Tələbə kreditləri ali təhsilin əlçatanlığını artıracaq, rəqabətliliyi gücləndirəcək | |
İyunun 17-də təhsil naziri Emin Əmrullayev AzTV-nin “Hədəf” verilişində qonaq olub. Verilişdə təhsil naziri ilə 2020-2021-ci tədris ilinin əsas məqamları, Təhsil Tələbə Kredit Fondunun mahiyyəti, ali təhsil sahəsi üzrə icra edilən ikili diplom proqramlarının töhfəsi, həyata keçirilən layihələr, müəllimlərin işə qəbulu və digər suallar ətrafında söhbət aparılıb.
- İnsan kapitalının səmərəli isifadəsi həmişə inkişafı təmin edir. Və bu istiqamətdə demək olar ki, gecə-gündüz və hər zaman mübarizə gedir. Əlbəttə, bu məsələnin həlli həm də qlobal inkişafa öz müsbət təsirini göstərir. Ancaq insan kapitalının səmərəsinin təminatı ilk növbədə təhsil sistemində öz həllini tapır. Təsadüfi deyil ki, təhsil sisitemi həmişə islahatlara möhtacdır. Hər il demək olar ki, bu sahədə yeni-yeni tapıntılar öz əksini tapır. Və eləcə də bizim ölkəmizdə də bu məsələyə çox böyük diqqət yetirilir. İlk növbədə ölkə Prezidenti İlham Əliyev ümumiyyətlə, konseptual inkişaf proqramında təhsil məsələsinə öncül bir münasibət bildirir. Təbii ki, təhsil ili bitdikdə hesabat vaxtı gəlir. Və biz artıq yeni bir səhifəyə qədəm qoymazdan əvvəl arxada qalan ilə nəzər salırıq. Bugünkü poqramımızın qonağı Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayevdir.
Təhsil Tələbə Krediti Fondunun yaradılması ali təhsil sistemində ciddi dəyişikliklərə səbəb olacaqdır
- Düşünürəm ki, bu günləri sizin əhvali-ruhiyyəniz çox yaxşı olmalıdır, çünki bir neçə saat əvvəl dövlət başçısı İlham Əliyev yeni bir fərmana imza atmaqla artıq Təhsil Tələbə Krediti Fondunun yaradılmasını təmin edib. Təbii ki, bu, ürəkaçan xəbərdir. Bizim ölkəmizdə çoxsaylı tələbə ordusu var və bu, onların sevincinə səbəb ola biləcək bir yenilikdir. İstərdim ki, söhbətimizə ilk olaraq elə bu məsələdən başlayaq. Siz ümumiyyətlə, bu Fonddan nə gözləyirsiniz və konseptual baxımdan bu, bizim tələbələrə nələr vəd edir? - Təşəkkür edirəm ki, bu verilişə Təhsil Tələbə Krediti Fondunun bu gün təsis edilməsi, eləcə də tədris ilinin yekunları ilə bağlı fikirlərimi bildirmək üçün dəvətliyəm. İlk öncə onu qeyd edim ki, ölkə Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” imzalanan Fərman Azərbaycan təhsili üçün çox əhəmiyyətli bir hadisədir. Çünki bütün dünyada bildiyiniz kimi təhsil kreditləri var. Əsas məqsəd, təbii ki, ilk növbədə təhsilin keyfiyyətinin artırılmasına, əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, bu sahədə mövcud olan bir sıra sosial problemlərin həllinə nail olmaqdır. Sosial problemlər dedikdə, bilirik ki, bir çox hallarda tələbələr və yaxud tələbə adını qazanmaq istəyən abituriyentlər ali təhsil müəssisələrinə qəbul olunsalar da ailələrinin və ya özlərinin maliyyə imkanları onlara ali təhsil almağa müəyyən qədər imkan vermirdi.
Məlumdur ki, ölkə başçısı İlham Əliyevin müvafiq tapşırıq və sərəncamları ilə ali təhsil müəssisələrinə qəbul planında dövlət sifarişli yerlərin sayı artmaqdadır. Son dövrdə koronavirus pandemiyası ilə bağlı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvləri olan tələbələrə göstərilən dəstəyi də nəzərə alsaq, təxminən 50 faizdən çox gənc dövlət hesabına təhsil alır.
Təhsilin maliyyələşməsi həmişə şaxələnməlidir, müxəlif alətlərlə ölçülü olmalıdır. Və dünyanın ən qabaqcıl təcrübələrini özündə birləşdirən təhsil tələbə kreditlərinin ölkəmizdə də artıq mövcud olması düşünürəm ki, tələbələrimiz, bütövlükdə Azərbaycanın ali təhsil sisitemi üçün yeni imkanlar açacaq. Əsasən də bu, keyfiyyətin yüksəldilməsi, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək baxımından xüsusi əhəmiyyət kəsb edir.
İstərdim ki, qısa olaraq ölkə Prezidentinin müvafiq fərmanı ilə yaradılmış Təhsil Tələbə Krediti Fondu, onun mahiyyət ilə bağlı bəzi məlumatları diqqətə çatdırım. Tələbə kreditlərinin ödənişli təhsil alan tələbələrə verilməsi nəzərdə tutulur. Bu kreditlər 2 qrup üçün nəzərdə tutulur. Birinci qrupda əsasən sosial həssas qrupdan olan tələbələr nəzərdə tutulur. Biz 3-5 illik istehlak kreditlərindən yox, təhsil müddətini bitirdikdən sonra müəyyən möhlət hüquqları olmaqla 20 ili əhatə edəcək müddət haqqında danışırıq. Yəni, tələbəyə ali təhsil müəssisəsini bitirdikdən sonra 20 il ərzində həmin krediti hissə -hissə Fonda qaytara bilmək imkanı yaradılacaqdır. Və bu kreditlərin illik faiz dərəcəsinin kifayət qədər çox aşağı olması nəzərdə tutulur.
İkinci qrup isə standart kredit olacaqdır. Bu isə daha çox təhsildə keyfiyyəti artırmaq məqsədi daşıyır. Və tələbələrin müvafiq ümumi orta müvəffəqiyyət göstəricisi və yaxud belə deyək, təhsil nailiyyətlərinə uyğun olaraq həmin kreditlərin verilməsi nəzərdə tutulur. Bu, tələbənin bütün təhsil haqqısını və ya bir hissəsini əhatə edə bilər. Təhsil Tələbə Krediti Fondunun nizamnamə kapitalı 80 milyon manat nəzərdə tutulub. Yeni tədris ilindən etibarən tələbələrimiz tələbə krediti ala biləcəklər. Onu da qeyd edim ki, aidiyyəti dövlət qurumları ilə ilkin müzakirələrimizdə müvəffəqiyyət göstəricisi yüksək olan tələbələrə həmin kreditin həm əsas hissəsinin, həm də faizlərinin, belə deyək, güzəşt edilməsi də nəzərdə tutulur. Bu da tələbələrə yaxşı oxumağa stimul yarada biləcək amillərdəndir. Bu kredit kommersiya xarakteri daşımır. Yəni, dövlət tələbələrə kömək edir. Eyni zamanda da bu dövrülüyü təmin etmək və vətəndaş məsuliyyətini də xatırlatmaq məqsədi daşıyır. Təhsil rəqabətliliyi sevir. Rəqabət olmadığı təqdirdə keyfiyyətdən danışmaq olmur. Bu mənada tələbə kreditləri ali təhsilin əhatəliliyini və əlçatanlığını artırmaqla bərabər, rəqabətliliyi də gücləndirəcəkdir.
- Əslində bu innovativ yanaşmadır. - Bu Fərmanın da mətnindən göründüyü kimi, əsas məsələ təhsilin keyfiyyətini, əhatəliliyini təmin etmək, o cümlədən də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvləri olan gənclərə ali təhsil almaq imkanını yaratmaqdır. Azərbaycanda hardasa orta hesabla təxminən 180 minə yaxın tələbə olarsa, hətta növbəti illərin proqnozunu da nəzərə alsaq, bu, 200 minə yaxın tələbə deməkdir. Onların müəyyən hissəsi bayaq qeyd etdiyim kimi, dövlət tərəfindən verilən imtiyazlardan istifadə edir. Bu gün verilmiş fərmana müvafiq olaraq yerdə qalan digər tələbələr də artıq tələbə kreditlərindən faydalana bilər. Və bir daha xatırlatmaq istərdim ki, bu, uzunmüddətli, güzəştli, faiz dərəcəsi kifayət qədər az olan, hər hansı bir mənfəət məqsədi güdülməyən kreditlərdir. Məqsəd dövlətin yaratdığı imkanların çeşidlərini daha da artırmaq, növbəti dəfə tələbələrə kömək etmək və daha çox Azərbaycan gəncinə təhsil almaq imkanı yaratmaqdır.
Mən bu gün sosial mediada baxdım. Bəzi hallarda kənara belə çıxmalar var. Yəni, tələbə kreditləri məcburi deyil, könüllüdür. Bu, seçim mənasında daha əlavə imkan deməkdir. Və mən fürsətdən istifadə edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təhsil ictimaiyyəti və çoxminli tələbə ordusu adından təşəkkürümü bildirirəm.
Azərbaycan təhsilinin məzmununu, Azərbaycan müəlliminin, gəncinin gələcəyini dəyişən il
- Artıq daha bir tədris ili arxada qaldı. Yəni 2020-2021-ci tədris ili tarixə qovuşur. Və yəqin ki, nəticələr var. Qısaca olaraq yola saldığımız tədris ilini necə xarakterizə edərdiniz? Bu haqda fikirlərinizi bilmək istərdik. - Son tədris ilimiz bildiyiniz kimi, kifayət qədər fərqli, müxtəlif hisslərlə, zəngin hadisələrlə yadda qalmaqla yanaşı, ən əsası 2020-ci il Azərbaycanın tarixi qələbəsi, zəfər qazandığı bir il oldu. Eyni zamanda da yaşadığımız koronavirus pandemiyası dövründə biz mütəmadi olaraq məktəblərin açılması və bağlanmasını müşahidə etdik. Yəni bir tərəfdən, bu il bizim növbəti təhsil və tədris illərimizi kökündən dəyişən bir il oldu. İstər təhsilin məzmunu, təhsil ocaqlarımızda tərbiyə mövzusu, istər vətənpərvərlik və milli dəyərlərimizin, Qarabağ zəfərindən irəli gələn məsələlərin ümumtəhsil məktəblərində, ali təhsil müəssisələrində yeniyetmə və gənclər arasında təşviqi baxımından. Yola saldığımız tədris ili Azərbaycan təhsilinin məzmununun, Azərbaycan müəlliminin, gəncinin gələcəyini dəyişən təhsil ili oldu. Və bu, çox vacib bir məsələdir. Eyni zamanda da bildiyiniz kimi, biz təhsil ilinə hibrid formada başladıq. Sonra 44 günlük Vətən müharibəsində düşmən tərəfindən sərhəd və cəbhəyanı bölgələrin raket atəşinə tutulması nətcəsində biz 1400-ə qədər məktəbdə ümumiyyətlə, təhsilə fasilə verməli olduq. Ondan sonra COVID-19 pandemiyasından irəli gələrək çox uzun bir müddətdə- oktyabrın 15-dən fevralın 1-nə qədər bütün ölkə ərazisində məktəblər tamamilə distant təhsilə keçdi. Fevral ayından başlayaraq biz yenidən hibrid təhsilə qayıtdıq və aprel ayına qədər Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda ümumtəhsil müəssisələrində belə davam etdik. Sonra yenə də distant təhsilə keçdik. Tədris ilinin ikinci yarım illiyində qeyd etdiyim bölgələr istisna olmaqla digər şəhər və rayonlarda həftənin bəlli günləri də olsa heç olmasa təhsili ənənəvi formada təşkil edə bildik.
Birmənalı olaraq deyim ki, koronavirus pandemiyası təhsilə, uşaqlarımıza, böyüməkdə olan gənc nəslə öyrənmə baxımından ciddi zərər vurub. Bunun hələ ki, ölçülməsini tam müəyyən edə bilmirik. Çünki bu öyrənməni ölçmək kifayət qədər mürəkkəb bir prosesdir. Akademik biliklərin öyrədilməsi, uşaqlara çatdırılması nöqteyi-nəzərdən bizim müəyyən planlarımız var və düşünürəm ki, müəyyən fəaliyyət nəticəsində müəyyən dərəcədə zərərləri aradan qaldıra bilərik və bu, bizim ən önəmli prioritetimiz olmalıdır. Həm bizim, hər bir təhsil işçisinin, həm də valideynlərin və təhsildə iştirak edən hər bir insanın. Bu itirilmiş öyrənməni biz necə bərpa edəcəyik? Özü də uşaqların sosial-emosional inkişafı, onların evdə qalması, öyrəşmədikləri, adət etmədikləri bir öyrənmə formasında öyrənməyə məcbur olmasını nəzərə alsaq. Təbii ki, bu prosesin mənfi və müsbət tərəfləri var. Mənfi tərəflərindən əgər söz açsaq birmənalı olaraq biz deyə bilmərik ki, koronavirus pandemiyası Azərbaycan təhsilini və ya dünya təhsilini irəliyə doğru apardı. Amma onu da deyim ki, innovasiyaları və yenilikləri məcburi olaraq və ehtiyacdan irəli gələrək qəbul etməklə üz-üzə qaldıq. Və sadəcə onu xatırladım ki, 1 milyon 400 mindən artıq şagird, 128 mindən artıq müəllim Azərbaycanın onlayn təhsil platformasına qoşuldu. Müəllimlərimiz yenə də adət etmədikləri, amma çox böyük bir fədakarlıqla həmin distant təhsil zamanı çalışdılar ki, şagirdlərimizə tədris etdikləri fənlər üzrə bilikləri çatdırsınlar. Nə qədər çətin və ağır olsa da mənə belə gəlir ki, bu tədris ilimizdə öyrənmə baş verdi. Sözün başqa bir anlamında öyrəndik ki, insan sağlamlığı nə qədər önəmli və dəyərlidir. Biz eyni zamanda onu da öyrəndik ki, birlikdə göstərdiyimiz həmrəylik nəticəsində bir çox problemlərin öhdəsindən gələ bilirik.
Məqsədimiz sentyabrın 15-i ənənəvi təhsilə qayıtmaqdır. Bununla bağlı vaksinasiya bizim əsas alətimizdir. Vaksinasiya yeganə yolumuzdur ki, pandemiya ən qısa zamanda bitsin. Həm müəllimlərimiz, şagirdlərimiz, bütövlükdə cəmiyyətimiz normal həyata qayıtsın.
Ənənəvi təhsilə qayıtmağın yolu vaksinasiyadır
- Bildiyimizə görə artıq Azərbaycan müəllimlərinin əksəriyyəti peyvənd olunub. Yəqin ki, bu növbəti tədris ili üçün yeni imtiyazlı vəziyyət deməkdir. - Bəli. Bu günə olan statistikaya əsasən deyə bilərəm ki, ümumi təhsil müəssisələri üzrə 122 min 348 təhsil işçisi vaksinasiyanın hər iki mərhələsindən keçib. Bu, kifayət qədər böyük rəqəmdir. Bu rəqəmə təhsil müəssisələrində fəaliyyət göstərən texniki işçi heyəti də daxildir. Bir qisim insan artıq koronavirusa yoluxduğu üçün onlarda virusa qarşı immunitet formalaşıb, digər bir qisim isə müvafiq xəstəliklər səbəbi ilə vaksinasiya oluna bilməyiblər.
Çox az sayda müəllimlərimiz var ki, vaksinasiyadan imtina edib. Ancaq düşünürəm ki, növbəti müddətdə biz onları vaksinasiyanın vacibliyinə inandıra bilməyə müvəffəq olacağıq. Çünki bu, ilk növbədə onların şəxsi sağlamlığı üçün vacibdir. Gec və ya tez tədris bərpa olunacaq və vaksinasiya olunmayan şəxslər daha böyük risklə üzə-üzə qala, digər insanlara da risklər yarada bilərlər.Təbii ki, yenə də qeyri-müəyyənliklə üz-üzəyik. Son günlər COVID-19 infeksiyasına tutulanların sayı azdır və bu, bizi sevindirir. Pandemiyanın bu mərhələsində əlverişli mühit yaranıb, amma nəzərə alaq ki, qabaqdan bizi payız ayları gözləyir. Yəni söylədiyim kimi kifayət qədər qeyri-müəyyənliklər yenə də var. Amma biz çox ümidliyik.Və inandığımız budur ki, ənənəvi təhsilə qayıtmağın yolu vaksinasiyadır.
Onu da qeyd edim ki, yaşadığımız pandemiya səbəbindən ali təhsil demək olar ki, distant təhsil üzərində quruldu. Biz tədris ilinin yalnız sonlarına doğru 10-20 faiz tələbələri praktik məşğələlərə gətirə bildik. Azərbaycan Dövlət Tibb Universitetinin son kurs tələbələri üçün praktik məşğələləri, üzbəüz təhsili təşkil etdik.
Çox arzulayırıq ki, təhsilin bütün pillələrində dərslər ənənəvi formada bərpa olunsun. Xüsusilə aşağı, ibtidai siniflərdə uşaqlar bir-biri ilə ünsiyyətdə olsun. Bu, çox vacib bir məsələdir.
İkili diplom proqramları, innovativ layihələr
- Ümumiyyətlə, ilin ağır olduğundan bəhs etdiniz. Amma bu il ərzində siz bir neçə innovativ proqramlar, layihələr həyata keçirdiniz. Həm də ikili diplom proqramları üzrə müəyyən işlər görülüb. İstərdik ki, bu barədə söz açasınız. - Çətinliklərə baxmayaraq təhsil davamlı bir prosesdir və daim inkişafdadır. Sualınıza cavab olaraq bildirim ki, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində hazırda dünyanın 3 aparıcı universiteti ilə bizim ikili diplom proqramımız var. İkili diplom proqramını çox sadə şəkildə izah etsək, Azərbaycanlı tələbələr, vətəndaşlarımız ölkəmizdə oxumaqla bərabər xarici ölkələrin ali təhsil müəssisəsinin, o cümlədən təhsil aldığı yerli ali təhsil müəssisəsinin diplomlarını da alırlar. 2020-2021-ci tədris ili üzrə ABŞ-ın Corc Vaşinqton Universiteti (CVU) ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Təhsil və insan kapitalı inkişafı” ixtisası istiqaməti üzrə magistratura, ABŞ-ın Corc Vaşinqton Universiteti (CVU) ilə ADA Universitetinin “Kompüter elmləri və verilənlərin təhlili” ixtisası istiqaməti üzrə magistratura, Cənubi Koreya Respublikasının İnha Universiteti ilə Bakı Mühəndislik Universitetinin mühəndislik ixtisasları istiqaməti üzrə bakalavriat səviyyələrində beynəlxalq ikili diplom proqramları həyata keçirilib.Biz həmçinin doktorantura təhsili alan tələbələrin də xaricdə təhsilini təmin edirik ki, bu da ali təhsilin rəqabətliliyini təmin etmiş olur.
Mən fürsətdən istifadə edib digər innovativ layihələr haqqında da məlumat vermək istərdim. Ən böyük layihələrimizdən biri həm Azərbaycan Dövlət Televiziyası, həm də digər kanalların efir vaxtından istifadə etməklə geniş tamaşaçı kütləsinə təqdim etdiyimiz teledərslərin yayımlanmasıdır. 9500 -dən artıq teledərs şagirdlərimizin ixtiyarına verilib. Pandemiya dövründən sonra da istər şagirdlərimiz, istərsə də müəllimlərimiz bu dərslərdən yararlana bilərlər. Azərbaycanın ən qabaqcıl, savadlı müəllimlərinin təqdimatında hər bir fənn üzrə dərslər çəkilərək göstərilir. Həqiqətən də burada keyfiyyətli tədris nümunələri var.
STEAM Azərbaycanda uğurla tətbiq olunur
Hazırda dünyanın bir sıra inkişaf etmiş ölkələrinin təhsilində aparıcı yer tutan STEAM Azərbaycanda da uğurla tətbiq olunmaqdadır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və Təhsil Nazirliyinin dəstəyi ilə 2019-2020-ci tədris ilinin əvvəlindən STEAM layihəsinin məktəblərimizdə tətbiqinə başlanılıb. Bu, yeni innovativ, inteqrativ məzmundur. Layihənin əsas məqsədi respublikanın ümumtəhsil məktəblərində təhsil alan şagirdlərdə XXI əsr bacarıqlarını - kreativlik, tənqidi düşünmə, əməkdaşlığın inkişaf etdirilməsi, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltməkdir.
Bakıda, eləcə də Azərbaycanın bir sıra bölgələrində STEAM mərkəzləri yaradılıb. Yaxın günlərdə növbəti STEAM mərkəzi Gəncə şəhərində istifadəyə veriləcək. Və bu ilin sonuna qədər biz artıq bu mərkəzlərin sayını 15-ə çatdırmağı düşünürük.
Bizim bu il 100 mindən artıq uşağımız ümumtəhsil məktəbində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarını bitirdi. 85 mindən artıq XI sinfi bitirən gənclərimiz buraxılş imtahanlarını verib, ali təhsil almaq istəyir.
Təhsil sistemi inkişaf edir və biz yeni şəraitə uyğunlaşmağa, yeniliklərlə təhsilin keyfiyyətini artırmağa çalışırıq.
Peşə təhsilinə gələn gənclərin sayı artıb
- Emin müəllim, yeniyetmələrimizdə təhsillə bərabər həm də peşə öyrənmək meyilləri hiss olunmaqdadır. Yəqin ki, bu istəkləri hardasa müvafiq bir tərzdə qarşılamaq lazımdır.Bununla bağlı Təhsil Nazirliyi hansı işləri görür? - Yəni ümumilikdə yaxşı xəbər odur ki, ali təhsillə yanaşı, son dövrlərdə peşə təhsilinə olan maraq artıb. Təkcə ötən il 14 mindən çox gəncimiz peşə təhsilinə yiyələnmək üçün müraciət edib. Ötən illə müqayisədə peşə təhsili almaq istəyən şəxslərin sayında 27 faiz artım müşahidə olunub. Peşə təhsili ümumiyyətlə, iqtisadiyyatın inkişafında həm iş tapmaq, həm müəyyən mənada hər bir adamın ixtisasa yiyələnməsi baxımından çox vacib bir təhsil pilləsidir.
Azərbaycanda son dövrlərdə ən innovativ və yüksək infrastruktura malik bir çox yeni peşə təhsili müəssisələri tikilmişdir, tikilməkdədir və gələcəkdə də istifadəyə verilməsi planlaşdırılır. Məsələn, hal-hazırda Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında biz 8 ən müasir peşə ixtisaslarını Azərbaycan vətəndaşlarına təqdim etmək iqtidarındayıq. Bundan başqa, bölgələrimizdə peşə məktəbləri kifayət qədər maraqlı məzmun verir. Həm kənd təsərrüfatı, xidmət, həm belə deyək turizm və s. sahələrdə. Hazırkı dövrdə regionlarımızda peşə təhsilinin inkişafı önəmli yer tutur, gənclərimizin müasir tələblərə cavab verən təhsil müəssisələrində müxtəlif peşə ixtisaslarına yiyələnməsi onlara müəyyən imkanlar yaradır.
Biz ümumiyyətlə, cəmiyyət və vətəndaşlar olaraq təhsilə inanmalıyıq. Bilməliyik ki, təhsil insanların həyatını yaxşıya doğru dəyişən ən qısa yoldur. Ola bilər ki, kimsə müəyyən səbəblərdən ali təhsil ala bilmir. Amma heç olmasa müəyyən ixtisasa yiyələnməsi mütləqdir. Və hazırda Təhsil Nazirliyi bu tələbi yerinə yetirmək iqtidarındadır. Qeyd edim ki, bu il də peşə təhsili müəssisələrinə qəbul elektron ərizə əsasında həyata keçiriləcək.
Mən bir qədər yüksək texniki peşə təhsilinin imkanlarına da toxunmaq istərdim. Bu, nə deməkdir? Yüksək texniki peşə təhsili peşə təhsilinin ən yüksək səviyyəsidir və bu səviyyəni bitirən tələbələrə subbakalavr dərəcəsi verilir. Bununla peşə təhsili müəssisələrinin tələbələri üçün təhsillərini davam etdirmək və ali təhsil almaq baxımdan yeni perspektivlər açılır. Gənclərimiz subbakalavr dərəcəsi alıb ali təhsil müəssisəsinə qəbul olmaq imkanı qazanırlar. Gördüyünüz kimi, Azərbaycan höküməti peşə təhsilindən ali təhsilə gedən yolu da son illər ərzində asanlaşdırıb. Ali təhsilə əlçatanlıq təmin olunub. Mən ona görə də Azərbaycan yeniyetmələrini, gənclərini təhsilə, oxumağa, öyrənməyə daha çox meyil etməyə çağırıram.
Onu da deyim ki, bu il bizim ümumtəhsil müəssisələrində peşə təmayüllü siniflərin ilk məzunları oldu. Təxminən 35 məktəbdə bizim hər məktəbdə bir sinif olmaqla 700-ə qədər məzunumuz oldu. Bu, nədir? X-XI sinif şagirdləri üçün nəzərdə tutulan peşə təmayüllü sinifləri həmin ərazinin xüsusiyyətlərinə uyğun peşə ixtisasları üzrə müəyyən baza peşə biliklərini onlara çatdırmaq üçün təşkil etmişdik. Çox maraqlı nəticələr əldə olundu. Çünki artıq uşaqlar məktəbin ərazisində olan sahədə hətta bəzi meyvə və tərəvəzlərin becərilməsində bilavasitə iştirak edirdilər. Yəni ilkin ola bilər ki, bunlar ciddi səslənməsin. Amma heç olmasa onlar kənd təsərrüfatı və ya digər peşələr üzrə ilkin bacarıqlar əldə edirlər. Həmin gənclərdə artıq motivasiya yaranır ki, növbəti mərhələdə təhsilini davam etdirsin. Biz həmin məzunlarımızı məhz peşə təhsili müəssisələrində təhsil almağa təşviq edirik.
Müəllimlik rəqabətli bir peşə sahəsinə çevrilib
- Təhsil sisiteminin qarşısında duran ən ağrılı problemlərdən biri də müəllim məsələsidir. Ümumiyyətlə, təhsilin müqəddəratını müəllim zümrəsi həll edir. Artıq ölkəmizdə müəllimlərin işə qəbulu ilə bağlı müsabiqə sistemi qüvvədədir. Onun nəticələrini necə dəyərləndirirsiniz? - Bu il biz rekord sayda müsabiqdə iştirakçısı görürük.Yəni bu gün artıq 60 minə qədər insan müəllim olmaq üçün müsabiqəyə müraciət edib. Bu, olduqca böyük rəqəmdir. Nəzərə alsaq ki, Azərbaycan təhsil sistemində ən azı 150 min müəllim işləyir və 60 min insan da hazırda müəllim işləmək üçün müraciət edirsə, bu, bütövlükdə Təhsil Nazirliyi üçün yaxşı xəbərdir. O mənada yaxşı xəbərdir ki, biz müəllim peşəsinin nə qədər rəqabətli olduğunu görürük. 8-9 min vakant yerdən danışırıq və 60 min müraciət edən insan arasından qeyd etdiyim sayda müəllim olmaq istəyəni seçmək o qədər də asan deyil.Təxminən 7-8 il bundan əvvəl həmin sayda vakant yerə 18 min insan müraciət etmişdi. Gördüyünüz kimi, müəllimlik kifayət qədər rəqabətli bir peşə sahəsinə çevrilib.Və təbii ki, rəqabət olan yerdə inkişaf olur. Eyni zamanda bu, həmin insanların müəllimlərin işə qəbulu müsabiqəsinə olan inamını göstərir. Çünki 60 min adam bu prosesdə iştirak edirsə, burada imtahanların şəffaf və ədalətli keçirilməsi olduqca vacibdir. Ümumtəhsil müəssisələrində müəllim işləmək arzusunda olanların bir yolu var ki, o da müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək lazım olan balı toplamaqdır. Və artıq neçə illərdir ki, Təhsil Nazirliyi bununla bağlı ciddi işlər görür. Bizim də istədiyimiz ondan ibarətdir ki, Azərbaycanın hər bir məktəbində savadlı,yüksək bilik və bacarığı ilə fərqlənən, səriştəli müəllimlərin olmasını təmin edək.Yenə də çalışdığımız ondan ibarətdir ki, müəllimlərin işə qəbulu üzrə imtahanların məzmununu, müsabiqənin seçim kriteriyalarını, daha çox belə deyək, məktəbin, gələcəyin reallıqlarına, şagirdlərə yönəlik istiqamətlərə yönləndirək. Bu il koronavirus pandemiyasını nəzərə alaraq çox dəyişikliklər etmədik. Ötən il olduğu kimi müsabiqənin test imtahanlarının bu il də Bakı ilə yanaşı, regionlarda təşkili nəzərdə tutulmuşdur. Düşünürəm ki, ildən-ilə bizim imtahanlar daha da təkmilləşir, sualların məzmunu, əhatəliliyi artır.
“Yay məktəbi” - hər fəsildə öyrənmək
- Ən böyük maraq doğuran layihələrdən biri də “Yay məktəbi” dir. Bildiyimizə görə 300 mindən artıq şagird qeydiyyatdan keçib. Ümumiyyətlə, bu layihə nə vəd edir? Onun üstünlükləri nədən ibarətdir və uşaqlar burada nə əldə edəcəklər? - İstərdim ki, “Yay məktəbi” nin mahiyyətinə toxunum. “Yay məktəb”ləri könüllü və ödənişsizdir. Məqsəd ondan ibarətdir ki, biz Təhsil Nazirliyi olaraq Azərbaycan uşaqları, məktəbyaşlı təhsil alanlar üçün arası kəsilmədən öyrənmək təşkil etmək istəyirik. Və bu, olduqca vacibdir.
Bilisiniz, öyrənmək yalnız hansısa akademik bilikləri mənimsəmək, hansısa düsturları və ya şeirləri əzbərləmək deyil. Öyrənmək həm də insanlarla ünsiyyətdə olmaq, sosial-emosional inkişaf deməkdir. Nəzərə alaq ki, bizim uşaqlarımız çox böyük bir müddətdə evdə qaldılar, bir-biriləri ilə ünsiyyətdə olmadılar. Təhsil Nazirliyi tərəfindən bu, əlavə bir imkandır. Yəni valideyn bunu qəbul edə və ya imtina da edə bilər. Yəni bizim vermək istədiyimiz mesaj ondan ibarətdir ki, havanın soyuq və ya isti, yağışlı və ya qarlı olmasına baxmayaraq hər fəsildə öyrənmək gözəldir. Önəmli olan məsələ öyrənmə prosesinin davamlı, arası kəsilmədən olmasıdır. Ola bilər ki, valideynlər müəyyən səbəblərdən övladlarını “Yay məktəbi” nə qoymasınlar. Bu seçim də var və biz buna hörmətlə yanaşırıq. Amma 300 min Azərbaycan şagirdinin bu gün məktəbə gəlib, müxtəlif innovativ məzmunla tanış olması, öyrətdiyimiz yolla öyrənməyi bacarmayan uşaqlara onların öyrənəcəyi yolla öyrətmək çox maraqlıdır. Ayrı -ayrı ümumtəhsil müəssisələrinin “Yay məktəb”indən çəkilən videolara siz də, mən də baxıram. Burada müxtəlif fənlər, eləcə də sahələr üzrə uşaqlarla aparılan işlər olduqca diqqətçəkəndir. Bu videolarda çox maraqlı səhnələr yer alıb. Uşaqlar müxtəlif rəsmlər çəkir, açıq havada öyrənir, bir-birləri ilə ünsiyyətdə olurlar, müxtəlif bacarıqlara yiyələnirlər. Bu, çox yaxşıdır. Həmişə bir uşağın digər uşaqla ünsiyyətdə olaraq nəsə öyrənməsində bir fayda var. İnanırıq ki, gələcəkdə də bizim belə təşəbbüslərimiz olacaq və valideynlər daha böyük həvəslə “Yay məktəb”lərinə uşaqlarını göndərəcəklər. Hətta göndərməsələr belə, mənim valideynlərə tövsiyəm odur ki, yay ərzində övladlarını bacardıqca müxtəlif yerlərə aparsınlar. Nə qədər uşaqlar ətraf mühitə daha çox cəlb olunarlarsa bir o qədər də uşaqların öyrənmə , dünyagörüşünün, onların gələcəkdə müstəqil davranma bacarıqlarının artması imkanları genişlənər. Bu, olduqca vacibdir. Uşaqlar hansısa bir şəkildə onlara bilik vermək üçün bir varlıq deyillər. Onlar canlıdırlar, öyrənəndirlər. Və onlar o vaxt öyrənirlər ki, ətraf mühitlə ünsiyyətdə olurlar. Burada ana söz öyrənmə mühitidir. Bu öyrənmə mühitini həm məktəbdə, evdə, həm də digər ailələrlə birlikdə təşkil etmək olar. Hər bir mühit öyrənmə mühitidir və valideynlər öz övladlarının imkan daxilində belə deyək, rəngarəng öyrənmə mühitində olmalarına çalışmalıdırlar. Bu, heç də həmişə maliyyə tələb etmir. Sadəcə olaraq övladlarımızla birlikdə vaxt keçirmək, evdə oynamaq belə onların öyrənməsinə müsbət təsir edir və biz təhsil sistemi olaraq öyrənməni məhz burdan başlamalıyıq.
Öyrənmə həvəslə, motivasiya ilə bağlıdır
- Və bir də ki, öyrədənlər özləri öyrənməyə həmişə maraqlı olsunlar. - Fikrimcə, biz öyrədən sözünə bir az ehtiyatla yanaşmalıyıq. Çünki kimsə öyrənmək istəmirsə, onu müəllim və ya fərqi yoxdur istənilən bir şəxs nə qədər çalışsa da öyrədə bilməyəcəkdir. Öyrənmə həvəslə, motivasiya ilə bağlıdır. Bəlkə də öyrədənin əsas işi biliyi transformasiya etmək , ötürmək yox, öyrənməyə həvəs oyatmaq və bunun üçün imkan və mühit yaratmaqdır. Bu mənada müəllim də, valideyn də, hər bir ətrafda olan insan bu öyrənmə mühitinə müsbət mənada bir qatqı qatmalıdır.
Növbəti tədris ilinə ZƏFƏR qazanmış xalqın təhsil işçiləri kimi başlayacağıq
- Söhbətimizin sonunda bilmək istərdik ki, başa vurduğumuz tədris ili çox ağır, çətin olsa da üstünlüklər əldə etmək mümkün oldumu? Bəzi üstünlüklər ki, onlar artıq yeni dərs ilində bizə yararlı olacaq. - Belə bir deyim var: Hər bir çətinlk bizi bir az da möhkəmləndirir. O, mənada mən əminəm ki, təhsil sisteminin üzləşdiyi çətinlikləri biz birlikdə dəf etməyi bacarırıq. Hazırda təhsilin istər əlçatanlığı, istər keyfiyyətinin artırılması istiqamətində çox mühüm işlər gedir. Elə götürək, söhbətimizdə əsas yer verdiyimiz ölkə başçısı tərəfindən bu gün imzalanmış “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmanını. Fond 30-40 min tələbəyə daha asan maliyyə əldə etmək imkanı yaradacaq. Bu, həqiqi mənada böyük və çox əhəmiyyətli bir dəyişiklikdir.
Azərbaycan məktəblərində hal-hazırda innovativ məzmun genişlənir. Biz növbəti illərdə “Rəqəmsal bacarıqlar” layihəsi ilə artıq 160 min şagirdi əhatə etmək istəyirik. STEAM təhsili ilə bağlı 100 min şagirdin əhatə olunmasını planlaşdırırıq, peşə təhsilinin də əhatəliliyini artırmaq istəyirik. SABAH magistraturası ilə bağlı maraqlı proqramlar, müasir ixtisaslar var. Sentyabrın 15-dən bu ixtisaslar üzrə gənclərimizin təhsil almasını planlaşdırırıq. Yəni yeniliklər həmişə var və çoxdur. Ən önəmlisi isə biz artıq növbəti tədris ilinə müstəqillik tariximizdə ilk dəfə olaraq zəfər qazanmış, torpaqlarımızı işğaldan azad etmiş xalqın nümayəndələri, təhsil işçiləri kimi qatılacağıq. Və mən fürsətdən istifadə edib bu ZƏFƏR, QƏLƏBƏ sevincini bizlərə yaşadan Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevə, Müzəffər Ordumuza təhsil işçiləri adından bir daha minnətdarlığımı bildimək istəyirəm.
- Çox sağ olun. Müsahibəyə görə sizə təşəkkürümüzü bildirir, uğurlar arzulayırıq. Təhsil sistemi elə bir sahədir ki, o özü mütləq şəkildə inkişaf etməlidir. Çünki özü inkişaf etməsə müsbət təsirlərini digər sahələrə göstərə bilməz. Çox fərəhləndirici bir haldır ki, sizin rəhbərlik etdiyiniz Təhsil Nazirliyi, bu qurumun əməkdaşları, təhsil işçiləri bax bu inkişafa olan ehtiyacı duyurlar, hiss edirlər və təbii ki, təhsil sahəsində görülən işlər öz müsbət nəticələrini göstərəcəkdir. |
|
25.06.2021 | 09:07 | |
|
|
|