Xocali soyqırımı tariximizin qan yaddaşıdır | |
Naxçıvan Müəllimlər İnstitutunda Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar “Xocalı soyqırımı tariximizin qan yaddaşıdır” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransı giriş sözü ilə açan institutun rektoru, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, professor Oruc Həsənli qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 366-cı rus-sovet motoatıcı alayında cəmləşən 50-dən artıq erməni zabiti, praporşiki və əsgəri rus zabitlərinin hımayəsi altında dinc əhaliyə qarşı qəddarlıq aksiyasını – soyqırımı həyata keçiriblər. Xalqımızın tarixinə ən dəhşətli faciə kimi daxil olan Xocalı qətliamı ilə bağlı ulu öndər Heydər Əliyev demişdir: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir ”. Rektor diqqətə çatdırıb ki, dövlətimizin məqsədyönlü fəaliyyəti nəticəsində artıq dünyanın bir çox aparıcı dövləti Xocalı soyqırımını tanıyıb və bir çoxları da tanımaqdadır. Lakin bununla arxayınlaşmaq olmaz. Dünyanın bütün diqqətini bu faciəyə və bunu törədənlərə cəlb edərək haqq səsimizi bütün sülhsevər ölkələrə çatdırmalıyıq. Çünki dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirirlər. “Xocalı faciəsi xalqımızın qan yaddaşıdır” mövzucunda məruzə edən Naxçıvan Müəllimlər İnstitutunun dosenti, tarix üzrə fəlsəfə doktoru Xəzər Hüseynov bildirib ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə və soyqırım; siyasətinə məruz qalıb. Azərbaycanlıların tarixi dədə-baba torpaqlarından qovulması 1948-1953-cü illərdə – hələ sovet dövründə həyata keçirilib, həmin vaxt 150 000 azərbaycanlı deportasiya siyasətinin qurbanı olub. Bu baxımdan Xocalı soyqırımına ötən illərdə erməni-rus şovinistlərinin birlikdə həyata keçirdikləri vandalizmin davamı kimi baxmaq lazımdır. Xocalıda törədilən cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi cinayəti əsl soyqırımı hadisəsi kimi beynəlxalq aləmdə siyasi-hüquqi qiymətini almalı və günahkarlar – Seyran Ohanyan, Serj Sarkisyan, Robert Köçəryan kimi canilər beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Naxçıvan Müəllimlər İnstitutunun “Məktəb” nəşriyyatının direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent, şair-dramaturq Həsənəli Eyvazlı “Xocalı faciəsi yaddan çıxmayan bir faciədir” mövzusunda çıxış edərək göstərib ki, qədim Xocalı şəhərinin əhalisinə qarşı insanlığa sığmayan bir soyqırımı həyata keçirilib. 7 min əhalisi olan Xocalı şəhərindən əhalinin bir qismi əvvəlcədən çıxarılsa da, qətliama qədər qalan 3000 nəfərə yaxın insanın 613 nəfəri öldürülüb, 1000 nəfərə yaxını əlil olub, 8 ailə tamamilə məhv edilib. Həmin gecə 1275 nəfər dinc sakin girov götürülwb. Öldürülənlər içərisində 106 nəfəri qadın, 63 nəfəri azyaşlı uşaq, 70 nəfəri isə qoca olub. Tədbirin sonunda institutun metodisti S.Kərimli Xocalı soyqırımına həsr edilmiş şeirlər söyləyib. |
|
27.02.2018 | 14:30 | |
|
|
|