Silikon Vadisinin eksperti startapçılar və tələbələrlə görüşüb | |
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) “Social Innovation Lab” İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə iyunun 27-də Azərbaycan Texniki Universitetində (AzTU) “İdeyadan biznesə” layihəsi çərçivəsində seminar keçirilib.
Kaliforniya Silikon Vadisinin və Berkli Universitetinin təmsilçisi spiker Richard Rasmusse tərəfindən keçirilən seminar “Lokal qalaraq qlobal əhəmiyyəti necə əldə etməli?” mövzusuna həsr olunub.
Seminarda qonaqları salamlayan AzTU-nun prorektoru, professor Sübhan Namazov Azərbaycanda startap layihələri və təsisatlarının formalaşdırılması ilə bağlı son illər görülən işlərə nəzər salaraq qısa zaman ərzində yüksək nəticələr əldə olunduğunu qeyd edib. O, NRYTN-nin Yüksək Texnologiyalar Parkı ilə Azərbaycan Texniki Universiteti arasında imzalanan əməkdaşlıq müqaviləsinə diqqət çəkərək bildirib ki, Texnoparkın ali təhsil müəssisələri ilə əməkdaşlığı startap mühitinin formalaşdırılması üçün vacib amildir. Prorektor 1 aydan az vaxtdır ki, həyata keçirilən əməkdaşlıq nəticəsində artıq ikinci uğura imza atıldığını vurğulayıb: “Bir neçə gün öncə bizim alimlərin ixtiraları Yüksək Texnologiyalar Parkının təşəbbüsü ilə önəmli sərgilərdə biri olan nəqliyyat və logistika sərgisində nümayiş olundu. Mühüm şəxslər eləcə də ictimaiyyət bir daha bu ixtiralarla, onların əhəmiyyəti ilə bağlı məlumatlandırıldı. Bu görüş isə əməkdaşlığa başladığımız 1 ay ərzində bizim ikinci işimizdir. Düşünürəm ki, əməkdaşlığımızdan da istifadə edərək birgə uğurlarımızın sayı artacaq”.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov çıxışında seminarın əhəmiyyətini vurğulayıb. R.Əzizov bildirib ki, Rick Rasmussen ABŞ-ın Silkon vadisində, eləcə də Kanadada ən məhşur startap ekspertidir: “Rick Rasmussen ölkəmizdə olması və tələbələrlə təcrübələrini bölüşməsi çox sevindirici haldır. Düşünürəm ki, tələbələr bu görüşdən faydalı məlumatlar, startapla bağlı yeni metodlar əldə edəcəklər. Çox sevindirici haldır ki, bizim bugünki görüşümüzdə AzTU tələbələri ilə yanaşı “İdeyadan biznesə” startap turunun qalibi olan komandaların üzvləri də iştirak edir”.
Daha sonra Riçhard Rasmussenin “Lokal qalaraq qlobal əhəmiyyəti necə əldə etməli?” mövzusuna mühazirəsi dinlənilib. Tədbir çərçivəsində erkən inkişaf mərhələsində olan yerli startapların sürətli böyümə strategiyası, bazar potensialı və digər aktual məsələlər qarşılıqlı olaraq müzakirə olunub. Bundan başqa, Riçhard Rasmussenin iştirakı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə yerli inkubatorların iştirakıyla bir sıra universitetlərdə də seminarlar davam edəcək. Tərəflər Azərbaycan və ABŞ-ın üzləşdiyi startap ekosistemi problemlərinin həlli yollarını araşdıracaqlar. |
|
28.06.2018 | 16:53 | |
|
|
|