Lütfi Zadənin həyatı və elmi yaradıcılığı ilə tanış olanda...

Yeganə müəllim sinfimizə gəlib bizə professor Lütfi Zadə haqqında danışanda bu azərbaycanlı alimin həyatı və elmi fəaliyyəti məni çox maraqlandırdı. Mən də bir çox şagirdlər kimi Lütfi Zadənin həyatı və elmi fəaliyyəti ilə bağlı olan məlumatları internet səhifəsindən oxudum, xeyli məlumat əldə etdim və ona bənzəməyə çalışdım. Onun kimi vətənimə, xalqıma xeyir gətirəcək, xalqımı düşünən bir vətəndaş olmaq fikri beynimdən keçdi.

 

Öyrəndim ki, Lütfi Zadə kimi tanıdığımız azərbaycanlı alimin əsl adı Lütfəli Rəhim oğlu Ələsgərzadədir. O, 1921-ci il fevralın 4-də Bakının Novxanı kəndində anadan olub.

 

O, ilk təhsilini Bakıdakı 16 nömrəli  məktəbdə alıb. 10 yaşında ikən ailəsi ilə birlikdə Tehrana köçüb. 10 yaşlı Lütfi o vaxt rusdilli məktəbin üçüncü sinfini bitirmişdi. O, Tehranda təhsilini amerikalıların Albors missioner məktəbində davam etdirib.

 

Orta təhsilini tamamladıqdan sonra o, Tehran Universitetinin Elektrik mühəndisliyi fakültəsinə daxil olub. Böyük alimin Amerika həyatı 1944-cü ildən başlayır. Tehran Universitetini  böyük uğurla başa vurduqdan sonra o, ABŞ-a gəlib və təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirib. 1947-ci ildə ata-anasını  da yanına gətirən alim bu vaxt Kolumbiya Universitetində çalışırdı. O, 1948- ci ildə bu universitetdə elektrik  mühəndisliyi  üzrə magistr, 1957-ci ildə isə professor dərəcəsi alıb. Həmin vaxt Lütfi Zadə məşhur alim idi.

 

Kibernetikanın atası hesab olunan Norbert Vinerin tövsiyəsi ilə Kaliforniyaya, bu ştatdakı Berkli Universitetinə gəlib.Əvvəlcə çox çətinliklərlə üzləşsə də, alim sonralar şəraitə uyğunlaşıb və ömrünün sonuna qədər də Berkli Universitetinin professoru olaraq qalıb.

 

Lütfi Zadə 2017-ci il sentyabrın 6-da ABŞ-ın Kaliforniya ştatında 96 yaşında dünyasını dəyişmişdir. Bakıda dəfn olunmasını isə alim sağlığında vəsiyyət etmişdir. Alimlə AMEA-da vida mərasimi keçirilmişdir. Mərasimdə Prezident İlham Əliyev başda olmaqla dövlət və hökumət rəsmiləri,  elm və mədəniyyət xadimləri iştirak etmiş, dünya şöhrətli alim Fəxri Xiyabanda torpağa tapşırılmışdır.

 

Onun elmi yaradıcılığından 6 mühüm nəzəriyyəsi bir xəzinə kimi elm və istehsalatda hazırda geniş şəkildə istifadə olunur. Ona dünya şöhrəti qazandıran elmdə inqilab hesab olunan qeyri-səlis məntiq  nəzəriyyəsidir.

 

Qeyd etməliyik ki, qeyri-səlis məntiq nəzəriyyəsi 1980-ci illərdə yapon alimləri tərəfindən böyük maraqla qarşılanmışdır. Riyaziyyatın, kibernetikanın, informatika və hesablama texnologiyasının inkişafı tarixində yeni bir dövr açılmışdır. Bu nəzəriyyə bütün dünyada elmə, texnika və texnologiyaya geniş nüfuz etmişdir.

 

Bu gün Yaponiyanın “Mitsubishi”, “Toshiba”, “Sony”, “Canon”, “Sanyo”, “Nissan”, “Honda” və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq nəzəriyyəsindən paltaryuyan maşınlar, kimyəvi təmizləyicilərin istehsalında, foto və videokameralar,  avtomobillərin, qatarların idarə olunmasında geniş istifadə edirlər. Lütfi Zadə 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin uğurlarına görə Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafat - “Honda” mükafatı ilə təltif olunub. Artıq amerikalılar da bu nəzəriyyədən yararlanmağa başlayıblar. Bu gün bu nəzəriyyə Amerikanın “General Motors”, “General Elektrik”, “Motorola”, “Dupont”, “Kodak” və başqa şirkətləri tərəfindən istehsalatda geniş tətbiq olunur.

 

Qeyri-səlis məntiq nəzəriyyəsindən başqa Lütfi Zadə 5  fundamental elmi nəzəriyyə də təklif etmişdir: “Təsərrüfat nəzəriyyəsi”, “Sistemlər nəzəriyyəsi”, “Sözlə işləyən kompüter nəzəriyyəsi”, “Optimal süzgəclər nəzəriyyəsi” və “Soft kompütinq”. Bundan başqa, Lütfi Zadənin elmdə Z-çevirmə kimi tanınan işi diskret və rəqəmli idarəetmə informasiya və kommunikasiya sistemlərinin yaradılmasının əsasını qoymuş elmi nəzəriyyədir.

 

2013-cü ilin 19-20 iyun tarixlərində Madrid şəhərində BBVA Fondu tərəfindən İnformasiya- Kommunikasiya Texnologiyaları kateqoriyasında Lütfi Zadə 400 min avro dəyərində mükafata layiq görülüb.

 

2016-cı ildə Lütfi Zadənin nəzəriyyəsi əsasında yapon alimləri tərəfindən ilk dəfə olaraq süni intellektə malik robot hazırlanıb. Alter adlı robot Tokiodakı Beynəlxalq Elm Muzeyində sərgilənib.

 

Fəxr ediləcək, nümunə olacaq dahi azərbaycanlı alimin xatirəsini əziz tutmaq, əbədiləşdirmək üçün 2019-cu ildə ADA Universitetində Lütfi Zadə adına təqaüd təsis edilib. Onun haqqında 1998-ci ildə “Uzaq və yaxın Lütfi Zadə” adlı film çəkilib. Kaliforniyanın Berkli şəhərində “İnformasiya Texnologiyaları üzrə Zadə İnstitutu” yaradılıb.

 

Lütfi Zadə dünyada əsərlərinə ən çox istinad edilən alim sayılır. Təkcə 10 il ərzində - 1990-2000-ci illərdə onun əsərlərinə 36 mindən çox istinad edilmişdir.

 

Lütfi Zadə bir çox xarici ölkə akademiyalarının üzvü seçilib. Çoxlu sayda mötəbər cəmiyyətlərin və fondların mükafatlarına layiq görülüb, medallarla təltif olunub. Onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktoru adına layiq görülüb.

 

SALEH ŞAHBAZLI,

Bakı şəhəri 69 nömrəli tam orta məktəbin VII “d” sinif şagirdi



19.06.2021 | 10:14