Təhsil naziri “Son zəng” tədbirində | |
İyunun 14-də Goranboy rayonu Tapqaraqoyunlu kənd tam orta məktəbində “Son zəng” tədbiri keçirilib.
Tədbirdə təhsil naziri Emin Əmrullayev, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, müəllim və şagirdlər iştirak ediblər.
“Son zəng” tədbiri Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev əvvəlcə məzunları XI sinfi uğurla başa vurmaları münasibətilə təbrik edib, onlara yeni-yeni nailiyyətlər arzulayıb. Emin Əmrullayev 2020-ci ilin Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan dövr olduğunu xatırladıb. Nazir bildirib ki, artıq bu tədris ilinin “Son zəng”ini 2021-ci ilin məzunları Qələbə sevinci ilə yola salır.
Təhsil naziri qeyd edib ki, Goranboy rayon Tapqaraqoyunlu kənd məktəbi 44 günlük Vətən müharibəsi zamanı çoxsaylı mərmi atəşinə tuş gəlsə də, məktəblilər, məktəbin kollektivi heç nədən qorxmadan, çəkinmədən daima işlərinin başında olub, neçə-neçə uğurlu məzunlar yetişdirib. Bu, həm də dövlətə, dövlətimizin başçısına olan inam və etimadın göstəricisidir.
Daha sonra çıxış edən Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev də öz növbəsində məzunları təbrik edib.
“Son zəng” tədbirindən sonra təhsil naziri Emin Əmrullayev məzunlarla görüşüb, onlarla səmimi söhbət edib. Məzunları bir daha təbrik edən təhsil naziri onlara yeni həyat mərhələsində uğurlar arzulayıb.
Daha sonra təhsil naziri məktəbdə yaradılmış şəraitlə tanış olub. Bildirilib ki, Goranboy rayonu Tapqaraqoyunlu kənd tam orta məktəbi 1993-cü ildən Azərbaycanın Milli Qəhrəmanı, məktəbin məzunu, şəhid Niyazi Aslanovun adını daşıyır. Bu məktəb I Qarabağ müharibəsi zamanı düşmənin atəşi nəticəsində tamamilə yanıb, II Qarabağ hərbi zamanı isə çoxsaylı mərmi atəşinə tuş gəlib. 1998-ci ildə 16 otaqdan ibarət məktəb binası tikilib. 2011-ci ildə 450 şagird yerlik müasir standartlara cavab verən yeni məktəb binası istifadəyə verilib.
Məktəbdə hazırda 299 şagird təhsil alır.
|
|
14.06.2021 | 13:09 | |
|
|
|