SABAH tələbələrinin ifasında “Pəri cadu” tamaşasının təqdimatı olub

İyunun 30-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) SABAH qruplarının tələbələri buraxılış işi kimi Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" əsərinin tamaşasını təqdim ediblər. 

 

Tamaşanın təqdimatında təhsil naziri Emin Əmrullayev, nazir müavini Firudin Qurbanov və  ADMİU-nun rektoru Ceyran Mahmudova iştirak edib. 

 

Əvvəlcə universitetin qalareyasında rəssam və dizayner tələbələrin, məzunların əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Qonaqlar ADMİU-nun Vətən müharibəsi iştirakçılarına həsr olunmuş “Zəfər” lövhəsi ilə  də tanış olublar. Bildirilib ki, Vətən müharibəsində universitetin 2-si əməkdaş olmaqla, 50-dən çox tələbə və məzunu iştirak edib. Onlardan 3 nəfəri şəhidlik zirvəsinə ucalıb, əksəriyyəti isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə medallarla təltif olunublar.

 

Daha sonra ADMİU-nun SABAH qrupları tələbələrinin ifasında Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu” əsərinin tamaşası nümayiş edilib. Klassik irsə müasir baxış sərgiləyən tamaşa maraqla izlənilib. 

 

Sonda çıxış edən təhsil naziri Emin Əmrullayev ADMİU-dakı yaradıcı mühitdən, tələbələrin əl işlərinə universitet rəhbərliyi tərəfindən göstərilən qayğı və diqqətdən, eləcə də, nümayiş olunan tamaşadan böyük məmnunluğunu ifadə edib və universitetin fəaliyyətində uğurlar arzulayıb.

 

 



01.07.2021 | 10:30