Tələbələrin rəsm-satış sərgisindən toplanan vəsait “YAŞAT” Fonduna köçürüləcək | |
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) rəssamlıq fakültəsi tələbələrinin Dənizkənarı Bulvarın 112-ci ildönümünə həsr olunan xeyriyyə-satış sərgisi keçirilib.
ADMİU-nun rektoru, professor Ceyran Mahmudova xeyriyyə-satış sərgisinin keçirilmə məqsədi haqda danışaraq bildirib ki, Bakı Bulvarı mütəmadi olaraq, rəssamların əsas mövzularından biri olub: “ADMİU-nun tələbələri də universitet və Dənizkənarı Bulvarın birgə layihəsi kimi plenerlərdə iştirak edir, bir-birindən gözəl bulvar mənzərələrini öz əsərlərində əks etdirirlər. Bu gün keçirilən satış sərgisi xeyriyyə məqsədi ilə təşkil olunub. Belə ki, əldə olunan gəlir “YAŞAT” Fondunun hesabına köçürüləcək. İnanırıq ki, bu cür layihələrimiz gələcəkdə də davamlı keçiriləcək”.
Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyəti sədrinin müavini Ağacan Əhmədov təmsil etdiyi qurumun adından Bakı Bulvarının ildönümünə göstərilən diqqətə görə ADMİU rəhbərliyinə və rəssamlıq fakültəsinin professor-müəllim- tələbə heyətinə öz təşəkkürünü bildirib.
Layihənin bədii rəhbəri Rəşad Cabbarov qeyd edib ki, rəssam tələbələrin hər biri bu layihədə xüsusi həvəs və maraqla iştirak edib, bir-birindən gözəl əsərlər yaradıblar.
Layihənin koordinatoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, ADMİU-nun rəssamlıq fakültəsinin dekanı Sevil Kərimova qeyd edib ki, yarandığı dövrdən başlayaraq şəhər oazisinə çevrilən Bulvar xüsusi, ilhamverici ab-havaya malikdır:”Onun inkişaf və tərtibat tarixi bilavasitə Bakının həyatı, nəbzi ilə bağlıdır. Milli incəsənətimizdə Bulvar daim mərkəzi mövzulardan olub. Bakı Bulvarı sərgisi ADMİU-nun rəssamlıq fakültəsi və Dənizkənarı Bulvar idarəsinin birgə layihəsidir. Ənənəvi olaraq tələbələrimiz burada plener təcrübəsi keçir, Bulvarın möhtəşəm görüntüləri fonunda öz duyğuları, fikirlərini bölüşür, onun tanınan məkanlarına yeni baxış formalaşdırırlar”.
Daha sonra sərgidə əsərləri nümayiş olunan tələbələr ADMİU-nun rektoru tərəfindən sertifikatlar, onların müəllimləri isə “Təşəkkürnamə”lərlə təltif ediliblər. |
|
21.06.2021 | 11:23 | |
|
|
|