“Əsas missiyamız Üzeyir bəyin musiqi əmanətini gələcək nəsillərə çatdırmaqdır”

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası yaranışından Azərbaycanın ictimai-mədəni həyatında hər zaman önəmli yer tutub. Bu il ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə ali təhsil ocağı 100 illik yubileyini qeyd edəcək.

 

Yubiley ilində Üzeyir bəyin ruhunun dolaşdığı, Azərbaycana neçə-neçə tanınmış vokal ifaçılar, musiqiçilər, bəstəkarlar, musiqi mütəxəssisləri bəxş edən, musiqi zövqümüzü  formalaşdıran bu gözəl elm və təhsil məkanında olmağı özümüzə borc bildik. Müsahibimiz  Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor, Azərbaycanın Xalq artisti, “Şöhrət” və “İstiqlal” ordenləri laureatı Fərhad Bədəlbəyli ilə ali təhsil ocağının keçdiyi zəngin inkişaf yolunu birlikdə səhifələdik, uğurlardan, Azərbaycanın siyasi-mədəni həyatında baş verən ən əlamətdar  hadisələrdən söz açıldı.        

 

Üzeyir bəy uzaqgörən idi

 

- Fərhad müəllim, uzun illərdir ki, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına rəhbərlik edirsiniz. Necə düşünürsünüz, ali təhsil müəssisəsində Üzeyir Hacıbəyli ənənələri onun adına layiq davam etdirilirmi?

- Düşünürəm ki, bəli. Bunu uzunillik müşahidələrim,  təhsil ocağımızın əldə etdiyi nailiyyətlər və musiqi sahəsində tanınmış insanların fikirlərinə əsasən  deyirəm. Bilirsiniz, müxtəlif peşə sahiblərinin, eləcə də tanınmış elm və musiqi xadimlərinin  fikirləri, düşüncələri  bizim üçün çox qiymətlidir.   

 

Professional musiqi sənətinin inkişafında, uğurlarımızın təməlində təbii ki, Üzeyir Hacıbəyli dühası durur. Azərbaycan musiqi mədəniyyətinin, o cümlədən musiqi təhsilinin özülünü qoymuş Üzeyir Hacıbəylinin  tariximizdə, dünənimiz, bu günümüz və sabahımızda əvəzolunmaz rolu və yeri var. Üzeyir bəy uzaq görən idi. Onun Moskva və Peterburq konservatoriyalarından dəvət etdiyi görkəmli musqiçi müəllimlərin  bizim klassik musiqilərimizin formalaşmasında mühüm rolu olub.  Vaxtilə mənə dərs demiş müəllimim Mayor Rafailoviç Brenner demək olar ki, bütün yaşlı nəsil pianoçuların ustadı sayılır. O, vaxtilə Kövkəb Səfərəliyeva ilə yeni Azərbaycan fortepiano məktəbi yaradıb. Azərbaycanın peşəkar vokal sənətinin banisi, musiqi folkloru tədqiqatçısı, professor  Bülbül isə uzun illər həm də tanınmış pedaqoq kimi neçə-neçə görkəmli ifaçıların, musiqiçilərin yetişməsində müstəsna rol oynamışdır. 

 

Götürək Azərbaycanda bəstəkarlıq məktəbini. Bizim  dünyaca məşhur bəstəkarlıq məktəbimiz var. Azərbaycan bəstəkarlarının əsərləri məhz milli musiqi ilə bağlıdır. Və  bizdə bəstəkarlıq kafedrasına Üzeyir bəydən sonra uzun illər onun tələbəsi  dünyaşöhrətli  bəstəkar Qara Qarayev rəhbərlik edirdi. Onun tələbələri yüksək professionallığı və individuallığı, özlərinə məxsus dəst-xətti ilə seçilirlər. Qara Qarayevin tələbələri arasında Vasif Adıgözəlov, Azər Rzayev, Oqtay Zülfiqarov, Rauf Hacıyev, Arif Məlikov  kimi məşhur  isimlər var. Son illər isə bu kafedraya  mərhum bəstəkar  Arif  Məlikov rəhbərlik edirdi. Qara Qarayevin, Fikrət Əmirovun, həmçinin Azərbaycan Bəstəkarlar İttifaqının sədri  Firəngiz Əlizadənin və adlarını qeyd etmədiyim neçə-neçə istedadlı cavan bəstəkarlarımızın  əsərləri dəfələrlə dünyanın ən möhtəşəm səhnələrində səslənərək  çox böyük rəğbət qazanmaqdadır.

 

Və yaxud dünyaca məşhur Xalq artistlərimiz  Fidan və Xuraman Qasımovaları qeyd etmək istərdim. Hər iki xanım musiqi mədəniyyətimizin ən parlaq ulduzlarıdır. Azərbaycanı dünyada öz möhtəşəm çıxışları ilə hər zaman layiqincə təmsil edirlər. Hamı onların çıxışlarına valeh olur. Xuraman xanım bizim ali təhsil müəssisəsində kafedra müdiridir və bu gün  böyük səhnələrdə çıxış edən gənclərimizin tanınmasında bir pedaqoq kimi əməyi böyükdür.  

 

Mən Bakı Musiqi Akademiyasını bitirən və bu gün uğurla öz ifaçılıq karyerasını qurmuş musiqiçilərimizdən bir neçəsinin adını çəkmək istərdim. Rusiya Federasiyasında Dövlət Akademik  Böyük Teatrın solistiləri   Azərbaycanın  Xalq artistləri Yusif  Eyvazov, Dinarə Əliyeva və  Elçin Əzizov məhz bizim bu gün fəxr etdiyimiz  və qürur hissi keçirdiyimiz məzunlarımızdandırlar. Dünyanın məşhur “La Scala” Vokal Akamediyasında təhsil almış gənc vokalçı Azər Rzazadə mənim ən çox sevdiyim və hörmət etdiyim istedadlı gənclərimizdəndir.

 

Akademiyamızda digər ixtisaslar üzrə də ümidverici tələbələrimiz çoxdur. Gördüyünüz kimi, Azərbaycanın musiqi mədəniyyətinin özünəməxsus mərkəzinə çevrilən ali təhsil müəssisəmizdə ən yaxşı yaradıcılıq qüvvələri olan müəllim, ifaçılıq və elmi-tədqiqatla məşğul olan mütəxəssislər birləşib. Avropa musiqi təhsilinin qabaqcıl təcrübəsini vahid məcrada birləşdirən, peşəkar musiqiçi kadrların hazırlanmasına və klassik musiqi irsimizin sistemli öyrənilməsinə xüsusi diqqət göstərən ali təhsil ocağımız ötən müddət ərzində nailiyyətlərlə zəngin böyük bir inkişaf yolu keçib.

 

Bizim xalq hər zaman istedadlı insanları ilə tanınıb. Xüsusilə musiqi sahəsində uğurlar qazanan gənclərimiz kifayət qədərdir. Akademiyamızda  Azərbaycanın ən istedadlı gənclərinin musiqi sənəti sahəsində istedad və bacarıqlarının üzə çıxarılması, onların tanınması üçün hər cür şərait yaradılıb. Və mən bu yerdə Üzeyir Hacıbəylinin hər zaman qürurla söylədiyi  bir fikrini xatırlatmaq istərdim: “Heç kəs inkar edə bilməz ki, azərbaycanlılar ümumiyyətlə, musiqisevən xalqdır və düzgün istiqamətə ehtiyacı olan sağlam estetik dərrakəyə malikdir”.

 

BMA-nın fəaliyyəti geniş xarakter daşıyır

 

- Bakı Musiqi Akademiyasınının strukturu  haqqında  bir qədər məlumat verməyinizi xahiş edirik

- Hazırda Bakı Musiqi Akademyasında  752 gənc  olmaqla , onlardan 638-i  bakalavriaturada,  61-i isə magistraturada  təhsil alır.  53 istedadlı gəncimiz isə elmi fəaliyyətini doktoranturada davam etdirir. Akademiyada çalışan professor-müəllim heyətinin sayı 209-dur.

 

BMA-da 14 kafedranı birləşdirən 3  fakültə - Tarix - nəzəriyyə, İfaçılıq və Fortepiano fakültələri var. Burada təhsil Azərbaycan və rus dillərində aparılır.

 

Bizim ali təhsil müəssisəsindəki ixtisasların dairəsi çox geniş və müxtəlifdir. Məsələn:  fortepiano, klavesin, orqan, skripka, viola, violonçel, kontrabas, fleyta, musiqişünaslıq, bəstəkarlıq, xor dirijorluğu və s.

 

Bakı Musiqi Akademiyasında Tələbə Simfonik Orkestri fəaliyyət göstrir. 2011-ci ildə yaradılmış  Gənclər Kamera Orkestrinin tərkibinə də gənc Beynəlxalq Müsabiqə laureatları və bacarıqlı  ifaçılar daxildir. Orkestrin baş dirijoru da çox istedadlı gəncimiz, əslən şuşalı Əməkdar artist  Fuad İbrahimovdur.

 

Bilirsiniz, BMA-nın fəaliyyəti geniş xarakter daşıyır. Onun nəzdində onbirillik məktəb-studiya və həmçinin Ş.Məmmədova adına opera studiyası fəaliyyət göstərir. Bakı Musiqi Akademiyasının musiqi məktəb-studiyası çoxfunksiyalıdır. Belə ki, burada təkcə uşaqlar deyil, tələbələr də pedaqoji, konsertmeyster, lektor və ifaçılıq təcrübəsi üzrə təhsil alırlar. Şagirdlərin müsabiqə və festivallarda uğurları, həmçinin, yüksək ada - Prezident təqaüdünə layiq görülmələri məktəb-studiyanın yaradıcı və professional işinin nəticəsidir. Mən hər zaman qeyd edirəm ki, bizim məktəb-studiya uşaqların musiqi tərbiyəsinin təsdiqlənmiş mərkəzinə çevrilmişdir.

 

Azərbaycanın ilk vokalçısı Şövkət Məmmədovanın adını daşıyan opera studiyası  isə BMA-nın vokal fakültəsi tələbələrinin təhsil və təcrübə keçdiyi tədris teatrıdır. Opera və musiqi teatrlarının gələcək aktyorları burada formalaşırlar. Məhz burada gənc vokalçılar musiqi teatrının ab-havasına daxil olur, opera səhnəsinə alışır, opera partiyalarını öyrənirlər. Bütün bunlar bizə eyni zamanda istedadlı gənclərin inkişaf dinamikasını izləməyə imkan verir. Onu da qeyd edim ki, bu illər ərzində opera studiyasının səhnəsində təcrübə qazanıb professional səviyyəyə qalxmış vokal kafedrasının məzunları Azərbaycan və dünya opera səhnələrində böyük müvəffəqiyyətlə Azərbaycan incəsənətini təqdim edirlər.

 

Ali təhsil müəssisəmizdə kitabxana, səsyazma kabineti, tələbə elmi cəmiyyəti, müxtəlif  klublar, “Şifahi ənənəli Azərbaycan  professional  musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və  akustika” adlı elmi-tədqiqat laboratoriya  mövcuddur.

 

1991-ci ildə BMA-nın Şuşa filialı fəaliyyət göstərməyə başlayıb.

 

BMA-nın  uzun illərdir ki, dünyanın bir sıra ölkələrinin nüfuzli ali musiqi təhsili ocaqları ilə beynəlxalq əməkdaşlıq əlaqələri var. Bizim məzunlarımıza dünyanın hər yerində  tələbat var. Onlar çalışdıqları ölkələrdə Azərbaycanı layiqincə təmsil edirlər.

 

Gənclər ifaçılıq və fortepiano ixtisaslarına daha çox maraqlıdırlar

 

- Akademiyaya qəbul zamanı gənclərimiz daha çox hansı ixtisasları seçməyə üstünlük verirlər? 

- Əsasən gənclər ifaçılıq və fortepiano ixtisaslarına  daha çox maraqlıdırlar. Ailələrdə fortepianoya maraq hər zaman olub və səmimi desək, valideynlər bunu övladları üçün bir prestij hesab edirlər. Mən düşünürəm ki, vokal, ifaçılıq  fitri istedadla bağlıdır. Ancaq bir musiqiçi olaraq arzu edərdim ki, gənclərimiz seçim edərkən simli və nəfəsli alətlərə də üstünlük versinlər. Əlbəttə, vokala hər zaman böyük maraq var və o çox populyardır. Hamı müğənni və ya sırf  vokalçı olmaq istəyir. Amma yenə deyirəm, opera  və  radio-televiziyanın simfonik orkestrlərində Azərbaycanın, eləcə də dünya klassiklərinin tanınmış bəstəkarlarının əsərlərini çalmaq üçün orkestr ifaçıları lazımdır.

 

Böyük səhnələrə yol belə başlanır...

 

- Böyüməkdə olan gənc nəslin musiqi, eləcə də estetik zövqünün düzgün şəkildə formalaşdırılması üçün nələrə diqqət etmək lazımdır?

- Gənclərin müsiqi zövqünün formalaşmasına  lap kiçik yaşlarından diqqət verilməlidir. Mən o fikirdəyəm ki, bizim orta məktəblərimizin ibtidai pilləsindən başlayaraq  şagirdlərə “Mədəniyyət” adlı bir fənn tədris olunarsa  bu, çox yaxşı nəticə verə bilər. Bu fənn özündə musiqini, dünya və yerli klassiklərimizin əsərlərini, incəsənətin müxtəlif növləri ilə tanışlığı, eləcə də estetik zövqün formalaşmasına kömək edən müxtəlif məkanlarda olmaq, yaradıcılıq mühitini yaşamaq və digər məsələləri ehtiva edə bilər. Və uşaqların həmin fənn üzrə biliklərinin qiymətləndirilməsi nəzərdə tutulmamalıdır. Sadəcə bu hər bir uşağın individual olaraq fərdi potensialını müəyyənləşdirmək, onların musiqi, eləcə də estetik zövqünün formalaşmasına xidmət etməlidir. Mən xarici ölkələrdə olarkən məktəblilərin muzeylərdə, konsert salonlarında və digər incənət məkanlarında  olduqlarının dəfələrlə şahidiyəm. Bilirsiniz, uşaqlar müxtəlif  ailələrdən gəlir. Etiraf edək ki, hər ailədə bu məsələ o qədər də diqqətə alınmır. Bu mənada əsas yük məktəbin üzərinə düşür.  Şəxsən elə məktəblər var ki, opera-studiyamızda müəyyən bir əsəri tamaşaya qoymaq üçün bizə müraciət ediblər. Və biz də böyük məmnuniyyətlə peşəkar musiqiçi müəllimlərimizin  köməyi ilə onlara hər cür dəstək göstərmişik. Bu, bizə xüsusi zövq verir. Axı, böyük səhnələrə yol bax, belə başlanır. Bir arada mənim təşəbbüsümlə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının  və Azərbaycan Dövlət İqtisad Universitetinin müəllim və tələbələri üçün konsert proqramı ilə çıxışlarımız oldu.

 

Mən deyərdim ki, bizim müəllim və tələbələrimizin çıxışları həmin ali məktəblərdə böyük maraq və alqışlarla qarşılandı. Düşünürəm ki, bu ənənəni digər ali təhsil müəssisələri üçün də davam etdirməliyik.

 

İstedadlı gənclərə diqqət və qayğı

 

Ölkəmizdə istedadlı gənclərin üzə çıxarılması, onların inkişafı üçün bu gün dövlət səviyyəsində mühüm işlər həyata keçirilir, layihələr reallaşdırılır. Hər il istedadlı gənclərimiz  Prezidentin xüsusi təqaüdünə layiq görülürlər. Bizim yeniyetmə və gənclərimiz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısını hər zaman öz üzərilərində hiss edirlər. İstedadı ilə tanınan hər bir gəncin qiymətləndirilməsi  onun üçün stimuldur, gələcək uğurlu fəaliyyətinin başlanğıcıdır. Bu, çox müsbət haldır. Elə uşaqlar var ki, onları kəşf etməklə bitmir, istedadlarını inkişaf etdirmək lazımdır. Bunun üçün inkişaf dinamikası izlənilməli, onların  tanınması, istedadlarının üzə çıxarılması üçün müəyyən işlər görülməlidir. Bu da təbii ki, müəyyən qədər maddiyyata bağlı bir məsələdir. Mən arzulayardım ki, iş adamları, xeyriyyəçiliklə məşğul olan insanlar  üzlərini ali məktəblərə tutsunlar. Fərqi yoxdur  bu gənc musiqiçidir, riyaziyyatçıdır və ya digər  sahədədir. Əsas odur ki, o istedadlı və bacarıqlıdır. Onun özünü göstərməsi və peşəkar bir kadr kimi formalaşması üçün isə maddi dəstək olmalıdır. Onlara bu dəstəyi və imkanları isə bizim iş adamlarımız və xeyriyyəçilərimiz göstərə bilər. Düzdür, şəxsən mən öz adıma deyə bilərəm ki, müraciət etdiyim müəyyən iş adamları var ki, akademiyada təhsil alan gənclərə  öz köməkliklərini əsirgəmir, onların müxtəlif  beynəlxalq müsabiqələrə, festivallara qatılmalarına, bir sıra ölkələrin konsert salonlarında çıxışlarına maliyyə dəstəyi verirlər. Amma bu, çox az sayda insanı əhatə edir.  Bunu dar çərçivədə deyil, daha geniş miqyasda etmək lazımdır.

 

- Siz  hər zaman bildirirsiniz ki, musiqimiz Azərbaycanın ən güclü silahıdır və o hər yerdə səslənir. Biz imkan daxilində çalışırıq ki, öz sözümüzü deyək. Necə fikirləşirsiniz, Azərbaycan musiqiçiləri bu gün öz sözlərini deməyə nail olublarmı? 

- Mən bu gün könül rahatlığı ilə deyə bilərəm ki, musiqimiz bütün dünyada istər muğamatımız olsun, istər milli, eləcə də klassik musiqimiz ölkəmizin  təbliğində müstəsna rol oynayır. Kim Qarabağ şikəstəsini, dəsgahlarımızı  Azərbaycanın muğam ustaları kimi gözəl, bütün xırdalıqlarına qədər ifa edə bilər, Üzeyir bəyin igidliyə, qəhrəmanlığa səsləyən  “Koroğlu” operasından uvertüranı incəsənət ustalarımız qədər mükəmməl çalmağı bacarır? Musiqi sənətində özünəməxsus yeri olan Müslüm Maqomayev, Rəşid Behbudov, Fidan və Xuraman Qasımovalar, Zeynəb Xanlarova  və adlarını sadalamadığım neçə-neçə  incəsənət xadimləri dünyanın hər bir yerində Azərbaycan musiqisini layiqincə təmsil ediblər. Musiqimizin  dili ilə Azərbaycanın haqq səsi, həqiqətləri dünyaya bəyan edilməkdədir. Və bu hazırda bizim istedadlı gənclərimiz tərəfindən də uğurla davam etməkdədir. Mən buna bir musiqiçi kimi sevinirəm.

 

Şuşadan üzr üstədim...

 

- 2020-ci il tariximizə “Zəfər ili” kimi daxil oldu. Ali Baş Komandan,  Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuz  işğal olunmuş torpaqlarımızı azad etdi. Qarabağın mirvarisi Şuşamız azad olundu. Bu xəbəri eşidəndə ilk reaksiyanız?

- Cənab Prezident İlham Əliyev  Şuşanın azad olunması xəbərini  söyləyəndə hönkür-hönkür ağladım.

 

Bilirsiniz, mənim uşaqlığım Ağdamda, Şuşada keçib. Ən gözəl günlərim Şuşayla bağlı olub. Valideynlərimlə Şuşada Bülbülün, Süleyman əminin (Ələsgərovun) evində tez-tez qonaq olardıq. İsa bulağının suyundan içərdik, Cıdır düzünə gedərdik, Şuşanın təbiətinin gözəlliyinə  tamaşa edərdik. Düzdür o vaxtlar mənim yaşım az idi və bu gözəlliyi, ab-havanı uşaq duyumu ilə dərk edirdim. Ancaq valideynlərimin və əhatəsində olduğum görkəmli musiqi xadimlərinin yaşadıqları o gözəl duyğuların şahidi, Şuşanın təbiətinin füsunkarlığından ilhama gələrək ifa etdikləri  muğamların, mahnıların, əsərlərin canlı dinləyicisi olmuşam. Şuşa sanki Azərbaycanın  bir gözəllik  ilahəsidir. Cənab Prezidentin Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan etməsini ürəkdən alqışlayıram.

 

Yaşadığımız 44 günlük Vətən müharibəsi  bizə torpağımızın hər bir qarışı üçün canlarından keçməyə hazır olan neçə-neçə cəsur, qəhrəman igidlərimizin olduğunu göstərdi. Bizim üçün torpağımızın hər bir qarışı qızıldır. Allahdan şəhidlərimizə rəhmət, ailələrinə səbr, qazilərimizə xoş günlər arzulayıram.

 

2008-ci ildə mən ATƏT-in Minsk Qrupu ilə Şuşada olarkən çox pis olmuşdum, özümə üzun müddət gələ bilməmişdim. Təsəvvür edin, öz torpağına yad bir insanların müşayiəti ilə gedirsən və sərbəst deyilsən. Bu, dəhşət idi. Gözümün önündə burada keçən qayğısız uşağlığım canlanırdı. Mənim üçün bu hissləri yaşamaq çətin oldu. Sanki vaxtilə gördüyüm  o cənnəti cəhənnəm əvəz edirdi. Əslində doğrudan da belə idi. O zaman Şuşada olduğumuz müddətdə nə bir hənirti, nə bir səs belə eşidildi. Şəhərdə yeni heç nə tikilməmişdi. Olanlar da dağılmaq üzrə idi. Şuşa elə miskin idi,  bizlər üçün elə qəribsəmişdi ki... Elə bil ölü bir şəhər idi.

 

Bilirsiniz, içimdən bir hiss mənə deyirdi ki, gün gələcək torpaqlarımız erməni işğalçılarından azad olunacaqdır. Xüsusilə 2016-cı ildə olan  Aprel döyüşləri  44 günlük Vətən müharibəsinin başlanğıcı, qələbənin bizimlə olacağının sanki müjdəçisi oldu.

 

Və  mənim ürəyimdə bir nisgil qalmışdı ki, mən Şuşadan üzr istəməliyəm. Elə ən böyük arzum da Şuşanın azad olunduğu günü görmək və ondan üzr istəmək idi. Bu ilin yanvarında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu  ilə birlikdə Şuşaya ilk getdiyim zaman qara bürünmüş torpaqda diz çökərək bu gözəl şəhərdən üzr istədim . Dedim ki, ŞUŞA BAĞIŞLA  bizi! Səni qoruya bilmədik.  Səni düşmənin  əlinə verdik.  BAĞIŞLA...

 

Üzeyir bəyin ruhu bu gün rahat və şaddır

 

- Şuşada təşkil olunan ən möhtəşəm tədbir Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 12-13 may tarixlərində Cıdır düzündə “Xarıbülbül” musiqi  festivalının keçirilməsi oldu. Bütün dünyaya səs salan bu tədbirin bilavasitə iştirakçısı kimi hansı hissləri keçirirdiniz?

 

- 29 il sonra Şuşada Bayatı-Şiraz, Qarabağ şikəstəsi səslənəndə bu şəhəri azad görmək istəyən, bu gün həyatda olmayan  tanınmış musiqi xadimlərimizi xatırlayaraq bir qədər kövrəldim. Əfsuslar olsun  ki, azad Şuşanı görmək onlara nəsib olmadı. Ancaq düşünəndə ki, biz qalib xalqıq və öz güclü ordumuzla dünyaya  səs salmağı bacarmışıq, sevinc və fəxarət hissi məni bürümüşdü. Elə bil sehirli, nağıl dolu bir aləmdə idim. Cıdır düzündə sanki rəssam əli ilə çəkilmiş Şuşanın o möhtəşəm mənzərəsinə valeh olmamaq  mümkün deyildi. Bu qələbə və sevinc hisslərini bizə yaşatdıqları üçün Ali Baş Komandan, ölkə başçısı İlham Əliyevə,  Rəşadətli Ordumuza bütün incəsənət xadimləri adından bir daha təşəkkür edirəm.

 

Bəli,  artıq  Üzeyir Hacıbəylinin ruhu bu gün rahat və şaddır.

 

- Fərhad müəllim, ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə bu il Bakı Musiqi Akademiyasının 100 illiyi qeyd olunacaq. Şərqin ilk qocaman musiqi təhsil ocağı öz yubileyinə necə hazırlaşır?

- Bakı Musiqi Akademiyasının 100 illik  yubileyinin keçirilməsi  ilə bağlı ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncam musiqisevərlər, bütövlükdə Azərbaycan ictimaiyyəti üçün əlamətdar bir hadisədir. Biz artıq yubiley tədbirlərinə start vermişik və  bununla bağlı tədbirlər planımız var. Mayın sonlarında Nikolay Rimski-Korsakov adına Sankt-Peterburq Konservatoriyası  ilə birlikdə akademiyamızın 100 illik yubileyinə həsr olunan onlayn tədbir keçirdik. İyunun 22-də növbəti yubiley tədbirimizi Estoniya Musiqi və Teatr Akademiyası ilə birlikdə onlayn təşkil edəcəyik. Belə tədbirləri əməkdaşlıq etdiyimiz bir sıra ölkələrin musiqi yönümlü ali məktəbləri ilə keçirməyi planlaşdırırıq. Yubileyimizə ciddi hazırlaşırıq və bununla bağlı  görüləcək işlərimiz çoxdur.

 

Əsas missiyamız  Üzeyir bəyin bizlərə miras qoyduğu musiqi əmanətini gələcək nəsillərə çatdırmaqdır.

 

Ümidvaram ki, Bakı Musiqi Akademiyası  bundan sonra da uğurlu fəaliyyəti ilə diqqətləri öz üzərinə çəkməyi bacaracaqdır.

 

Samirə KƏRİMOVA



11.06.2021 | 14:25