“Biz də dəstək olaq, yaşadaq”- YAŞAT Fondu ilə birgə vebinar

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşəbbüsü ilə “Biz də dəstək olaq, yaşadaq” adlı vebinar keçirilib.

          

AzMİU THİK-in sədri Bayram Aslanov bildirib ki, vebinarın keçirilməsində məqsəd tələbələrə birlik və həmrəylik nümayiş etdirərək qazilərə, şəhid ailələrinə dəstək üçün çağırışlar etməkdir: “Biz də dəstək olaq, yaşadaq”  şüarı altında birləşərək, Qələbəni bizə yaşadanlara və Zəfər tarixini yazanlara dəstək olaq, problemlərin həllində cüzi də olsa, əlimizdən gələni edək. 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıqla canından keçən şəhid və qazi ailələrini dəstəkləmək hər bir soydaşımızın borcudur. Mən sizi ağır bərpa dönəmini keçən qəhrəmanların ailələrinə yardım etməyə çağırıram”.

          

YAŞAT  Fondunun  İş şöbəsinin baş mütəxəssisi Zinyət Şamıyeva qısa müddət ərzində Fondun gördüyü işlərdən danışıb, həyata keçirdikləri müxtəlif aksiyalar barədə geniş məlumat verib. Fond rəsmisi bildirib ki, şəhid ailələrinin və müharibədə yaralanan əsgərlərin istər sosial rifahının və ailə-məişət şəraitinin yaxşılaşdırılması, istərsə də övladlarının təhsil almaları üçün böyük işlər görülüb.

 

“Böyük humanitar missiyanı özündə ehtiva edən YAŞAT Fonduna könüllü ödəmələr dayanmadan bu gün də davam edir və toplanan vəsait şəhid ailələrinin, qazilərimizin ehtiyaclarına sərf olunur”- deyən Fondun nümayəndəsi tələbələri də bu müqəddəs işdə fəal olmağa çağırıb.

          

Universitetin İctimai fənlər kafedrasının müdiri Könül Əliyeva  şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi missiyasını üzərinə götürən YAŞAT fondunun bütün üzvlərinə  uğurlar arzulayıb. K.Əliyeva da öz növbəsində tələbələri həmrəylik nümayiş etdirərək hər bir qaziyə, şəhid ailəsinə bacardığı dəstəyi göstərməyə çağırıb.

 

 



12.06.2021 | 12:27