Bakı Slavyan Universitetində "Narkotiklər haqqında həqiqəti öyrənək" mövzusunda vebinar

Bakı Slavyan Universitetində ( BSU) "Narkotiklər haqqında həqiqəti öyrənək" mövzusunda vebinar keçirilib.

 

Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə bağlı Beynəlxalq Mübarizə Gününə həsr edilən vebinarda BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova bildirib ki, hazırda narkotik vasitələrin qanunsuz dövriyyəsi bütün dünya üçün ən böyük təhlükələrdən birinə çevrilib. Bu baxımdan  tədbirin keçirilməsi mühüm əhəmiyyət daşıyır və  tələbə-gənclərin maarifləndirilməsinə xidmət edir.

 

Tədbirdə çıxış edən BSU-nun Elmi-Tədqiqat layihələri laboratoriyasının Azərbaycanşünaslıq və slavistika bölməsinin müdiri, dosent Sadir Məmmədov "Narkotiklər haqqında həqiqəti öyrənək", pedaqoji fakültənin Pedaqogika və psixologiya kafedrasının baş müəllimi Aygün Əliyeva " Narkotiklərin psixoloji fəsadları" mövzularında çıxış ediblər. Çıxışlarda narkotik vasitələrin qanunsuz dövriyyəsinin cəmiyyətə, xüsusilə də gənclərə vurduğu amansız zərbə geniş təhlil edilib, tələbələrə narkotik vasitələrdən uzaq durmaq tövsiyə olunub.

 

Tədbir tələbə-gənclərin suallarının cavablandırılması ilə başa çatıb.

                                                                  

 



01.07.2021 | 10:35