“Şagirdlərimin məktubları məni ürəkləndirirdi”

“Qarabağ gündəliyi”ndə bu dəfə də bir kənd müəllimi qonağımızdır. Həmin müəllim - Cavid Kamilli bir neçə il əvvələ qədər gözüqara kənd uşağıydı, artıq döşü medallı qəhrəman Azərbaycan müəllimidir. Oğuzun Tayıflı kəndində ailənin yeganə oğlu olaraq böyüyüb. 1993-cü ildə doğulub. Bacısına yaxşı qardaş, anasına qayğıkeş oğul olmağa çalışıb. Artıq vətəninin də qəhrəman balasıdır. Həm anasının, həm vətənin hayına hay verəcəyini hamıya göstərib. Vətənini sözdə deyil, ürəkdən, candan sevdiyinə şübhə yeri qoymayıb. Məktəbdə hər zaman fərqlənib. Əvvəlcə şagird kimi. Tayıflı kənd tam orta məktəbinin çalışqan şagirdlərindən biri olub. Gördüyü, sevdiyi müəllimlərinə bənzəmək istəyib. Təhsil almaq üçün Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında “Tarix-coğrafiya müəllimliyi” ixtisasını seçib.

 

Təhsilini tamamlayan kimi vətənə xidmətə yollanıb. Həqiqi hərbi xidmət dövründə keçən bir il az qala həyatının yönünü dəyişəcəkdi: “2014-cü ilin iyulundan hərbi xidmətə başladım. Cəlilabadda xüsusi təyinatlı qüvvələrdə xidmət etdim. Hərbi xidmət dövründə çətin tapşırıqlar yerinə yetirib, ən çətin döyüş şəraitinə hazırlıq keçdik”.

 

İcra etdiyi çətin tapşırıqlar iliklərinə qədər vətənpərvər olan bir gənc üçün başqa bir həyəcan yaradıb. Hərbi həyatla tanışlıq, vətəni qorumaq istəyi bəzi qərarlarını yenidən gözdən keçirmək istəyi oyadıb. Özü-özündən tez-tez soruşmağa başlayıb: Müəllim olmaq, yoxsa  hərbçi? Deyir müəllimlikdən sıradan bir səbəb üçün yox, Vətən üçün vaz keçmək istəyib. Vətənə hansı sahədə xidmət etməyin elə də fərqi olmasa da, o, ehtiyac hiss etdiyi  sahədə olmağı arzulayıb. Vətənin əlində silah onu qoruyacaq oğullara daha çox ehtiyacı olduğunu düşünüb: “Vətənin müdafiə olunmağı daha gərəkliydi. Böyük bir ərazimiz düşmənin işğalı altındaydı. Mən də əlimdə silah, hərbçi olaraq vətənə daha yararlı olacağımı düşündüm”.

 

Düşüncələrini dilə gətirəndə anası müdaxilə edib: “Ailədə tək oğul olmağım və anamın israrı məni qərarımdan daşındırdı”.

 

Qarabaldır kəndinin sevimli müəllimi

 

2015-ci ildə hərbi xidmətdən tərxis olunduqdan sonra müəllimlərin işə qəbulu müsabiqəsinə qatılıb. Əvvəlcə Yemişənli kəndində müvəqqəti müqavilə ilə sinfə girmək hüququ əldə edib. Sonra yenidən imtahanlarda iştirak edib və daimi əsaslarla müəllimlik hüququ qazanıb. Hazırda Qarabaldır kənd ümumi orta məktəbində coğrafiya müəllimidir. Müəllimlikdə ən böyük uğurunu da artıq qazanıb. Görünən odur ki, anası onun yaxşı müəllim olacağıyla bağlı yanılmayıb. Cavid müəllim Qarabaldır kəndinin sevilən müəllimlərindəndir: “Məktəbimizdə nəinki dərs dediyim şagirdlərim, dərs demədiyim uşaqlar da tanıyır və sevir məni. Müəllimliyimin ilk illərindəyəm. Peşə fəaliyyətimin başlanğıcındaykən qazanmışam bu sevgini. Mənim üçün bundan böyük uğur ola bilməz”.

 

Beləliklə, ailədə tək oğul olması və anasının israrı onun əlində silahı deyil, qələm və jurnalı möhkəmləndirib. C.Kamilli də anasının sözünün üstünə söz deməyib. Anası üçün silahı yerə qoysa da, vətən üçün hər an yenidən silahlanmağa hazır olduğunu, hər il Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeydiyyata aldırdığı müraciətlərlə təsdiq edib: “Məktəbdə hamı məni tanıyır. Vətənə qarşı nə qədər həssas olduğumu şagirdlərim, valideynlər, müəllim yoldaşlarım bilirlər. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin də könüllü siyahısında başda olanlardan biri idim”.

 

Kamil müəllim Xidmətin qapısını döymədiyi il qalmayıb. 2016-cı il aprel döyüşləri baş verəndən bəri hər il Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib. Sonuncu dəfə 2020-ci ilin yayında baş verən Tovuz hadisələrindən sonra yenidən müraciət edərək döyüşlərə qatılmaqda israrlı olub. Ancaq bütün müraciətləri cavabsız qoyulub. Çünki hələ ona ehtiyac yox idi. Onun da səbirsizliklə gözlədiyi ehtiyac 2020-ci ilin sentyabrında yaranıb. Çağırış alan Cavid müəllim dərhal təlimlərə qatılıb. Və döyüş yolu başlayıb: “Hərbi xidmətdə xüsusi təyinatlılarda xidmət etdiyim, çoxsaylı təlimlərə qatıldığım üçün hər cür çətinliklərə hazır idim. Ən çətin şəraitdə xidmət edə, ağır tapşırıqların öhdəsindən gələ bilərdim”.

 

“Müharibədə minaatan oldum”

 

Hərbi xidmətdə xüsusi təyinatlı əsgər, müharibədə minaatan olan C.Kamillinin ilk  səngəri Cəlilabaddan çox fərqli yerdə - Murovdağda olub. Deyir, hər halda hərbi xidmətdə xüsusi təyinatlı qrupda olması səbəbindən onu Murovdağa göndəriblər: “O cür çətin şəraitə hər adam dözə bilməzdi. Xüsusən, müharibənin ilk günləri çox çətin keçdi. Murovda sentyabrda qar yağdı. Geyimlərimiz hələ nazik idi o vaxt. Ac-susuz qaldığımız günlər oldu. Ancaq bütün bunlar gözümüzə də görünmürdü. Qarşımızda olan böyük hədəfi düşünürdük. Dost-qardaşlarımızın itkisi ağır gəlirdi ancaq. Baxmayaraq ki, hər birimiz bu yolda canımızı  verməyə  hər  an  hazır  idik.  Nə qədər olmasa, hər itki insanı yandırır”.

 

Müharibədə kifayət qədər məsuliyyətli vəzifəsi olub: “Artilleriya müharibəsi olduğundan minaatanlar önəmliydi. Düşməndə olan minaatanların dəqiqliyinin qarşısını biz də dəqiqliklə alırdıq. Minaatlarla da əlimdən gələni etdim və düşməndən geri qalmadıq. Hərbi xidmət dövründə qazandığım bacarıqlar müharibədə çox köməyimə gəldi”.

 

İlk yardım

 

Kamil müəllimin savaşda köməyinə, sadəcə hərbi xidmət dövründə deyil, həm də ailədə öyrəndikləri gəlib. Necə deyərlər, həyatda əldə etdiyi bütün bacarıqlarından istifadə edib: “Anam tibb bacısıdır. Ondan çox şey öyrənmişəm. Öyrəndiklərim sayəsində də döyüşçü yoldaşlarıma ilk müdaxiləni mən edirdim. Müdaxilə etdiyim yaralılardan bir neçəsi sonradan mənə təşəkkür edərək həkimlərin onlara ilk tibbi yardımın həyatını xilas etdiyini dediyini bildirdilər. Yoldaşlarımdan biri boğazından yaralanmışdı. Qanaxmasını mən dayandırdım onun. Ümumiyyətlə, qəlpə yaraları ilə yaralananların yarasını bağlayır, qanaxmasını dayandırır, lazım olan bütün yardımları göstərirdim”.

 

“Qohumlar şəhid olduğumu sanıb bizə gedirmiş”

 

Beləliklə, bir yandan düşmənin bağrını dəqiq zərbələri ilə dəlik-deşik edib, o bir yandan da dostlarının yaralarını sarıb. Elə gün, nəinki gün, elə həftə olub ailəsinə zəng edə bilməyib: “Vəziyyətdən asılı olaraq, gec zəng edəndə ailələrimiz şəhid olduğumuzu düşünürdülər. Bəzən həftədən artıq zəng etmədiyim vaxtlar olurdu. Bir dəfə qohumlarım minaatan bölüyün şəhid olması xəbərini eşidiblər. Mənim də həmin bölükdə olduğumu düşünüblər. Qohum-əqrəba şəhid olduğumu sanıb yığışıb bizə gedirmiş. Mənim zəngim onların qapıdan içəri girməsi ilə eyni vaxta düşüb. Bir az gec zəng eləsəydim, bəlkə də qayıdıb ata-anamdan hansısa birini sağ-salamat görə bilməzdim. Qayıdanda heç birini qoyub getdiyim kimi görmədim. Çox qocalmışdılar”.

 

Müharibədə ən adi söz belə təsir edir

 

Noyabrın 25-də Azərbaycan ordusu Kəlbəcərə daxil olub. Cavid müəllim də Ordu sıralarında Kəlbəcəri görmək, Ermənistanın Vardenis rayonu ilə sərhəddə vətənin keşiyində durmaq imkanı qazanıb: “Kəlbəcərdə  1 ay xidmət etdim. 3100 metr yüksəklikdəydik. İstisuda da olduq. O vaxt İstisudan görüntülər də paylaşdıq. O günlərdə keçirdiyimiz hisləri sözlə ifadə eləmək mümkün deyil. Qürurdolu günlər idi”.

 

Cavid Kamilli deyir ki, ümumiyyətlə, Qarabağ müharibəsi başdan-başa milli ruhun oyandığı, hər kəsin tək ürək olduğu günlər idi. Həmin günlərdə ön cəbhədə olan Cavid müəllim arxa cəbhədən gələn dəstəyin əhəmiyyətini də qeyd etməyi vacib sayır: “Arxadan çox kömək oldu. Hər dəstək bizə güc verirdi. Hələ şagirdlərdən aldığımız məktubları demirəm. Hiss olunurdu ki, aşağı sinif şagirdləri yazıblar. Şagirdlərimin məktubları, hər söz insanın qürurunu oxşayır, cəsarətini artırır, ürəkləndirirdi. Ən adi söz belə orda bizə təsir edirdi”.

 

Vətən sevdalısı gənc müəllim

 

Kamil müəllim subaydır. Ata-anası ilə yaşayır. Ancaq o, tələsmir. Hələ ürəyini ovlayan olmayıb. Vətən sevdalısı gənc müəllimin öncəlikləri var. Artıq Vətən müharibəsi iştirakçısı, qəhrəman müəllimdir. Düşüncəsində vətənin təhlükəsizliyi, ürəyində vətən sevgisi, döşündə “Kəlbəcərin azad olunmasına görə”, “Vətən uğrunda” medalları, əlində isə...

 

Lazım gələndə silah da tuta bilən əlində qələmi ilə bütöv Azərbaycanın dağlarını, dərəsini, mövcud olan iqlim qurşaqlarını, mürəkkəb relyefini, dünyanın coğrafiyasındakı yerini öyrədir şagirdlərinə.

 

Yolun uğurlu olsun, Azərbaycan müəllimi! Vətən nə müharibə iştirakçısı kimi, nə də müəllim olaraq etdiklərini unutmayacaq!

 

Ruhiyyə DAŞSALAHLI

 



11.06.2021 | 11:30