Beynəlxalq Gənclik Araşdırmaları Konqresində iştirak edən türkiyəli qonaqlar NDU-da olub

Naxçıvan Muxtar Respublikasının və Türkiyə Respublikasının ali təhsil müəssisələrinin, eləcə də AMEA Naxçıvan Bölməsinin nümayəndələrinin iştirakı ilə “Naxçıvan” Universitetinin evsahibliyi etdiyi III Beynəlxalq Gənclik Araşdırmaları Konqresində iştirak edən türkiyəli nümayəndə heyəti  Naxçıvan Dövlət Universitetində olub. Qonaqları universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov salamlayaraq  universitetin maddi-texniki bazası, strukturu, fakültələri haqda məlumat verib. Distant Təhsil Mərkəzində olan qonaqlara bildirilib ki, 2018-ci ilin yanvar ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı əsasında universitetdə yeni yaradılan Distant Təhsil Mərkəzi ilkin mərhələdə Beynəlxalq əlaqələr və xarici dillər fakültəsinin “xarici dil müəllimliyi” (ingilis, alman, fransız, rus) ixtisasına tələbə qəbulu həyata keçirməklə öz fəaliyyətinə əcnəbi tələbələrin qəbulu ilə başlayıb.

 

Universitetin xarici ölkələrin bir çox qabaqcıl təhsil və elm mərkəzləri ilə əlaqələrindən danışan rektor vurğulayıb ki, qarşılıqlı əməkdaşlıq universitetlər arasında bağlanmış müqavilələr əsasında qurulur, müəllim və tələbələrin mübadiləsi, müştərək elmi araşdırmalar, müəllimlərin ixtisasartırması, informasiya və elmi-metodik ədəbiyyat mübadiləsi kimi sahələri əhatə edir.

 



01.07.2018 | 12:39