BANM-in Layihə İdarəetmə Məktəbinin növbəti məzun buraxılışı

Bakı Ali Neft Məktəbinin (BANM) və Böyük Britaniyanın “TwentyEighty Strategy Execution”(STRATEX) şirkətinin birgə təşkilatçılığı ilə baş tutan və  ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr proqramı əsasında tədris edilən Layihə İdarəetmə Məktəbinin (SPM) M7 və M8 qrupunun Məzun Günü keçirilib.

 

Layihə İdarəetmə Məktəbini bu dəfə 14-dən çox müəssisənin 30-a yaxın mütəxəssisi bitirib. Məzunlar arasında İqtisadiyyat Nazirliyi, SOCAR AQŞ, Qarabağ Əməliyyat Şirkəti, Ümid-Babək Əməliyyat Şirkəti, SOCAR Polymer, SOCAR STP, Paşa Holdinq,  ABB, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, bp, Xalq Həyat Sığorta, Beynəlxalq Qırmızı Xaç Komitəsi, Azercell, “Agrodairy” MMC kimi şirkət və müəssisələrin rəhbər işçiləri və məsul əməkdaşları var.

 

Ali Məktəbin rektoru Elmar Qasımov Layihə İdarəetmə Məktəbinin məzunlarını proqramı uğurla başa vurmaları münasibətilə təbrik edərək, layihənin beynəlxalq səviyyəli mütəxəssislər yetişdirməkdə əhəmiyyətli rolunu xüsusi olaraq vurğulayıb.

 

5 ildir ki, BANM-də reallaşdırılan Layihə İdarəetmə Məktəbinin məzunlarının bir çoxunun proqamı bitirdikdən sonra karyeralarında mühüm irəliləyişlər əldə etdiyini qeyd edən rektor yeni biliklərin onların peşəkarlıqlarının yüksəlməsinə töhfə verdiyini qeyd edib.

 

bp-nin Yaxın Şərq və Xəzər Regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli isə bildirib ki, BANM bu proqram üzrə kadr hazırlığı prosesini uğurla reallaşdırır.

 

Sonda məzunlara ABŞ-ın Corc Vaşinqton Universitetinin  Magistr sertifikatı təqdim edilib.     



14.06.2021 | 16:48