“Yeni dil öyrənərsən yeni ruh qazanarsan” | |
Müasir dövrün reallıqları təhsil sahəsində çalışanların kommunikativ və ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi zəruriliyini şərtləndirir. Ünsiyyət bacarıqlarından söhbət düşəndə isə, ilk növbədə, ingilisdilli müəllimlər və onların səriştə və bacarıqlarının təkmilləşdirilməsi önə çıxır. Son illərdə ingilis dilinin əhəmiyyətinin daha da artması isə bu sahənin müəllimlərindən çeviklik, xüsusi qabiliyyətlər tələb edir.
Elə bu zərurəti nəzərə alan ölkəmizin ilk ingilisdilli qeyri-hökumət təşkilatlarından olan İngilis Dili Müəllimləri Birliyi (AzETA) artıq bir neçə ildir ki, nüfuzlu beynəlxalq ekspertlərin iştirakı ilə müəllimlərimiz üçün konfranslar təşkil edir. Növbəti belə konfranslardan biri iyunun 23-24-də Xəzər Universitetinin Dünya məktəbində təşkil olunmuşdu. Müəllimlərimizin xüsusi fəallığını müşahidə etdiyimiz tədbiri AzETA-nın təsisçisi və prezidenti Rəqsanə Məmmədova açaraq iştirakçıları salamlayıb və belə bir konfransın təşkilinə göstərdiyi dəstəyə görə Xəzər Universitetinin rəhbərliyinə minnətdarlıq edib.
Azərbaycanı özünə doğma hesab edən Con Silver
Tədbirdə çıxış edən amerikalı diplomat, ABŞ səfirliyinin təhsil məsələləri üzrə regional direktoru Con Silver Azərbaycana ilk dəfə 1997-ci ildə gəldiyini və 21 ildir ki, AzETA ilə əməkdaşlıq etdiyini deyib. Ölkəmizin ingilisdilli müəllimləri üçün təlimlər keçdiyini vurğulayan C.Silver artıq Azərbaycanı özünə doğma hesab etdiyini bildirib. Diplomat müəllimlərimizlə bölgələrdə keçirdiyi təlimlərdən, onlar üçün kurikulumların hazırlanmasından danışıb. O, regional qurum olaraq AzETA-nın tədbirlərinə təkcə təşkilati deyil, həm də əməli dəstək verdiklərini diqqətə çatdırıb. Diplomat təhsilalanların yeni məlumatların qəbul olunması, analizi, kreativ, yaradıcı düşünmənin vacibliyini qeyd edərək bu sahədə müəllimlərimizlə bir sıra təlimlər keçiriləcəyini, təqdimatlar hazırlanacağını söylədi. C.Silver müəllimlərimiz üçün yeni proqram təminatlı layihələrin hazırlanması təşəbbüsü ilə çıxış edib.
“Əsas məqsəd təkcə ingilis dilinin tədrisi deyil...”
Ölkəmizdə Təhsil Nazirliyinin həyata keçirdiyi bir sıra beynəlxalq layihələrdən tanıdığımız “British Council” təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri, tədbirin plenar spikerlərindən olan Elizabet Uayt çox qayğılı görünürdü. O, çıxışına Azərbaycan dilində başladı. Tədbir iştirakçılarını Azərbaycan dilində salamlamağın onun üçün çətin olmadığını deyən E.Uayt Azərbaycanda fəaliyyət müddətinin 3 həftə sonra başa çatacağını və ölkəmiz üçün çox darıxacağını bildirib.
O, təmsil etdiyi qurumun son 5 ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdıraraq növbəti illərdə də “British Council” və Təhsil Nazirliyi arasında əməkdaşlığın məhsuldar olacağına əminliyini ifadə edib. AzETA-nın ölkəmizdə ingilisdilli müəllimlərin inkişafında əhəmiyyətli rolundan danışan səfir ötən illər ərzində təşkilatın və beynəlxalq qurumların birgə layihələri sayəsində yüzlərcə azərbaycanlı gəncin ingilis dili biliklərini təkmilləşdirdiyini, indi onların dünyanın nüfuzlu universitetlərində təhsil aldıqlarını diqqətə çatdırıb.
Tərcüməçilik də tədris olunmalıdır
AzETA ilə son 17 ildir ki, sıx əməkdaşlıq edən Azərbaycan Dillər Universitetinin İngilis dilinin tərcüməsi kafedrasının professoru Qılıncxan Bayramovun ingilisdilli müəllimlərimiz arasında nüfuzu böyükdür. Rəqsanə Məmmədova onu AzETA ailəsinin “mənəvi atası” kimi qiymətləndirdi. Q.Bayramov ötən illər ərzində hər zaman təşkilatın yanında olub, öz təcrübəsini bölüşüb, dəstəyini əsirgəməyib.
Q.Bayramovun sözlərinə görə, bu cür tədbirlər artıq ənənəyə çevrilib. Bu cür görüşlərdə könüllüər öz tədris metodlarını, fikir və düşüncələrini, qayğılarını paylaşırlar. Xarici təşkilatların nümayəndələri də tədbirlərə dəstək göstərirlər. Ötən tədbirlərdə ABŞ, Türkiyə səfirliklərinin nümayəndələri də iştirak ediblər. Bunun səbəbi nədir? Səbəbi Azərbaycanın inkişafıdır. “İngilis dilinin tədrisində ən mühüm məsələ tərcümədir. Lakin tərcümə hər şeyi vermir. Uşağa sevgini, hissləri necə çatdırmalı? Bunları uşaqlara ilk günlərdən çatdırmalıyıq. Dil sadəcə ünsiyyət vasitəsidir. Dünyada elə məşhur adamlar olub ki, onlar xarici dili bilmirlər. Baxmayaraq ki, məşhurdurlar. Ona görə də tərcüməçilik də tədris olunmalıdır. Çünki tərcüməçisiz heç nəyə nail olmaq olmaz. Elə şeylər var ki, onlar yalnız ana dilində çatdırıla bilər. Sevgini uşaqlar ana dilində almalıdırlar. Tədris də ana dilində olmalıdır”.
“Yaxşı öyrənək ki, yaxşı öyrədək”
Azərbaycan Müəllim İnkişafı Mərkəzinin rəhbəri Qrem Pollok AzETA-nın “Daha yaxşı öyrənək ki, daha yaxşı öyrədək” şüarının ona çox yaxın olduğunu deyib. Onun sözlərinə görə, istənilən binanın gözəlliyi təkcə onun xarici görünüşündə deyil, həm də daxili məzmunundadır. Daxili məzmunun gözəlliyi isə müəllimlərimizin fəaliyyətinin başlıca prinsipidir. Q.Pollak Azərbaycan Müəllim İnkişafı Mərkəzi olaraq ingilisdilli müəllimlərimiz üçün təşkil olunan beynəlxalq təcrübə, mübadilə proqramlarından danışıb. Azərbaycan Müəllim İnkişafı Mərkəzinin respublikamızda ilk rəsmi Cambridge Assessment English CELTA Tədris Mərkəzi kimi akkreditə olunduğunu deyən Q.Pollak əlavə edib ki, məqsədimiz beynəlxalq resursları Azərbaycana gətirmək, yüksək hazırlıqlı, beynəlxalq standartlara cavab verən ingilisdilli müəllimlərin hazırlığına nail olmaqdır.
Qeyd edək ki, AzETA-nın missiyası ölkəmizdə ingilisdilli müəllimlərin peşəkar inkişafında yüksək keyfiyyətli təhsilə dəstək göstərməkdir. Təşkilat artıq 10 ildən çoxdur ki, müasir təhsil dünyasının əsas trendlərinə dair regional və beynəlxalq konfranslar təşkil edir. Məqsəd təşkilat üzvlərinin öz fikir, təcrübə və biliklərini daha geniş şəkildə paylaşmalarına, onların şəxsi və peşəkar inkişafına töhfə verməkdir. Konfransda tanınmış türkiyəli ekspert, “ES-Akademi” şirkətinin qurucusu, doktor Erdəm Söyləməzin müəllimlərimizə təbrik məktubu, beynəlxalq təşkilatları təmsil edən plenar spikerlərin müəllimlərimiz üçün təqdimatları dinlənilib, AzETA-nın tədbirlərində fəallıq göstərən müəllimlərə fəxri fərmanlar təqdim olunub.
Oruc MUSTAFAYEV
|
|
29.06.2018 | 14:23 | |
|
|
|