“Qarabağ müharibəsi qəhrəmanları” fondunun açılış mərasimi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Qarabağ müharibəsi qəhrəmanları” fondunun açılış mərasimi olub.

 

Açılışda AMEA-nın elmi təqdiqat institutlarının rəhbərləri, elm xadimləri, millət vəkilləri,  Türkiyənin Azərbaycandakı səfiri və hərbi attaşesi, Qazaxıstanın Azərbaycandakı Səfirliyinin I katibi, Qarabağ müharibəsi iştirakçıları, qazilər, Milli Qəhrəmanlar və şəhid ailələrinin üzvləri iştirak ediblər.

 

MEK-in baş direktoru, professor Məmməd Əliyev Azərbaycan kitabxana sistemində bir ilk olan və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən “Qarabağ müharibəsi qəhrəmanları” fondunun açılışının Azərbaycan Silahlı Qüvvələrinin yaradıldığı günə təsadüf etdiyini vurğulayıb. Qeyd edib ki, fonda rəhbərlik tarixi qələbəmizdə mühüm payı olan “Zəfər” ordenli şəhidimiz, Azərbaycan Ordusunun polkovniki Babək Səmidlinin bacısı, MEK-in əməkdaşı Röksanə Səfərzadəyə həvalə olunub.

 

“44 günlük Vətən müharibəsi tariximizin şanlı səhifəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun qazandığı Qələbə xalqımızın yenilməzliyini bütün dünyaya nümayiş etdirdi. Torpaqlarımızın erməni vandallarından azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda canlarını fəda edən şəhidlərimizin, qazilərimizin, müharibədə iştirak edən vətənpərvər Azərbaycan övladlarının borcu ödənilməzdir. Onlar bizim qürurumuz, fəxrimiz, güvənc yerimiz, millətimizin başucalığıdır”- deyə baş direktor bildirib.

 

Professor M.Əliyev, həmçinin Azərbaycanda bu mövzu ilə bağlı mətbuatda dərc ediləcək məqalələr, elmi nəşrlər, müdafiə olunacaq dissertasiyalarla  fondun daha da zənginləşəcəyindən əminliyini ifadə edib.

 

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova “Qarabağ müharibəsi qəhrəmanları” fondunun böyük təşəbbüs olduğunu bildirib. Akademik Vətən müharibəsində tarix yazan Milli Qəhrəmanlar, şəhid, qazi və müharibə iştirakçıları   haqqında hazırlanan kitabların kitabxanada əbədi qorunacağını və gələcək nəsillərə ötürülməsinin vacib olduğunu qeyd edib.

 

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı  Türkiyə və Azərbaycan arasındakı qardaşlıq münasibətlərinə toxunub:” Türkiyə həm siyasi, həm mənəvi cəhətdən hər zaman Azərbaycanın yanındadır. Bu dəstək iki ölkə arasında olan qardaşlıq mövqeyinin təzahürüdür. 3000-ə yaxın şəhidi hörmətlə anırıq, qazilərə cansağlığı arzulayırıq. Zəfəriniz şanlı olsun, mübarək olsun!”.

 

Tədbirdə 2020-ci il noyabr ayının 23-də Suqovuşan ərazisində minaya düşərək,  şəhid olan  polkovnik Babək Səmidlinin qardaşı I Qarabağ müharibəsinin veteranı, polkovnik-leytenant Müşviq Səmidli çıxış edib. M.Səmidli çıxışında qardaşının uşaqlıqdan vətənpərvər böyüdüyünü bildirib.

 

Fondun rəhbəri Röksanə Səfərzadə qeyd edib ki, dövlətin və ictimaiyyətin dəstəyi,  AMEA rəhbərliyinin yaxından köməkliyi və MEK-in təşəbbüsü ilə yaradılan fondun zənginləşdirilməsi istiqamətində müharibə iştirakçıları və ailələri ilə əlaqələr qurulub. Birinci və İkinci Qarabağ müharibəsinin şəhidləri, qaziləri, iştirakçıları haqqında məlumat bazası yaradılıb və bu proses hələ də davam edir. Bundan əlavə, fondda olan nəşrlər və ədəbiyyatlar e- kataloqa daxil edilərək, rəqəmsallaşdırılıb. Elektron bazada Azərbaycan və xarici dillərdə informasiya resursları, biblioqrafik məlumatlar, Birinci və İkinci Qarabağ müharibələrinə dair aparılan tədqiqatlar yer alır.

 

Tədbirdə Silahlı Qüvvələr Gününə və “Qarabağ müharibəsi qəhrəmanları” fondunun açılışına həsr olunmuş videoçarx nümayiş etdirilib.

 

Sonda qonaqlar fondla daha yaxından tanış olublar.

 

 



26.06.2021 | 12:17