AzMİU-da yeni laboratoriya açılıb | |
İyunun 28-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaat fakültəsində “Tikinti istehsalatının texnologiyası və təşkili” laboratoriyasının açılış mərasimi olub. Mərasimdə universitetin rektorluğu, professor-müəllim heyəti və tələbələr iştirak edib. AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova və İnşaat fakültəsinin dekanı Hikmət Məmmədov təntənəli açılışı bildirən qırmızı lenti kəsib və laboratoriya ilə yaxından tanış olublar.
Qısa tanışlıqdan sonra laboratoriyanın ərsəyə gəlməsində rolu olan “Tikinti istehsalatının texnologiyası, təşkili və idarə olunması” kafedrasının müdiri Sahib Fərzəliyev tədbir iştirakçılarına laboratoriya barədə geniş məlumat verib. O, bildirib ki, laboratoriyada quraşdırılan 12 kompüterdə ən müasir proqramlar yüklənib və dərs prosesində tələbələr qısa zaman kəsiyində bu proqramlar vasitəsi ilə ən vacib hesablamalar apara biləcəklər. Mütəxəssis hazırlığında vacib məsələ olan informasiya tüxnologiyalarının tətbiqindən danışan alim laboratoriyanın açılması üçün göstərdiyi maddi dəstəyə görə “Microsoft Azerbaijan” şirkətinin nümayəndəliyinə, AzMİU-nun rektoruna və digər şəxslərə təşəkkürünü bildirib. S.Fərzəliyev proyekt proqramı vasitəsi ilə tikinti istehsalatının təqvim planlaşdırılması, smeta proqramının hazırlanması və s. nümayiş etdirib.
İnşaat fakültəsinin dekanı Hikmət Məmmədov çıxışında yeni laboratoriyanın açılışı münasibəti ilə həmkarlarını təbrik edib, onlara uğurlar arzulayıb.
AzMİU-nun rektoru Gülçöhrə Məmmədova da belə laboratoriyaların əhəmiyyətini vurğulayaraq tədrisin keyfiyyətinin yüksəldilməsi, mütəxəssis hazırlığı baxımından mühüm addım olduğunu qeyd edib. Ali təhsilin beynəlxalq standartlara cavab verməsi üçün görüləcək işlərin çox olduğunu deyən rektor universitetin digər kafedralarının da belə təşəbbüslərlə çıxış etməsini arzulayıb, laboratoriyanın işinə uğurlar diləyib. |
|
28.06.2018 | 18:26 | |
|
|
|