Rektor şəhid məzunun diplomunu ailəsinə təqdim edib

Bakı Dövlət Universiteti (BDU) Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini və adını uca tutur, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərir, şəhid ailələri, qazilərlə vaxtaşırı görüşlər keçirir.

 

Universitetdən bildirilib ki, BDU-nun rektoru Elçin Babayev və ali məktəbin bir qrup əməkdaşı beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin məzunu, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Şamil Nəcəfovun ailəsini ziyarət edib. 

 

E.Babayev BDU kollektivi tərəfindən Şamilin xatirəsinin daim əziz tutulduğunu vurğulayıb, onun Vətən uğrunda qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmasından qürur duyduqlarını bildirib. Sonra Şəhidin ali təhsil haqqında diplomunu anasına təqdim edib.

 

Şəhidin valideynləri Şamil haqqında xatirələrini bölüşüb, onu Vətənə layiq övlad kimi böyütdükləri üçün fəxr etdiklərini bildiriblər.

 

Daha sonra rektor və universitet əməkdaşları Şamil Nəcəfovun məzarını ziyarət ediblər.

 

Qeyd edək ki, Vətən müharibəsinin ilk günlərində düşmənlə döyüşə atılan Ş. Nəcəfov 2020-ci ilin oktabr ayının 1-də Murov istiqamətindəki döyüşlərdə qəhrəmancasına şəhid olub.

 

 



10.06.2021 | 18:04