BDU-da ADPU-nun 100 illik yubileyi ilə bağlı tədbir

Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illik yubileyinə həsr edilən dəyirmi masa keçirilib.

 

BDU-nun rektoru, dosent Elçin Babayev Pedaqoji Universitetin nümayəndələrini salamlayaraq onları ali təhsil müəssisəsinin 100 illik yubileyi münasibəti ilə təbrik edib. Qeyd edib ki, BDU və ADPU-da elmi-pedaqoji fikrin inkişafı sahəsində daim birgə əməkdaşlıq əlaqələri mövcud olub və bu əlaqələr bu gün də yüksək səviyyədə davam edir:” ADPU-nun 31 rektorundan 11-i BDU-nun, BDU-nun 25 rektorundan 3-ü isə ADPU-nun məzunudur. Həmçinin Cəfər Xəndan, Cəbrayıl Ələsgərov və Mehdi Əliyev müxtəlif illərdə həm BDU-ya, həm də ADPU-ya rəhbərlik etmişlər. Pedaqoji Universitetin 70-dən çox elmlər doktorundan 20-yə qədəri BDU məzunudur, digər yandan bu gün 100-dən çox ADPU məzunu BDU-da müxtəlif vəzifələrdə çalışır”.

 

Rektor vurğulayıb ki, Pedaqoji Universitetin 100 illiyi təkcə ADPU-nun yox, bütün Azərbaycan xalqının bayramıdır və BDU ADPU-nun yubileyi ilə bağlı tədbirlərini davam etdirəcək.

 

ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, 1921-ci ildə cəmi 6 tələbə ilə fəaliyyətə başlayan Pedaqoji Universitet bu gün özünün 160 mindən çox yüksəkixtisaslı məzunu ilə fəxr edir. Təkcə onu demək kifayətdir ki, AMEA-nın 11 prezidentindən 3-ü ADPU məzunudur və onlar ümumilikdə 27 il ölkəmizin elm məbədinə rəhbərlik etmişlər”.

 

Universitetdə aparılan islahatlar, yeni tədris mühitinin yaradılması və əldə olunan uğurlardan danışan rektor vurğulayıb ki, həm tədris, həm maddi-texniki sahədə son 5 ildə universitetdə əsaslı yenilənmələr aparılıb və artıq xeyli müsbət nəticələr əldə edilib:”Bu gün MİQ imtahanlarında yüksək nəticə göstərən ADPU məzunları 2016-cı illə müqayisədə 400 faiz daha yaxşı nəticə göstərərək 70 faizə qədər mütləq üstünlüyü təşkil edir. Universitetin 2020-ci ildəki məzunlarından 51,5 faizi işlə təmin olunub. Həmçinin 52 xarici universitetlə əlaqələri olan ali məktəbin beynəlxalq əməkdaşlıq sahəsində son illərdəki böyük uğurlarından biri kimi  ABŞ-ın Corc Vaşinqton Universiteti ilə ikili Diplom Proqramı uğurla davam edir və artıq gələn ildən qəbul planının 25-dən 40-a qaldırılması nəzərdə tutulur. Yeni tədris ilindən etibarən ADPU-da MBA və SABAH magistraturasına, həmçinin iki ixtisasda bakalavr səviyyəsində ingilis bölməsinə qəbul aparılacaq. 100 illiyini geridə qoyan Pedaqoji Universitet 2025-ci il üçün hazırlanacaq inkişaf konsepsiyasında təhsilalanlara milli mənlik şüuru əsasında daha çox iki komponent, -  rəqəmsal biliklər və xarici dil kompetensiyalarının aşılanmasını hədəf kimi nəzərdə tutur”.

 

Tədbirin sonunda Pedaqoji Universitetə aid nəşrlərin yer aldığı sərgiyə baxış olub.

 



17.06.2021 | 12:21