BMU-da 15 İyun-Milli Qurtuluş Gününə həsr olunan tədbir

Bakı Mühəndislik Universiteti (BMU) və Yeni Azərbaycan Partiyası BMU İlk Ərazi Təşkilatının birgə təşəbbüsü ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib. 

     

BMU-nun rektoru, professor Havar Məmmədov bildirib ki, Azərbaycan müstəqilliyini 1991-ci ildə bərpa etsə də, hakimiyyətdə olan şəxslərin səriştəsizliyi nəticəsində yaranmış siyasi böhran, daxili və xarici pozucu qüvvələrin dövlətin əsaslarının sarsıdılmasına yönəlmiş məqsədyönlü fəaliyyəti ölkənin varlığını sual altına qoymuşdu. Tarixi faktlara toxunan rektor əlavə edib ki, digər tərəfdən Ermənistanın təcavüzü və torpaqların işğalı ölkədə vəziyyəti daha da gərginləşdirmişdi.

      

H.Məmmədov bildirib ki, məhz belə bir taleyüklü məqamda Azərbaycan xalqı öz gələcəyini görkəmli dövlət xadimi Heydər Əliyevə etibar etdi, xalqın təkidli tələbi ilə Bakıya qayıdan Ulu öndər 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri, həmin il oktyabrın 3-də isə ölkə Prezidenti seçildi. Bundan sonra Ümummilli liderin xilaskarlıq missiyası nəticəsində Azərbaycanın dövlət müstəqilliyini təhdid edən proseslərin qarşısı qətiyyətlə alındı, Ermənistanla atəşkəsə nail olundu, ölkədə ictimai-siyasi sabitlik bərqərar edildi, liberal iqtisadiyyatın formalaşdırılmasına başlanıldı, yeni neft strategiyası reallaşdırıldı. Ulu öndərin Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası istiqamətində atdığı addımları nəzərə çatdıran rektor vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli Heydər Əliyevin həyata keçirdiyi siyasətin prioritet istiqamətlərini təşkil edib.

 

Heydər Əliyev siyasətinin ötən 17 il ərzində Prezident İlham Əliyev tərəfindən bütün sferalarda yeni dövrün çağırışlarına uyğun davam etdirildiyini, hər sahədə böyük uğurlar qazanıldığını bildirən H.Məmmədov, ötən il Ulu öndərin daha bir vəsiyyətinin həyata keçdiyini, əzəli torpağımız olan Qarabağın 44 günlük müharibə nəticəsində düşmən tapdağından azad edildiyini xüsusi vurğulayıb.

 

Millət vəkili, professor Anar İsgəndərov Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda baş verən hadisələri və faktları xronoloji ardıcıllıqla qeyd edib. Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi dövrdə onun böyük xidmətlərindən və uğurlarından geniş bəhs edən millət vəkili bildirib ki, qısa müddət ərzində ölkəmizin aqrar ölkədən sənaye ölkəsinə çevrilməsində, Cəmşid Naxçivanski adına Hərbi Məktəbin açılmasında, minlərlə Azərbaycan gəncinin SSRİ-nin ən nüfuzlu ali məktəblərinə göndərilməsində Heydər Əliyevin rolu danılmazdır.

 

Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev Ulu öndər Heydər Əliyevin zəngin fəaliyyətindən, eyni zamanda Azərbaycanın müstəqillik qazanması və inkişafı uğrunda gördüyü işlərdən danışıb.

 

 



14.06.2021 | 17:52