BMU HORİZON-2020 layihəsinin ilk toplantısında

Bakı Mühəndislik Universitetinin (BMU) əməkdaşları “Vәtәndaşlar hәdәf müәyyәnlәşdirmә şәbәkәsindәn aktiv istifadә etmәk vasitәsi ilә yumşaltma yolları ilә hәrәkәt edir (CAMPAIGNers)” adlı HORİZON-2020 layihəsinin ilk toplantısında iştirak ediblər. 

 

Universitetdən verilən məlumata görə,  Avropa İttifaqının maliyyələşdirdiyi və Avstriyanın “Johannes Kepler” Universitetinin Enerji İnstitutunun rəhbərliyi ilə 2020-ci ildə qalib olduğu layihədə BMU ilk dəfə HORİZON-2020 proqramında tərəfdaş kimi iştirak etmək hüququ qazanıb.

 

Toplantının ilk günündə layihə rəhbəri Dr. Johannes Reichl tərəfindən layihənin 36 ay ərzində icra planı, qarşıda duran məqsəd və hədəfləri təqdim olunub.

 

Tədbirdə BMU-nun Sənaye mühəndisliyi kafedrasının müdiri Pərviz Həsənov, həmin kafedranın dosenti və layihənin BMU üzrə yerli koordinatoru İsa Qasımov, Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin müdiri Arif Nəcimov və şöbənin baş mütəxəssisi Nərmin Ələkbərova, Mexanika mühəndisliyi kafedrasının baş müəllimi Orxan Hüseynov və layihənin digər tərəfdaşı olan “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin (İTE) əməkdaşı Əsmər Haşımlı fəal iştirak ediblər. Bununla yanaşı, iclasa layihənin tərəfdaşı kimi 14 xarici ölkənin (Türkiyə, Avstriya, Almaniya, Belçika, İsveç, Norveç, Fransa, Finlandiya, Yunanıstan, İtaliya, İrlandiya, Cənubi Afrika, Litva və Peru) universitet, şirkət, bələdiyyə və ictimai təşkilat nümayəndələri də qatılıb.

 

 A.Nəcimov BMU və onun beynəlxalq əlaqələri, icra olunan layihələr və cari layihədə iş planına uyğun olaraq görülməsi nəzərdə tutulan fəaliyyət istiqamətləri haqqında məlumat verib.

 

İ.Qasımov BMU-nun layihədə tərəfdaş kimi iştirakının vacibliyini vurğulayıb, həmçinin Azərbaycanda fəaliyyət göstərən 3 təşkilatın  (AMEA Mərkəzi Elmi Kitabxanası, Sumqayıt Kimya Sənaye Parkı və Ekol Mühəndislik Xidmətləri QSC) rəsmi məktubla müraciət edərək layihə çərçivəsində əməkdaşlıq etməkdə maraqlı olduqlarını iştirakçıların diqqətinə çatdırıb.

 

Toplantının ikinci günü layihənin inzibati və 36 ay ərzində icra olunacaq fəaliyyət planları müzakirə olunub. Layihədə tərəfdaş kimi iştirak edəcək şirkət, bələdiyyə və ictimai təşkilatların əməkdaşlarının da məruzələri dinlənilib.

 

Qeyd edək ki, 2021-ci ilin may ayından icra olunmağa başlayan layihənin məqsədi iqlim dəyişikliyinin insanlarda yaratdığı, onlara təsir edən və insan mərkəzli problemlərin çözülməsinə töhfə verməkdir. Cari layihə çərçivəsində insanların həyat tərzindəki dəyişiklik üçün əngəllər elmi-tədqiqat üsulları və təhlillər ilə aydınlaşdırılacaq, yeni həyat tərzi nümunələri innovativ həll yolları ilə müəyyən ediləcək və sınaqdan keçiriləcək. Əldə ediləcək nəticələrin cəmiyyətdə yayılması və istifadəsi üçün “CAMPAIGNers” adlı mobil tətbiq (mobile application) hazırlanacaq.

 



14.06.2021 | 10:17