayacaqsa, məsələni hərbi yolla həll edəcəyik. Belə də oldu. Uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi və Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etmişdir”.
Bütün bunlar Ümummilli Liderimizin əsasını qoyduğu, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi Azərbaycan dövlət siyasətinin bəhrələri idi və bunları görmək xalqın bir nümayəndəsi olaraq hər birimiz üçün ifadə olunmayacaq dərəcədə xoş idi.
Qürurla qeyd edirik ki, Azərbaycan Silahlı Qüvvələrinin 103-cü ildönümü hər birimiz üçün əsl bayram ovqatı oldu.
Bu gün müharibənin iflic qoyduğu bir Ermənistan var. Ermənistanda bəzilərinin dediyi kimi, artıq ölkə vətəndaşlarının çoxunda Ermənistanın nominal dövlətçiliyi ilə bağlı rəylər var. Onlar yaxşı bilirlər ki, “Danışıqlar yolunu” məqbul hesab etməyən Ermənistan, əslində, öz iradəsini deyil, onu idarə edənlərin iradəsini ortaya qoyurdu. Ermənistan dövlətindən kənarda hazırlanmış “reseptlər”in heç də bütün coğrafiyalarda və zamanlarda kara gəlmədiyini bu dövlətin vətəndaşlarının böyük bir qismi qəbul etdi. Amma buna lazım olan təkcə 30 illik zaman olmadı, 44 günlük müharibədə rəsmi statistikanın etiraf etdiyi 5 mindən artıq itirilən insan həyatı, 14 minə yaxın yaralının yaşadığı məşəqqətlər həmin qərarın qəbul edilməsi üçün başlıca arqumentə çevrildi. Üstəlik, bu 30 ildə “Dənizdən- dənizə Ermənistan” ideologiyasının ilkin dividendlərini “görmüş” bu insanlar iqtisadiyyatı çökmüş, xarici donor təşkilatlardan və vətəndaşı olduğu ölkələr qarşısında öhdəliyi olan erməni diasporunun ianələrindən asılı Ermənistanla üz-üzə qaldıqlarının şahidi oldular. Buna görə idi ki, onlar dünya seçki tarixində nadir hallarda rast gəlinən seçimlərini etdilər, müharibədə böyük itkilər verən, kapitulyasiya aktına imza atan hökumət başçısına və onun komandasına səs verdilər. Onun alternativi olan, hakimiyyətə gələcəkləri təqdirdə Azərbaycana qarşı müharibə edəcəklərini, “itirilmiş mövqeləri” bərpa edəcəklərini söyləyən revanşist qüvvələrin azlıqda qalması isə göstərdi ki, Ermənistan cəmiyyəti nəinki 30 il əvvəlki, heç 1965-ci ilin qondarma “erməni genosidi”nin ilk dəfə dövlət səviyyəsində qeyd edilməsini az qala bayram kimi qəbul edən cəmiyyət deyil.
Bütün bunlar istər Birinci Qarabağ müharibəsində düşmənlə qeyri-bərabər döyüşlərdə ağır itkilər verən, müharibənin gedişatında formalaşan, istərsə də Vətən müharibəsində döyüş meydanında XXI əsrin ilk hibrid müharibəsini aparan, düşmənə heç bir şans buraxmayaraq öz potensialını təsdiq edən Azərbaycan Silahlı Qüvvələrinin bir dövlət olaraq Ermənistana verdiyi dərsin nəticələridir. Təəssüf ki, o dərsi vermək missiyası Silahlı Qüvvələrimizin tatixində və Azərbaycan xalqının qəlbində əbədi qalacaq minlərlə şəhidimizin qanı və həyatı bahasına başa gəldi. O dərs 30 il ərzində 250 min qaçqının və bir milyona yaxın məcburi köçkünün iqtisadi-sosial problemlərinin yükünü daşıyan, dövlət müstəqilliyinin ilk illərində keyfiyyətcə yeni mərhələyə keçən, iqtisadiyyatı böyük sarsıntılar və təlatümlərin sınağı ilə üzbəüz qalan Azərbaycan dövlətinə ciddi problemlər yaşatdı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2021-ci il iyun ayının 26-da “Gülüstan” sarayındakı çıxışında həmin vaxtlar dövlət və xalq olaraq yaşadığımız o illəri belə xatırladır: “Biz bu günü yaxınlaşdırmaq üçün hazırlaşırdıq. Mən öz çıxışlarımda dəfələrlə demişdim ki, hər gün biz bu günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırdıq. Görəndə ki, dünyada beynəlxalq hüququn norma və prinsipləri kobudcasına pozulur, aparıcı beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoyulmur, işğalçı Ermənistan daha da azğınlaşır, bizim torpağımızdan çıxmaq istəmir, əlbəttə, biz daha ciddi hazırlaşmalı idik. Bu hazırlıq hərtərəfli olmalı idi. Bu hazırlıq işlərinə biz vahid konsepsiya çərçivəsində yaxınlaşırdıq və bunu müəyyən edirdik.
Əlbəttə ki, Birinci Qarabağ müharibəsi bizim üçün böyük faciə idi, milli faciə idi. Eyni zamanda, bu, böyük humanitar fəlakətə gətirib çıxardı. Çünki o vaxt Azərbaycan əhalisinin sayı səkkiz milyon idi, onlardan bir milyonu qaçqın və məcburi köçkün vəziyyətində yaşamalı olmuşdur. Bizim iqtisadiyyatımız demək olar ki, tamamilə dağıdılmışdı, sənaye potensialı məhv edilmişdi, iqtisadi inkişaf haqqında söhbət belə getmirdi. Bu böyük humanitar fəlakət, əlbəttə ki, ölkəmizi uçurum kənarına qoymuşdu”.
Onu dəfələrlə vurğulamağı lazım bilirik ki, cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandanımızın hər bir məqamda xatırlatdığı bu tarixin genetik yaddaşlara hopması üçün elm və incəsənət adamlarının qarşısında böyük vəzifələr qoyur. Yaşanan ağır, itkilərlə dolu, sonu işığa çıxan, xalqımıza Zəfər Günü bəxş etmiş ən yaxın tariximizin elmi, bədii əsərlərdə, incəsənət nümunələrində inikas olunması həm də keçdiyimiz yolların bəzi məqamlarını dünyaya daha geniş çatdırmaq imkanı deməkdir. Hesab edirik ki, bu mövzuda yazılan hər bir elmi və ya bədii əsər, rəngkarlıq nümunəsi, kinofilm, musiqi əsəri nəinki yaşadığımız o illər haqqında informasiya arealını genişləndirəcək, həm də dünyaya bir çağırış olacaq; onları ayıq-sayıq olmağa, iddialarla dolu millətçiliyin bəşəriyyət üçün nələr vəd etdiyinin hansı fəsadlar törədə biləcəyinə diqqəti cəlb edəcək.
Respublikamızın təhsil işçiləri, ibtidai sinif müəllimindən akademikəcən hər bir sinif otağına və yaxud tələbə auditoriyasına daxil olan kəs şagird və tələbələrimizdə tariximizə maraqla bərabər sevgi və qayğı hissi aşılamalıdır. Bu zəruridir və o zərurəti dövlətimizin başçısı bu cür əsaslandırır: “Biz bunu unuda bilmərik. Biz şəhidlərimizi unuda bilmərik, Xocalı qurbanlarını unuda bilmərik, dağılmış şəhərlərimizi unuda bilmərik. Dağılmış qəbirləri, təhqir edilmiş məscidləri biz necə unuda bilərik? Biz heç vaxt unutmamalıyıq. Azərbaycan xalqı bunu öz yaddaşında daim saxlamalıdır”.
33 ildir ki, hər bir azərbaycanlıda, Azərbaycan vətəndaşında, dünyanın hansı yerində yaşamasına baxmayaraq, ədalət hissi olan hər kəsdə qıcıq hissi oyadan “Dağlıq Qarabağ münaqişəsi” ifadəsini ictimai-siyasi leksikadan çıxaran Müzəffər Ordumuzun doğum günü həm də buna görə qiymətlidir. Buna görədir ki, hər birimiz Şuşanı, Kəlbəcəri, Laçını, Qubadlını, Zəngilanı, Cəbrayılı, Füzulini, Ağdamı həsrətində olan xalqımıza bəxş etdiyinə görə Azərbaycan Silahlı Qüvvələrinə və onun Müzəffər Ali Baş Komandanına “Sağ olun, yüz yaşayın!” - deyirik.
Təhsil işçisi olaraq ümidvar olduğumuzu bildiririk ki, gənc nəslin yaddaşında əbədilik həkk olunması üçün bu tariximizi, dövlət və xalq olaraq, tariximizə həkk olunmuş yaşadığımız günlərin mahiyyətini uşaqlar, yeniyetmələr və gənclərə açmaq və aşılamaq üçün heç birimiz əlimizdən gələni əsirgəməməliyik.
Bu, pedaqoji işçidən daha çox vətəndaş kimi hər birimizin borcudur.
Mahirə HÜSEYNOVA, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, filologiya üzrə elmlər doktoru, professor
|
|
09.07.2021 | 13:38 | |
|
|
|