Əməkdar elm xadimi ilə görüş

İyunun 28-də Azərbaycan Dillər Universitetində (ADU) ölkəmizdə yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanması və rus dilinin tədqiqi sahəsində xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Əməkdar elm xadimi" fəxri adına layiq görülən Bakı Slavyan Universitetinin professoru Lidiya Mixaylovna Qranovskaya ilə görüş keçirilib. Görüşdə L.M.Qranovskaya şəxsi kitabxanasına məxsus 10 cildlik “История XIX века” və 65 cildlik “Большая Советская Энциклопедия: История до Камбиформ” və digər yüzlərlə dəyərli kitablardan ibarət şəxsi kitabxanasını ADU kitabxanasına hədiyyə edib.

 

ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla L.M.Qranovskayanın gənclik illərində böyük həvəs və enerji ilə çalışdığının şahidi olduğunu söyləyib: “Lidiya Mixaylovna SSRİ dövründə müxtəlif elm mərkəzlərində, konfranslarda çıxışları ilə həm özünün elmi adını, həm də Azərbaycan elmini yüksəkliklərə qaldıran şəxsiyyət olub. Onun bir çox xarici ölkələrdə məqalələri dərc olunub. Rektor K.Abdulla şəxsi kitabxanasına məxsus kitabları ADU-ya bağışladığına görə alimə təşəkkürünü bildirib.

 

L.M.Qranovskaya rektor Kamal Abdullaya göstərdiyi diqqətə görə dərin təşəkkürünü bildirib. Bunun başlanğıc olduğunu diqqətə çatdıran L.M.Qranovskaya tələbələrə həmişə kitabın lazım olacağını söyləyib. ADU-ya hədiyyə etdiyi nəşrlərin universitetin kitabxanasının bir hissəsi olacağından məmnunluğunu bildirib.                            

                                     

Görüşdə ADU-nun tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev, rektorun sosial məsələlər üzrə müşaviri Ələddin Əliyev, Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dekanı, dosent İbrahim Kazımbəyli, “Rusiyaşünaslıq” elmi tədqiqat laboratiyasının müdiri, professor Məmməd Əliyev, tələbələrin adından isə beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin tələbəsi Şahin Sərdarlı L.M.Qranovskayanın hədiyyə etdiyi kitabların ADU kitabxanası üçün çox dəyərli sərvət olduğunu qeyd ediblər. 



30.06.2018 | 10:18