Azərbaycan Fransa Məzunları Assosiasiyasının toplantısı

Azərbaycan-Fransız Universitetində (UFAZ) təhsil müəssisəsinin icraçı direktoru, dosent Vazeh Əskərovun təşəbbüsü və Fransanın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə Azərbaycan Fransa Məzunları Assosiasiyasının (AFMA) növbəti iclası keçirilib.

 

İclasda Fransanın müxtəlif universitetlərini bitirmiş və müxtəlif peşə sektorlarını- özəl (BP, Azərbaycan Beynəlxalq Bank), dövlət (Milli Turizm Agentliyi, İqtisadiyyat Nazirliyi, Mədəniyyət Nazirliyi), ali təhsil (UFAZ), mədəniyyət və idman sektorlarını (Azərbaycan Gimnastika Federasiyasi) təmsil edən məzunlar, eləcə də UFAZ-ın Məzunlar Assosiasiyasının nümayəndəsi iştirak edib. 

 

İclasın gündəliyinə üç əsas məsələ- Məzunlar Assosiasiyasının nizamnaməsinin təsdiqi, Assosiasiyanın Məzunlar Yığıncağı üzvlərinin və prezidentinin seçilməsi salınıb. İlk olaraq AFMA-nın nizamnaməsi müzakirə edilərək təsdiq olunub.

 

Daha sonra Assosiasiyanın Məzunlar Yığıncağının 9 nəfərlik üzvləri və Məzunlar Yığıncağı tərəfindən AFMA-nın prezidenti vəzifəsinə namizədliyi irəli sürülən Vazeh Əskərov yekdilliklə Assosiasiyanın prezidenti seçilib.

 

İclasda Assosiasiyanın fəaliyyəti üçün təkliflər də irəli sürülüb.

 

- Fransada təhsil almış azərbaycanlı məzunların elektron siyahısını hazırlamaq;

- Azərbaycanda təşkil olunan müxtəlif əmək yarmarkalarında və forumlarında fəal iştirak etmək;

- Azərbaycandakı digər məzun təşkilatları ilə əməkdaşlıq etmək;

- CCIAF (Fransa-Azərbaycan ticarət və sənaye palatası) ilə birgə əməkdaşlıq çərçivəsində fransızdilli və digər tələbələr üçün nəzərdə tutulmuş Fransız-Azərbaycan iş yarmarkasının təşkili;

-  Təhsil sahələrinə uyğun olaraq məzunlar tərəfindən müxtəlif mövzulu konfransların təşkili;

-  Sosial şəbəkələrdə yayımlamaq üçün videoların hazırlanması;

-  Təhsil yarmarkalarında və ya məktəb, universitetlərdə təqdimatlar zamanı Campus France Azərbaycan heyəti tərəfdən məzunların çıxışı və s.

 

Görüşdə iştirak edən Fransa səfirliyinin əməkdaşlıq və mədəni işlər üzrə müşaviri Jerom Kell və səfirliyin Campus France üzrə məsul şəxsi Mədinə Mollayeva Assosiasiyaya səfirlik tərəfindən  maddi və mənəvi dəstək göstəriləcəyini bildirib.

 

Qeyd edək ki, Assosiasiya müasir Azərbaycan gənclərinin Fransa universitetlərində təhsil alması üçün təbliğatı, Fransanın Azərbaycandakı səfirliyi ilə qarşılıqlı əlaqələrin yaradılmasını, həmçinin, Fransa ali təhsilinin həm özəl, həm də dövlət sektorunda olan bir sıra azərbaycanlı kadrların hazırlanmasına verdiyi töhfəni ictimaiyyətin nəzərinə çatdırmağı hədəfləyir.

 

 



15.06.2021 | 14:23