“Qüdrətli Azərbaycan naminə” | |
İyunun 14-də Bakı Slavyan Universitetində (BSU) 15 İyun-Milli Qurtuluş Gününə həsr edilən “Əsrə bərabər gün” adlı tədbir və həmin tədbir çərçivəsində BSU-nun rektoru, professor Nurlana Əliyevanın xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi fəaliyyətinin 50 illiyinə həsr olunmuş “Qüdrətli Azərbaycan naminə” kitabının təqdimatı keçirilib. “Microsoft Teams” platforması vasitəsilə onlayn formada keçirilən tədbirdə BSU-nun rəhbərliyi, fakültə dekanları, dekan müavinləri, kafedra müdirləri, şöbə müdirləri, professor-müəllim heyəti nümayəndələri, fəal tələbə-gənclər iştirak ediblər. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirin moderatoru, BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova tədbir iştirakçılarını 15 İyun-Milli Qurtuluş Günü münasibətilə təbrik edib. Prorektor həmçinin BSU-nun rektoru, professor Nurlana Əliyevaya “Qüdrətli Azərbaycan naminə” adlı yeni kitabının işıq üzü görməsi münasibətilə təbrikini çatdıraraq, ona elmi-pedaqoji, ictimai-siyasi fəaliyyətində və yaradıcılığında uğurlar arzulayıb. Qeyd edək ki, “Qüdrətli Azərbaycan naminə” kitabının redaktoru və ön sözün müəllifi Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, professor Nizami Cəfərovdur.
BSU-nun rektoru, professor Nurlana Əliyeva tədbirdə çıxış edərək bildirib ki,15 İyun-Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün çox önəmli tarixi gündür. Azərbaycan xalqı hazırda mühüm tarixi dövrdə yaşayır. Xalqımız Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı möhtərəm cənab İlham Əliyevin müdrik rəhbərliyi, böyük siyasi iradəsi, sərkərdəlik məharəti və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində tarixi ərazimiz olan Qarabağ uğrunda apardığı Vətən müharibəsində möhtəşəm Qələbə qazandı. Bu tarixi Qələbə nəticəsində xalqımızın 30 il davam edən Qarabağ həsrətinə son qoyuldu və Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Düşmən işğalından azad edilmiş Qarabağın bərpa edilməsi və yenidən qurulması, Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərində “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının keçirilməsi hamımıza böyük sevinc, qürur hissi yaşadır və bu sevinc, qürur hissi bizi birləşdirir.Azərbaycan xalqı bu Böyük Qələbə sayəsində bütün dünyada qalib və mütərəqqi xalq kimi tanınır. Xalqımız bu Böyük Qələbəyə görə ulu öndər Heydər Əliyevə, Ümummilli Liderimizin layiqli və sadiq davamçısı, dövlət başçımız, YAP-ın Sədri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə borcludur.
Rektor Nurlana Əliyeva qeyd edib ki, ulu öndər Heydər Əliyevin 1993-cü il iyun ayının 15-də yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıtmasından sonra ilk vaxtlar həyata keçirdiyi çoxşaxəli fəaliyyətində 3 mühüm iş diqqəti xüsusi cəlb edirdi. Bunlardan birincisi xalqımızın vətənpərvər, millətsevər övladlarının cəmləşdikləri YAP-ın iştirakı ilə ölkəmizin sülh, sabitlik, tərəqqi yoluna çıxarılması idi. İkinci mühüm iş isə təcavüzkar Ermənistanla atəşkəs rejimi haqqında razılığın əldə edilməsi idi ki, bu da öz növbəsində ölkəmizin sərhədlərinin qorunması və ölkə daxilində möhkəm ictimai-siyasi sabitliyin təmin edilməsi üçün olduqca vacib idi. Üçüncü mühüm iş isə dünyanın aparıcı neft şirkətləri ilə “Əsrin müqaviləsi”nin imzalanması oldu. Azərbaycanın yeni neft strategiyası əsasında imzalanmış “Əsrin müqaviləsi” ölkəmizin iqtisadi inkişafında müstəsna rol oynadı,Azərbaycana böyük iqtisadi və siyasi dividendlər gətirdi. Ümumilikdə ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətini qurdu, onu gücləndirdi və dünya birliyinin layiqli üzvünə çevirdi. Bugünkü hərtərəfli inkişaf edən müstəqil Azərbaycan Respublikası ulu öndər Heydər Əliyevin şah əsəridir.
Rektor Nurlana Əliyeva çıxışında bildirib ki, ulu öndər Heydər Əliyevin xalqımız, millətimiz, Vətənimiz, dövlətimiz qarşısında göstərdiyi ən böyük tarixi xidmətlər sırasında Ümummilli Liderimizin Azərbaycanı öz layiqli siyasi varisi cənab İlham Əliyevə həvalə etməsi xüsusi yer tutur. Məhz cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, çoxşaxəli mütərəqqi fəaliyyəti nəticəsində Azərbaycanda genişmiqyaslı iqtisadi, siyasi, sosial, hərbi islahatlar həyata keçirildi, dövlət idarəçiliyi, siyasi sistem təkmilləşdirildi, ölkəmizin beynəlxalq aləmdə siyasi nüfuzu yüksəldi. Azərbaycanın iqtisadi və hərbi baxımdan güclü dövlətə çevrilməsi böyük tarixi Qələbəmizin əldə edilməsində mühüm rol oynadı.
Vurğulanıb ki, 1993-cü ilin 15 İyunu XX əsrdə Azərbaycan xalqının həyatına böyük tarixi-siyasi əhəmiyyət kəsb edən və bütöv əsrə bərabər bir gün kimi daxil olmuşdur. 28 il bundan öncə xalqımız öz dahi vətənpərvər oğlu, qüdrətli siyasi və dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin böyük zəkası, fədakarlığı, cəsarəti, iradəsi, qətiyyəti, uzaqgörənliyi, müdrikliyi, zəngin həyat və idarəçilik təcrübəsi nəticəsində ictimai-siyasi böhrandan, vətəndaş müharibəsi təhlükəsindən, separatçılıq cəhdlərindən xilas oldu. Məhz ulu öndər Heydər Əliyevin öz böyük tarixi xilaskarlıq missiyasını layiqincə yerinə yetirməsi sayəsində Azərbaycanın bir dövlət kimi varlığına son qoyulması və dünyanın siyasi xəritəsindən silinməsi təhlükəsi aradan qaldırıldı, xalqımız, millətimiz, Ana Vətənimiz məhv olmaqdan qurtuldu. Ulu öndər Heydər Əliyev tarix və xalq qarşısında öz missiyasını hünərlə, qətiyyətlə, xalqına, millətinə məhəbbətlə yerinə yetirdi. 15 İyun Azərbaycanın tarixinə ölkəni, xalqı, dövləti xilas edən böyük qayıdış kimi şərəflə yazıldı.
Professor Nurlana Əliyeva qeyd edib ki, möhtəşəm tarixi Qələbədən sonra dövlət başçımız cənab İlham Əliyevin qəbul etdiyi strateji qərarlar, reallaşdırdığı düşünülmüş, ardıcıl və sistemli tədbirlər Azərbaycanın Cənubi Qafqaz regionunda formalaşmış yeni siyasi mənzərədəki rolunu və mövqeyini gücləndirir. Dövlət başçımızın Qarabağa etdiyi müntəzəm səfərlər, tarixi torpaqlarımıza xüsusi qayğı və həssaslıqla yanaşması, Böyük Qayıdışı özündə ehtiva edən milli prioritetlər çərçivəsində genişmiqyaslı bərpa, abadlaşdırma və quruculuq işlərinə başlanılması Qarabağın əsl sahibinin məhz Azərbaycan olduğunu bir daha dünya ictimaiyyətinə çatdırır, həm də xalqımızda Qarabağda əbədi yaşayacağına tam əminlik yaradır. Hamımız inanırıq ki, doğma Qarabağımız yaxın gələcəkdə dünyanın ən gözəl məkanlarından birinə çevriləcək. Azərbaycan hazırda ulu öndər Heydər Əliyevin möhtəşəm ideyaları əsasında, dövlət başçımız cənab İlham Əliyevin rəhbərliyi və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, YAP Sədrinin Birinci müavini Mehriban xanım Əliyevanın misilsiz xidmətləri sayəsində davamlı inkişaf edir.
Tədbirdə iştirak edən Milli Məclisin deputatı, “Trend” Beynəlxalq İnformasiya Agentliyi Baş direktorunun korporativ inkişaf üzrə müavini Arzu Nağıyev, BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov və digər çıxış edənlər “Qüdrətli Azərbaycan naminə” kitabını məzmun və ideya baxımından yüksək səviyyəyə malik və müasir dövrümüz üçün dəyərli bir kitab kimi səciyyələndirib.
|
|
18.06.2021 | 14:21 | |
|
|
|