Artilleriyaçı kənd müəllimi həm rütbə, həm medal aldı | |
44 günlük Vətən müharibəsinin hər anını, hər təfərrüatını beyninə həkk edən qəhrəmanlardan biri Hikmət Əhmədov müsahibimiz olaraq rubrikamızın qonağıdır. Qəbələ rayonu, Aydınqışlaq kənd tam orta məktəbində çağırışaqədər hərbi hazırlıq müəllimidir. Ötən həftə - iyunun 20-də 42-ci doğum gününü qeyd etdi. Bu illər, sadəcə yaşı üstünə yaş gətirməyib. İllər ərzində əlindəki fəxri fərmanların, sinəsindəki medalların, çiynindəki ulduzların sayı da artıb.
“Qisas almaq istəyirdim”
Hikmət Əhmədov 1979-cu ildə Qəbələ rayonunun Aydınqışlaq kəndində doğulub. Elə həmin kənddə böyüyüb, tərbiyə alıb, məktəbə gedib. Aydınqışlaq kənd tam orta məktəbində orta təhsilini tamamladıqdan sonra sıra ali məktəb seçiminə gəlib. Ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edib və ixtisas seçimi mərhələsində Azərbaycan Texniki Universitetində qəbula yenicə salınan Ekologiya ixtisasına üstünlük verib. Həmin universitetdə ətraf mühitin mühafizəsi üzrə ixtisaslaşıb, təbii ehtiyatlardan səmərəli istifadə qaydalarını öyrənib. Nəticədə bu sahə üzrə hazırlanan ilk kadrlardandır. Həmin illərdə bakalavr səviyyəsində hərbi bacarıqlar da qazanıldığından, universitetdən leytenant rütbəsində məzun olub.
Hərb sənətinə uşaqlıqdan böyük həvəsi olub, əksər oğlan uşaqları kimi. Ancaq bu həvəs məktəbli Hikmət üçün məqsədə dönüb: “Hərbçiliyə böyük marağım vardı. Marağım xüsusilə əmim oğlu Hidayət Əhmədovun 1994-cü ildə şəhid olmasından sonra gücləndi. Onun qisasını almaq istəyirdim. Bunun üçün hərb biliklər qazanmaq istəyirdim. Həqiqi hərbi xidməti Naxçıvanda keçdim. Xidmət zamanı uğurlarım çox oldu. Hərbi komandanlığın təqdirini qazandım, təltif olundum. 2003-cü ildə hərbi xidməti uğurla başa vurandan sonra bir çox yerlərdə işlədim. Ancaq düşmənə qarşı nifrətim soyumadı. Ürəyimdəki nifrət alovu sönmürdü. Ona görə də Müdafiə Nazirliyinə müraciət edərək könüllü xidmət etmək istədiyimi bildirdim. Müsbət cavab alandan sonra Qazaxda xidmətə başladım”.
2010-cu ilin könüllüsü Hikmət Əhmədovun budəfəki xidməti 1 il 6 ay çəkib. Sonra Ordudan tərxis olunub: “Yaşlı ata-anamı nəzərə alıb evə qayıtdım. Ailəmin mənə ehtiyacı vardı”.
Artilleriyaçı Hikmət Əhmədov müəllimliyə başladı
Yenidən mülki həyata qayıdıb və müxtəlif sahələrdə çalışıb. Məktəbə hərbi müəllim dəvət ediləndə sevinib: “Hərbi müəllimlik maraqlı işdi. Dəvət alanda sevindim. Çünki həm sevdiyim işlə məşğul olacaq, həm də hərbi hazırlığın önəmini yetişməkdə olan nəslə təbliğ edəcəkdim. Torpaqlarının bir qismi işğal altında olan ölkədə yetişməkdə olan nəslin belə bacarıqlar qazanması çox önəmli idi. Müharibə oldu-olmadı, oğlanlara sülh şəraitində də bu bacarıqlar aşılanmalıdı. Həm hərbi xidmət zamanı, həm də, ümumiyyətlə, həyatda fiziki və hərbi hazırlıq insanın əlavə üstünlüyüdür”.
Beləliklə, həvəsi hara, mənzili ora olub Hikmət müəllimin. Həm öz istəyi reallaşıb, həm də ata-anasının. Müəllimlərin işə qəbulu müsabiqəsinə qatılaraq imtahan verib: “Hərbi biliyim kifayət qədərdir. Ona görə imtahanda çətinlik çəkəcəyimi düşünməmişdim. Düzdü, hərbi sahədə ixtisaslaşdığım, yəni artilleriyaçı olduğum üçün bəzi suallar bir az düşündürdü. Buna baxmayaraq, imtahandan uğurla keçdim”.
Müəllimlər ailəsində yeni müəllim
Hikmət Əhmədov müəllimliyə başlayanda ailədə artıq 4 müəllim vardı: “Üç bacım var, üçü də müəllim. Həyat yoldaşım da məktəbimizin ən yaxşı müəllimlərindən biri kimi tanınıb. O, yaxşı riyaziyyatçıdı. Bir sözlə, müəllimlərin arasında keçmişdi həyatım. Ona görə imtahandan uğurla keçməyim təəccüb doğurmadı”.
Müəllim ailəsində yetişməkdə olan nəsil də müəllimlik həvəsi ilə böyüyür. Hikmət müəllimin qızı da müəllim olacaq. Söz övladından düşmüşkən, qeyd edim ki, həm də yaxşı ata olan qəhrəmanımız bir qız, bir oğul atasıdı: “Qızım 8-ci sinfi bitirdi. O da müəllim olacaq. Çox yaxşı oxuyur. Oğlum fərqlənmə attestatı ilə bitirib 9-cu sinfi. Bu il imtahanlarını da uğurla verib. Sınaq imtahanlarında hər dəfə 700 bal toplayaraq birinci yeri tutur. Qəbul imtahanlarında da ondan yüksək nəticə gözləyirəm”.
Vətən müharibəsinin könüllüsü
Üç bacının tək qardaşı, bir ailənin başçısı Hikmət Əhmədov Vətən müharibəsi başlayanda əlinə ilk silah alanlardan olub: “2020-ci ilin yayında baş verən Tovuz hadisələrindən sonra müraciət edərək sərhədlərimizin müdafiəsinin təşkilində əlimdən gələni etməyə hazır olduğumu bildirdim. Müharibə başlayanda ilk çağrılanlardan biri məhz mən idim. Vətən müharibəsinin könüllülərindən olduğum üçün qürur duyuram”.
Hikmət müəllim müharibəyə qədər kifayət qədər idarəetmə təcrübəsi qazanıb: “Naxçıvanda hərbi xidmət zamanı bölükdə baş zabiti idim. İlk könüllü xidmətim zamanı, yəni Qazaxda idarəetmə taqım komandiri oldum. Vətən müharibəsində bölük komandirinin müavini vəzifəsini yerinə yetirdim”.
Ona həvalə edilən hər vəzifənin öhdəsindən uğurla gələn H.Əhmədov bu savaşdan heç vaxt unutmayacağı xatirələrlə qayıdıb: “Müharibənin hər anı yadımdadır. Ən ağır şəraitdə, ən qanlı döyüşlərdə iştirak etdim. Bu, bizim ilk müharibə təcrübəmiz idi. Azərbaycan Ordusu indiyədək müharibədə olmayıb. Döyüş qaydalarını, müharibə qanunlarını bilirdik. Silahlardan istifadə bacarığımız formalaşmışdı. Amma bildiklərimizi döyüş şəraitində ilk dəfə tətbiq etdik. Cəbhə bölgəsində xidmət etmişdim, atəşkəsin pozulması faktları ilə qarşılaşmışdım. Hətta Qazaxda 2011-ci ildə ixtiyarımda olan əsgərlərlə birlikdə sərhədi pozan 2 erməni diversiya qrupunun hücumunun qarşısını almışdım. Ancaq bu əməliyyat da daxil olmaqla, heç bir cavab əməliyyatımız müharibə ilə müqayisə edilə bilməz”.
“Tapşırığın icrasından sonra da meşələrə çəkilirdik”
İlk gündən Talış-Suqovuşan istiqamətində gedən döyüşlərin fəal iştirakçısına çevrilən Hikmət müəllim müharibənin son gününə qədər nəfəs dərmədən döyüşüb. Müxtəlif şəraitdə ən ağır situasiyalarla qarşılaşdıqları da olub, bir neçə saatlıq fasilə verib əmr gözlədikləri də. Deyir, hətta əmr gözləyərkən belə arxayınlaşmayıb, rahatlaşmayıblar: “Hər an əmr gələ bilər, hər an situasiya dəyişə bilərdi. Rahat olduğumuz gün olmayıb. Daim meşədəydik. Veriləcək əmri meşədə gözləyir, tapşırığın icrasından sonra da meşələrə çəkilirdik”.
Hücum edir, tapşırığı vaxtından əvvəl yerinə yetirir, əldə etdikləri mövqeləri qəhrəmancasına qoruyurdular: “Aldığımız yüksəkliklərdə bir müddət qalır, mövqeyimizi möhkəmləndirirdik. Çox vaxt yüksəkliyi aldıqdan sonra daha böyük hücuma məruz qalırdıq. Tərk etməyə məcbur olduqları mövqelərin koordinatlarını bildikləri üçün düşmən həmin nöqtələrə daha dəqiq atəş açır, bizi ağır itkiyə uğratmağa çalışırdılar. Bəzən hücum edib itirdikləri yüksəklikləri geri almağa cəhd edirdilər. Ancaq heç vaxt aldığımız mövqedən bir addım da geri çəkildiyimiz olmayıb. Döyüşçülərimiz əldə etdiyimiz hər qarışı elə qürurla müdafiə edirdi ki, düşmənin məğlubiyyətini qəbul etməsi uzun çəkmirdi. Müharibə dövründə nə geri çəkildik, nə döyüşməkdən çəkindik. O günlərdən yaddaşımda qalan ən təsirli xatirə də məhz budur. Bir nəfərin belə döyüşmək istəmədiyini, qorxduğunu görmədim, eşitmədim. Döyüş vaxtı çatanda hər kəs “Mən” deyirdi. Bu anları heç unuda bilmirəm. Müharibəyə dair hər şey anbaan yadımdadı. Adını evdə, məktəbdə eşitdiyimiz, ancaq heç görmədiyimiz o torpaqlara ayaq basanların ilk biz olduğumuzu bilmək dünyanın ən böyük, heç nə ilə müqayisəolunmaz xoşbəxtliyi idi. Ancaq müharibə müharibədi. Sonunda böyük qələbə də olsa, gözlərimizin qarşısında şəhid olan dostlarımız, qardaşlarımız var. Onların itkisinin yerini doldura bilmərik. Onların qəhrəmanlıqları, torpaqlarımız uğrunda necə mərdanə döyüşdükləri, şərəflə şəhid olduqları bir reallıqdı və heç vaxt unudulmayacaq. Qanlarının yerdə qalmaması isə yalnız və yalnız təsəllimizdi”.
Suqovuşan uğrunda!
Hər an döyüş tapşırığı gözləyən, Hikmət müəllimin də tərkibində vuruşduğu bölmənin ən qanlı döyüşlərindən biri idi o gün. Suqovuşan uğrunda döyüşlər davam edirdi. Minamyot atəşinin ardı-arası kəsilmir, hər partlayış qan axıdırdı. Minamyotun vannası bir tərəfdən, partlayışların yaratdığı güclü təzyiq digər tərəfdən Azərbaycan ordusunun qəhrəman döyüşçülərinin hərəkətini çətinləşdirirdi: “Döyüş əmri alana qədər meşədə qalmışdıq, ordan da döyüşə girmişdik. Ayaqlarım şişmişdi. Artıq hərəkət edə bilmirdim. Oktyabrın 5-də və 6-da bu vəziyyətdə döyüşləri davam etdirməli oldum. Arxaya, sadəcə oktyabrın 8-də qayıda bildim”.
Əmr gözləyirdi, xəbər gəldi
Noyabrın 8-də Şuşanın azad olunması xəbəri elan olundu. Buna baxmayaraq müharibə davam edirdi: “Biz əmr gözləyirdik. Ermənistanın kapitulyasiyasından xəbərsiz əməliyyata hazırlaşırdıq. Bizə bu barədə silahdaşlarımız məlumat verdi. Müharibənin bitdiyini dedilər. Böyük qələbəni görməyən dostlarımız, silahdaşlarımız üçün çox təəssüfləndik. O qədər ağır döyüşlər, ağır itkilər görmüşdük ki. Buna baxmayaraq, qələbə çox şirindi”.
“Laçına qələbə əhvali-ruhiyyəsi ilə daxil olduq”
Beləliklə, Hikmət Əhmədovun döyüş yolu qələbə ilə başa çatıb. Ancaq onun qürur dolu günləri hələ qabaqdaydı: “Laçından düşmən qüvvələri çıxan kimi biz girdik. O torpaqlara qələbə əhvali-ruhiyyəsi ilə daxil olduq. Yanvarın 2-dək orda xidmət elədim”.
Tərxis olunub qayıdanda rütbəsi də, cəmiyyətdəki mövqeyi də dəyişmişdi. O, artıq bir qəhrəman idi. Baş leytenant Hikmət Əhmədov yanvarın 2-də tərxis olunaraq evinə, ailəsinin yanına kapitan olaraq dönüb. Onun həm rütbəsi qaldırılıb, həm də 2 medalla təltif edilib. Hikmət müəllim “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medallarına layiq görülüb.
Təqdirəlayiq kənd müəllimi
Ümumiyyətlə, qeyd edək ki, Aydınqışlaq kənd məktəbinin müəllimi daim təqdir olunub. İstər hərbi vəzifəsinin icrası zamanı, istərsə də müəllim kimi. Məsələn, həqiqi hərbi xidmətdə intizamlı əsgər kimi təltif alıbsa, könüllü olaraq xidmət etdiyi vaxt döyüş hazırlığında, qoşun xidmətinin təşkilində əldə etdiyi nailiyyətlərə görə, müəllim kimi pedaqoji fəaliyyətində fərqləndiyinə görə təltif edilib. İşğaldan azad olunan torpaqlarda həyatın, yaşamağın, inkişafın əsas əlamətlərindən sayılan ilk ağac əkənlərdən olması isə yəqin ki, taleyin ona mükafatıdır.
Ruhiyyə DAŞSALAHLI |
|
25.06.2021 | 13:32 | |
|
|
|