Yüksək Texnologiyalar Parkına yeni rezident qəbul olunub | |
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının (YT Park) Ekspertlər Şurasının növbəti onlayn iclası keçirilib.
İclas “Proline Chemicals” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) YT Parkın rezidenti kimi qeydiyyata alınması məsələsinə həsr olunub.
“Proline Chemicals” MMC-nin təsisçisi və rəhbəri Vüqar Həsənov mikro və makro silikon emulsiyalarından istifadə olunmaqla müxtəlif bərk səthlər üzərində nanohissəciklərdən ibarət hidrofob, antistatik qoruyucu təbəqə yaradan vasitələrin istehsalı ilə bağlı investiya layihəsi haqqında məlumat verib. Yüksək keyfiyyətli və effektiv professional yuyucu, təmizləyici vasitələrin istehsalı ilə məşğul olan şirkətin əsas fəaliyyət istiqamətlərini avtoyuma və avtokosmetika, məişət, sənaye, avtomobil kimyası, avtomobillər üçün texniki mayelər təşkil etdiyini vurğulayıb.
Məhsulların hazırlanması zamanı dünyanın aparıcı istehsalçıları tərəfindən istehsal olunan keyfiyyətli xammallardan istifadə edildiyini deyən MMC-nin rəhbəri qeyd edib ki, şirkət toplanmış biliklərə və müasir elmi nailiyyətlərə əsaslanaraq daim mövcud reseptlərin effektivliyinin artırılması, innovativ məhsulların istehsalı üzərində çalışır.
V.Həsənov müəssisənin qeyd olunan layihəsinin mövcud istehsal bazası əsasında YT Park ərazisində həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirib. Bunun üçün müəssisənin öz istehsal avadanlıqları, müəyyən qədər xammal ehtiyatları, maliyyə vəsaitləri və işçi heyətinin olduğunu diqqətə çatdırıb, istehsal ediləcək məhsullar barədə məlumat verib. Onun sözlərinə görə, investisiya layihəsinin məqsədi istehsalı nəzərdə tutulan məhsullar üzrə seçilən müştəri seqmentinin bütün tələbatlarını daxili istehsal hesabına təmin etməklə yanaşı, analoji məhsullar üzrə idxaldan asılılığın azaldılması və yeni iş yerlərinin açılması hesabına əmək resurslarının cəlb edilməsidir.
Müzakirələrdə iştirak edən Ekspertlər Şurasının sədri - akademik Rasim Əliquliyev, üzvlər – akademik Cavad Abdinov, AMEA-nın müxbir üzvləri- Oktay Qasımov, Bəxtiyar Məmmədov, dosent Rəşid Ələkbərov, YT Parkın baş direktoru Vasif Abbasov istehsal olunacaq məhsulun xammalı, formullara uyğun olaraq qablaşdırılması, ekoloji təsirləri, keyfiyyət göstəriciləri, dünya və yerli bazarlarda analoqları, tətbiq sahələrinin genişləndirilməsi, istehsal həcmi ilə bağlı çıxış ediblər.
Sonda “Proline Chemicals” MMC-yə YT Parkın rezidenti statusunun verilməsi qərara alınıb.
|
|
08.07.2021 | 13:29 | |
|
|
|