Ali təhsil müəssisələrinin filial rəhbərləri “Qayıdışdan qurtuluşa" adlı elmi-praktik konfransda | |
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialının təşkilatçılığı ilə Azərbaycan ali təhsil müəssisələrinin filialları 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan "Qayıdışdan qurtuluşa" adlı onlayn elmi-praktik konfransda bir araya gəliblər.
Zoom platforması üzərindən təşkil olunan konfransda ADPU-nun Quba Filialının direktoru, dosent Yusif Alıyev Ümummilli lider Heydər Əliyevin ölkədə siyasi sabitliyin yaradılmasındakı rolundan bəhs edib. Bildirib ki, məhz onun səyləri nəticəsində Azərbaycan aqrar ölkədən sənaye-inkişaf mərhələləri keçən ölkəyə çevrilib. O, Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk iki ili ən gərgin mübarizə dövrü hesab edib. Bildirib ki, məhz həmin illər ərzində bir neçə çevriliş cəhdinin qarşısı alınıb. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" isə Azərbaycanın inkişafında yeni mərhələnin başlanğıcı olub.
UNEC Zaqatala Filialının direktoru, professor Orucəli Rzayev qeyd edib ki, görkəmli siyasi xadim Heydər Əliyevin hakimiyyətə gəlməsi Azərbaycana qarşı ərazi iddialarına kəskin cavabların verilməsi və ölkə daxili sabitliyin təmin edilməsi kimi xarakterizə olunur.
BDU-nun Qazax Filialının direktoru, dosent Arif Rüstəmov Ulu öndər Heydər Əliyevdən bəhs edərkən onun hakimiyyətə gəldiyi dövrün çətinliklərini, şəraitini təsvir etməyin vacibliyini bildirib. Xatırladıb ki, o zamanlar Azərbaycan xarici aləmdən təcrid olunmuş, informasiya blokadasına salınmışdı. Bu isə ölkənin haqq səsini dünyaya çatdırmağa mane olurdu.
ADPU-nun Şəki filialının direktoru, dosent Rafiq Rəsulov qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin siyasi zəkası öncə ölkə daxilindəki siyasi sabitliyi təmin edib. Birinci Qarabağ müharibəsində atəşkəsə nail olunub. Direktor vurğulayıb ki, bəzi dövlətlər indi də Qarabağda hansısa statusun yaradılmasından əl çəkmirlər. Əsas məsələ isə odur ki, Azərbaycan torpaqlarını işğaldan qurtarıb, Azərbaycan sürətlə inkişaf edir və müstəqilliyimiz əbədidir.
ADPU-nun Şamaxı Filialının direktoru, dosent Tünzalə Yusifova Milli Qurtuluş Gününün tarixi və əhəmiyyətindən bəhs edib.
ADPU-nun Cəlilabad filialının direktoru, dosent Xudayar Sultanlı Ümummilli liderin siyasi gücü, idarəetmə bacarığı, Azərbaycana sevgisi, ədəbiyyat adamlarına xüsusi qayğısından söz açıb.
Ağcabədi Filialının direktor müavini Mahir Səlimov Ulu öndər Heydər Əliyevin Azərbaycanın inkişafındakı tarixi rolu barədə məlumat verib.
Konfrans Ümummilli liderə həsr olunmuş videoçarxın nümayişi ilə başa çatıb.
|
|
16.06.2021 | 12:23 | |
|
|
|