Gələcəyin təhsili və yeni orta sinif | |
Elm və informasiya texnologiyaları elə sürətlə inkişaf edir ki, artıq “müasir təhsil”dən danışmaq zamandan geri qalmaq anlamına gəlir. İndi aktual olan “gələcəyin təhsili”dir. Gələcəyin “Biliklər cəmiyyəti”ndə təhsil sistemi rəqəmsal iqtisadiyyatın strukturu və yeni orta sinfin formalaşmasına yönələcək. Bu sinfin nümayəndələri xüsusi innovativ formatlarda təhsillərini həyatları boyu davam etdirəcəklər. Universitetlər isə öz növbəsində “texnoloji inqilab”ın intellektual liderlərinə çevrilsələr də, gələcəkdə təhsil xidmətləri göstərən şəbəkə təmsilçiləri tərəfindən sıxışdırılacaqlar.
“Düşünən mühit”
Bu gün bu reallığı hər birimiz dərk edirik: həyatımızın iki ən mühüm amili sürət və nəticəyə hesablanmış fəaliyyətdir. Bu sürət axınında insanları 5, 6, 7 il peşəkar karyeraya hazırlamaq çətindir. 10 il orta, 6-7 il ali məktəbdə oxumağa, belə demək mümkündürsə, vaxt yoxdur. Bu, heç optimal da deyil. Təhsil və yaradıcılıq peşəkar fəaliyyətlə paralel getməlidir. Yaxın gələcəkdə təhsil 6-7 yaşında başlayacaq və heç vaxt bitməyəcək. Orta və ali məktəb anlayışı yoxdur. İnsan peşəkar fəaliyyətə nə zaman hazırdırsa, o vaxt başlayır. Əgər 10 yaşlı uşaqlar proqramlaşdırma ilə məşğuldurlarsa, niyə insan müalicə etməsinlər, yaxud vəkil olmasınlar?
İnkişaf etmiş ölkələrdə formalaşan “Biliklər cəmiyyəti”ndə universitetlər daha çox “Rəqəmsal inqilab”ın liderləri funksiyasının daşıyıcılarına çevrilirlər. Gələcəkdə universitetlər əsasən bu iki vəzifənin öhdəsindən gəlməyə çalışacaqlar: innovasiya istehsalı və yeni səviyyəli “Düşünən mühit”in formalaşdırılması. Bu mühiti fərqləndirən amillər aşağıdakılar olacaq:
- Rəqəmsal iqtisadiyyatın inkişafı şəraitində universitetlər Silikon vadisi, Stenford Universiteti, Skolkovo və Skoltex kimi innovativ zonalar - klasterlərin mərkəzlərinə çevriləcəklər;
- Belə zonalarda təhsil layihə nəticələrinin əldə olunması, iri informasiya massivlərinə çıxış şəraitində praktiki araşdırmaların həyata keçirilməsinə istiqamətlənib;
- Universitetlər ətrafındakı yeni yaşayış mühiti innovasiyalara tələbatı stimullaşdırmaqla yeni növ həyat tərzinə malik istehlakçının formalaşdırılmasına xidmət edəcək;
- İnnovasiya zonaları yeni tip şəhərlərin modelinə çevrilir. Buradakı sakinlər, yəni innovativ istehsalın iştirakçıları isə yeni növ istehlakın pionerlərinə. Bu, yüksək ixtisaslı yeni orta sinif üçün yeni həyat tərzinin dizaynıdır.
Maneələrə son!
Yaxın 10 ildə universitet təhsilini sıxışdıracaq qloballaşma və kütləvi təhsilin növbəti mərhələsinə start veriləcəyi gözlənilir. Söhbət nədən gedir?
1. Texnoloji inkişaf təhsilin maya dəyərinin aşağı düşməsi və dil maneələrinin aradan qalxmasına səbəb olacaq; 2. Artıq 2030-cu ildə “Çevrilmiş universitet” (Flipped university) bir təhsil modelinə çevriləcək. Bu modelə əsasən, təhsil edX, Coursera kimi kütləvi açıq onlayn-təhsil platformaları vasitəsilə həyata keçiriləcək. Hazırkı universitetlər isə laboratoriya işləri, canlı diskussiyalar, elmi layihələr mərkəzi kimi fəaliyyət göstərəcəklər.
Belə ki:
- Ömrün uzanması səbəbilə təhsil aktivliyi zirvə həddinə çatacaq, təqaüd yaşına çatmış şəxslər əmək fəaliyyətini saxlamaq məqsədilə ixtisasdəyişmə və artırma prosesinə qoşulacaqlar; - Təhsil prosesinin mərkəzində fərdi yanaşma duracaq - təhsilalanlar özləri öz proqramlarını müəyyən edəcəklər.
Bu amillər digər reallığın aktuallaşmasına təkan verəcək:
- Təhsilverən, yəni müəllimə ehtiyac qalmayacaq. Tələbat yalnız mentorlara olacaq, onlar insanları oxumağa həvəsləndirəcək, yönəldəcəklər. Mentor aparıcı rola malikdir, belə ki, o, şagirdi, yaxud tələbəni onlara məxsus trayektoriya ilə getməyə köməklik göstərəcək. Müəllimlər, məşqçilər isə ayrı-ayrı epizodlarda görünəcəklər. Fokus hansı fənlərin öyrənilməsinə deyil, şəxsiyyətin necə böyüməsi, insanın problemləri necə identifikasiya edib həllinə nail olması, insanlarla effektiv münasibətlər qurması kimi amillərə yönələcək;
- Nəzəri biliklərin əldə edilməsi prosesi real layihələrin iştirakçısı olmaqla və təşkilatlarda fəaliyyətlə əvəzlənəcək;
- İnformasiyanın mətn vasitəsilə ötürülməsi tədricən aradan qalxacaq və yerini video, həvəsləndirmə sistemləri və elektron trenajorlara verəcək. Oyun ssenarili inkişafetdirici mühit həm uşaqların, həm də böyüklərin təhsili prosesini əhatə edəcək.
Minimum məsafə
Gələcəkdə təhsilin xidmətlərindən biri də o olacaq ki, işəgötürənlə işçi arasındakı məsafə minimuma enəcək. Təhsil bazarı isə maksimum özünüidarəetmə rejiminə keçəcək. Bir az da dəqiqləşdirək:
1. İri korporasiyalar dövlətin vasitəçiliyi olmadan özlərinə lazım olan peşələri “sifariş edəcəklər”. Gələcəkdə adi mühəndis, sahibkar, yaxud müəllim olmaq yetərli sayılmayacaq - bir çox peşə alqoritmlənəcək və maşınlara həvalə olunacaq. Gələcəkdə yaradıcı mühəndislər, yaradıcı sahibkarlar, yaradıcı müəllimlər olacaq. Yaradıcılıq deyəndə nə nəzərdə tutulur? İdeyalar irəli sürmək, insanları və resursları cəlb etmək, maneələri aşmaq, intensiv əlaqələr qurmaq. Qısası: dünyanı dəyişmək;
2. Kollektiv intellekt və komanda üzərində yaradılmış və fəaliyyət göstərən təşkilatlar təhsil bazarına özləri çıxacaqlar;
3. Yeni interaktiv təhsil texnologiyalarının daşıyıcıları zaman-zaman peşəkar birliklərdə cəmləşib öz standartları və təhsil metodikaları olan “İttifaq universitetləri”nin əsasını qoyacaqlar. Bu yolla onlar ənənəvi universitetləri sıxışdırıb rəqabətdən kənar edəcəklər. Bunun üçün təqribən 25-30 il tələb olunur.
Şübhəsiz ki, gələcəyin təhsilinin gerçəkləşməsi üçün inkişaf etmiş yüksək texnoloji infrastruktura ehtiyac olacaq. Bunun üçün aşağıdakılar tələb olunur:
- BigData texnologiyası əsasında operativ yenilənən bazalar yaradılacaq; - Tədricən birgə və fərdi təhsil üçün tədris imkanları birjası formalaşacaq, təhsil kontentli platforma-mağazalar fəaliyyət göstərəcək; - Təhsil səviyyəsini müəyyən edən kütləvi attestasiya testləri aktuallığını itirəcək. Onların yerinə qiymətləndirmə və sertifikatlaşdırma üzrə internet-sistemlər işləyəcək.
Sistem fərqli
Beləliklə, bütün qeyd olunanları ümumiləşdirərək aşağıdakı nəticəyə gələ bilərik:
1. Yeni təhsil sistemi kütləviliklə fərdiliyin miksindən ibarət olacaq;
2. Mərkəz rolunda universitet və şirkətlər deyil, insanın unikal həyat trayektoriyası çıxış edəcək;
3. İnsan həyatı boyu, daima sistemlə əlaqədədir. Çünki məhz sistem onun maksimal sosiallaşması və ideyalarının reallaşmasının təminatçısıdır;
4. Sistem 3 fazadan ibarətdir: tələbə öyrənir, peşəkar iş görür və yaradır, müəllim öyrədir. İnsan həyatı boyu bir neçə dəfə bu 3 fazanı keçməli olur;
5. Bu sistemin maliyyə mənbəyi qismində istehlakçılar, universitetlər, korporasiyalar, dövlət çıxış edə bilər. Çünki onların hər biri öz gəlirini götürməkdə maraqlıdır.
Rüstəm QARAXANLI
|
|
29.06.2018 | 12:20 | |
|
|
|