ADPU-da tələbələrin pedaqoji təcrübəsi başa çatıb | |
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbələrinin pedaqoji təcrübəsi başa çatıb.
Universitetdən bildirilib ki, ADPU üzrə təcrübə rəhbəri Qəmərxanım Qəribova bununla bağlı hesabatı təqdim edib.
2020/2021-ci tədris ilinin yaz semestrində ADPU-nun fakültələri, ADPK, filiallar, Davamlı təhsil və innovasiyalar, Magistratura və doktorantura şöbələri üzrə 4513 tələbəsi pedaqoji təcrübədə iştirak edib. COVİD-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ümumtəhsil müəssisələrinə girişə məhdudiyyətin qoyulması ilə əlaqədar təcrübənin ənənəvi şəkildə təşkili mümkün olmayıb və pedaqoji təcrübənin distant təşkilini təmin etmək üçün Microsoft Teams platformasında metodistlər, pedaqoq və psixoloqlar da daxil edilməklə ixtisaslar üzrə təcrübəçi tələbələrin komandaları yaradılıb.
Təcrübənin onlayn olması nəzərə alınaraq tələbələrin təcrübə müddətində yerinə yetirdikləri işlərin və qiymətləndirməyə təqdim etdikləri sənədlərin həcmi 50 faizə qədər azaldılmaqla həyata keçirilib.
Distant dərslər zamanı tələbələrə pedaqoji təcrübənin zəruri əhəmiyyəti, qaydaları haqqında məlumat verilib, nümunəvi dərslər keçirilib, müxtəlif fənlərə aid videodərslər nümayiş etdirilib, sınaq dərsləri üçün icmal və planların hazırlanması istiqamətində metodiki köməklik göstərilib.
Bir qrup tələbənin təcrübəsi isə ənənəvi qaydada təşkil olunub. Belə ki, Sosial iş ixtisasının 27 təcrübəçi tələbəsinin 14 həftə ərzində istehsalat təcrübəsinin ənənəvi qaydada təşkil edilməsinə dair “Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” İctimai Birliyinin rəhbərliyi ilə razılıq əldə olunub. Pandemiya vəziyyəti ilə əlaqədar təcrübə 6 nəfərlik qruplarla həftədə iki dəfə keçirilib.
Bundan başqa, “LANDAU School” Ümumi Təhsil Müəssisəsi (ÜTM) ilə əməkdaşlıq çərçivəsində ilkin seçim mərhələsindən keçməklə, müxtəlif ixtisaslar üzrə 16 nəfər müvəffəq tələbənin bu müəssisədə əyani təcrübəsi təşkil olunub. SABAH qruplarının 18 tələbəsi isə “HƏDƏF Liseyi”ndə ənənəvi qaydada təcrübə keçiblər.
“LANDAU School” da təcrübə keçən tələbələrdən yüksək nəticələr əldə edən 10 nəfər növbəti tədris ilində həmin müəssisənin üzvü olmaq üçün iş təklifi alıb. Sentyabr ayından onlar müəllim və müəllim-assistent qismində fəaliyyətə başlayacaqlar.
|
|
18.06.2021 | 14:50 | |
|
|
|