Müəllim olmaq istəyənlər | |
İyulun 5-dən 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinə start verilib. Mövcud pandemiya şəraitini nəzərə alaraq müsabiqənin test imtahanı mərhələsi Bakı, Abşeron, Sumqayıt, Gəncə, Masallı, Ağcabədi, Şirvan, Balakən, Quba, Şamaxı, Mingəçevir və Kürdəmirdə yaradılan müvafiq imtahan mərkəzlərində keçirilir.
Xatırladaq ki, iyunun 4-11-də müsabiqənin elektron ərizələrin qəbulu mərhələsi keçirilib. Bu mərhələdə müsabiqədə iştirak etmək üçün 62242 namizəd qeydiyyatdan keçib. Ərizələr emal edildikdən sonra 59171 namizədin ərizəsi qəbul olunub və onlar növbəti mərhələdə iştirak etmək hüququ qazanıb. Müsabiqənin test imtahanı mərhələsində 59153 nəfər iştirak edəcək.
19 iş günü müddətində davam edəcək imtahanlara ilk olaraq fizika və informatika müəllimliyi üzrə namizədlər qatılıb. Fizika üzrə imtahanlarda ən yüksək 59, informatika fənni üzrə 58 bal qeydə alınıb.
İyulun 7-dən ibtidai sinif üzrə müəllim olmaq istəyən namizədlər üçün işə qəbul imtahanları keçirilir. Davam edən bu imtahanlarda indiyədək Vəfa Rəcəbova, Səbinə Səfərova, Səbinə Nəbiyeva, Sənubər Hüseynova və Şəms Səruhanova 60 bal toplayaraq ən yüksək nəticə göstəriblər.
İyulun 6-dan müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi ilə bağlı apellyasiya müraciətlərinin qəbuluna da başlanılıb. İmtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində növbəti gün saat 14:00-da aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər. Namizədlər müvafiq xanaya müraciətlərinin məzmununu ətraflı şəkildə qeyd etməlidirlər. Apellyasiya müraciəti komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.
Test imtahanı mərhələsi avqustun 2-də başa çatacaq.
Ruhiyyə DAŞSALAHLI
|
|
09.07.2021 | 10:05 | |
|
|
|