İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının ilk məzunlarına diplomlar təqdim edilib

İyulun 6-da İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının ilk məzunlarına diplomların təqdimetmə mərasimi keçirilib.

 

Azərbaycanda səfərdə olan Rusiya Federasiyasının səhiyyə naziri Mixail Muraşko, təhsil naziri Emin Əmrullayev, Azərbaycan səhiyyə nazirinin birinci müavini, nazir səlahiyyətlərini müvəqqəti icra edən Teymur Musayev və digər rəsmi şəxslər tədbirdə iştirak ediblər.


Əvvəlcə ali məktəbin tarixi və fəaliyyəti haqqında film nümayiş etdirilib.

 

Universitetin Bakı filialının rektoru Əziz Əliyev bu ali təhsil ocağının yaranma tarixi barədə məlumat verib. Rektor deyib ki, filialın ilk məzunları olan 87 nəfərdən 15-i ali məktəbi fərqlənmə diplomu ilə bitirib, onlardan üçü isə medalla təltif edilib.

 

Mərasimdə iştirak edən Rusiya Federasiyasının səhiyyə naziri Mixail Muraşko universitetin klinik bazasında, Seçenov Universitetinin Bakı filialının Təlim-Simulyasiya Mərkəzi ilə tanış olduğunu qeyd edib və bu ali məktəbdə yaradılmış şəraiti yüksək qiymətləndirib. Mixail Muraşko Bakı filialında tədris prosesinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq deyib ki, məzunların təxminən 20 faizi fərqlənmə diplomu alıb. 

 

Təhsil naziri Emin Əmrullayev İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Azərbaycanda fəaliyyət göstərən ilk xarici tibbi ali məktəb olduğunu qeyd edib. Nazir bildirib ki, bu ali məktəb 6 illik fəaliyyəti dövründə Azərbaycanın təhsil sistemində layiqli yer tutub. Məzunları təbrik edən təhsil naziri bildirib ki, məzunlar bu ali məktəbdə təhsil almaqla yüksək ixtisas qazanmış olublar.

 

Azərbaycan səhiyyə nazirinin birinci müavini, nazir səlahiyyətlərini müvəqqəti icra edən Teymur Musayev səhiyyə və tibb elmi sahələrində Azərbaycan və Rusiya arasında əməkdaşlıq barədə ətraflı danışıb. Teymur Musayev ali məktəbin məzunlarını və professor-müəllim heyətini təbrik edərək bugünkü məzunların Azərbaycan təbabətinin inkişafına töhfə verəcəklərinə və tanınmış həkimlər olacaqlarına əminliyini ifadə edib. 

 

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko bildirib ki, bu filialın açılması Rusiya ilə Azərbaycan arasında tarixi əlaqələr, dövlətlərimizin rəhbərlərinin siyasi qətiyyəti, ali məktəbin məzunu, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sayəsində mümkün olub. 

 

Tədbirdə məzunlar Hippokrat andı içiblər.

 

Sonda İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının ilk məzunlarına diplomlar təqdim edilib.

 

 



07.07.2021 | 12:35