“Azərbaycan milli ordusu -100 ildə” | |
İyunun 25-də Sumqayıt Dövlət Universitetində 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş “Azərbaycan milli ordusu -100 ildə” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan rektor, professor Elxan Hüseynov Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi və 26 iyun- Silahlı Qüvvələr Günü münasibəti ilə iştirakçıları təbrik edib və ölkəmizdə ordu quruculuğu ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Milli Ordunun yaranması çox çətin, mürəkkəb və ziddiyyətli bir yol keçmişdir. Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan Ordusunun ənənələri dövlət müstəqilliyimizin bərpasından, xüsusən ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra inkişaf etmişdir.
Bu gün ölkə Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin iradəsi və qayğısı sayəsində Azərbaycan Ordusu güclü maddi-texniki bazaya malikdir və ən müasir silah-sursatla təmin olunmaqdadır. Belə ki, 2016-cı ilin aprelində baş verən hərbi əməliyyatlar dövlətimizin, Ordumuzun gücünü və qüdrətini düşmənə və bütün dünyaya nümayiş etdirdi. Düşmən təxribatlarının qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin bölmələrinin keçirdiyi əks-hücum əməliyyatı nəticəsində işğal altındakı mühüm əhəmiyyətə malik yüksəkliklər azad edildi. Erməni silahlı qüvvələri Azərbaycan Ordusunun nəyə qadir olduğunu gördü və bu güc qarşısında geri çəkilməyə məcbur oldu. Bu döyüşlərdə zabit və əsgərlərimizin göstərdiyi rəşadət xalqımızın yaddaşına həkk olundu.
Tarix və coğrafiya fakültəsinin dekanı, professor Adil Baxşəliyev “Azərbaycan Milli Ordusu 100 ildə”, “Azərbaycan və Şərqi Avropa xalqları tarixi” kafedrasının müdiri, professor Şirxan Səlimov “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın Milli Ordusunun qurucusudur”, mühəndislik fakültəsinin tələbəsi Samirə İsmayılova “Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu”, “Azərbaycan və Şərqi Avropa xalqları tarixi” kafedrasının müəllimi Pərviz Cəfərov “Böyük qayıdışın başlanğıcı – Milli Ordumuzun aprel zəfəri” mövzularında məruzə ediblər. Əminliklə vurğulayıblar ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü qətiyyətlə bərpa edəcəkdir. Çünki Azərbaycanın güclü, sarsılmaz ordusu var. Mənəvi - psixoloji hazırlıq cəhətdən də fərqlənən ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir.
Konfransın sonunda Azərbaycan Milli Ordusunun bu gününü əks etdirən sənədli film nümayiş olunub.
|
|
27.06.2018 | 18:13 | |
|
|
|