Respublika turnirinin qalibləri mükafatlandırılıb

İyulun 2-də Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında keçirilən Respublika turnirinin qaliblərinin mükafatlandırılması mərasimi baş tutub.

 

Tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini Firudin Qurbanov təhsilin keyfiyyətinin yüksəldilməsində təhsilalanların sağlamlığının vacibliyini qeyd edib. Sağlam həyat tərzini təşviq edən layihələrin, ümumi təhsil müəssisələrində keçirilən yarışların əhəmiyyətindən danışan nazir müavini qalibləri təbrik edib.

 

Daha sonra çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ölkəmizdə idmanın inkişafında məktəb idmanının əhəmiyyətini qeyd edərək, birgə əməkdaşlığın şagirdlər arasında Olimpiya hərəkatınının təşviq edilməsində xüsusi rol oynayacağını vurğulayıb, məktəbli idmançılara uğurlar arzulayıb.

 

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov idmançıların məktəb yaşlarından formalaşmağa başladığını, belə yarışların istedadlı idmançıların seçilməsinə müsbət təsir göstərdiyini, onların peşəkar idmançı kimi yetişməsi üçün vacib olduğunu bildirib və məktəbliləri qazandıqları uğur münasibətilə təbrik edib.

 

Azərbaycan Məktəb İdmanı Federasiyasının (AMİF) prezidenti Sevinc Hüseynova çıxışında AMİF tərəfindən həyata keçirilən layihələr barədə danışıb, turnirin təşklində rolu olan hər kəsə təşəkkürünü bildirib.

 

Çıxışlardan sonra qalib komandalar və turnirin hakimləri təltif olunub, onlara kubok, hədiyyələr təqdim edilib.

 

Sonda xatirə şəkili çəkdirilib.

 

Qeyd edək ki, 2021-ci ilin may-iyun aylarında Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə əmrinə əsasən keçirilən turnirin məqsədi şəhidlərimizin xatirəsini əbədiləşdirmək, onların xatirəsini yad etmək, yeniyetmələr arasında vətənpərvərlik hissini gücləndirmək, şagirdləri sağlam həyat tərzinə istiqamətləndirmək, onların asudə vaxtının səmərəli təşkil etməkdən ibarət olub.


Turnirin proqramına uyğun olaraq Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən bütün rayon və şəhər ümumi təhsil müəssisələrinin şagirdləri mini futbol (13-14 yaş), atletika (13-14 yaş), voleybol (oğlanlar, 14-15 yaş), basketbol (oğlanlar,14-15 yaş) idman növləri üzrə yarışlarda mübarizə aparıblar.

 

Olimpiya sistemi ilə təşkil olunan, zona və final mərhələsindən ibarət olan yarışlarda qeyd olunan idman növləri üzrə 2500-dək məktəbli iştirak edib.

 

 



03.07.2021 | 09:00