Mingəçevir Dövlət Universitetində “Açıq qapı” günü | |
Mingəçevir Dövlət Universitetində (MDU) 2020/2021-ci tədris ilinin yaz imtahan sessiyası çərçivəsində ilk “Açıq qapı” günü keçirilib.
“Açıq qapı” günündə rektor Şahin Bayramov universitetin tələbə və magistrantları ilə görüşüb.
Mövcud şəraitdə imtahan sessiyası çərçivəsində təhsilalanlar ilə çevik onlayn kommunikasiya vasitələrindən biri kimi “Açıq qapı” günlərinin keçirilməsinin müsbət ənənəyə çevrildiyini bildirən rektor əsas məqsədin tələbələrin istəklərini, problemlərini və təkliflərini öyrənmək, onlara müvafiq qaydada dəstək göstərmək olduğunu qeyd edib.
Ş.Bayramov yaz semestrinin imtahan sessiyası ilə bağlı MDU-nun hər bir struktur bölməsinə verilən konkret tapşırıqlardan, aparılan dəqiq funksional iş bölgüsündən və atılan konkret addımlardan bəhs edib.
Cari imtahan sessiyasında baş tutacaq 700-ə yaxın imtahanda 2000-dən çox tələbə və magistrantın iştirak edəcəyi haqqında məlumat verən Ş.Bayramov bununla bağlı bütün texniki və təşkilati işlərin vaxtında görüldüyünü, tələbələrin cari qiymətləndirilməsinin yekunlaşdırıldığını, imtahan cədvəllərinin təsdiq edildiyini, imtahan sualları və onların qısaldılmış cavablarının elektron formada tələbələrə çatdırıldığını qeyd edib.
İmtahan sessiyasının obyektiv, şəffaf, ədalətli və mütəşəkkil keçirilməsinin təmin edilməsi, eləcə də yаrаnа biləcək nеqаtiv hаllаrın dərhаl аrаdаn qаldırılması və digər müvаfiq tədbirlərin həyаtа kеçirilməsi məsələlərindən danışan rektor bu məqsədlə MDU-da “İmtahan Qərargahı”, “İmtahanlara dəstək qrupu”, “Texniki dəstək qrupu” və “Apelyasiya Komissiyası”nın yaradıldığını, eyni zamanda, sessiya ərzində “Qaynar xətt”in fəaliyyət göstərəcəyini bildirib.
Qeyd edək ki, “Açıq qapı” günlərinin 5 iyul tarixinədək hər həftənin cümə axşamı günü təşkil olunması nəzərdə tutulub.
|
|
04.06.2021 | 17:04 | |
|
|
|