Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” elektron dərsliyi

XV əsrdə alman ixtiraçısı İohann Qutenberq kitab çapı üsulunu yaratdıqdan sonra artıq beş əsrdir ki, çap olunmuş kitablar gözlə görünən məlumatın yayılmasının əsas vasitəsi olmaqla yanaşı, həmçinin, oxumaq üçün rahat vasitəyə çevrilmişdir. XX əsrin ortalarında daha dinamik xarakterli audiokitablar meydana gəldi ki, bu kitabları evdə, yolda, işdə, gəzintidə dinləmək mümkündür. Audiokitablar uşaq nağıllarının sehrli aləmini əks etdirərək, xüsusilə valideynlər üçün əsl tapıntı idi. XX əsrin ortalarında yeni anlayış - “elektron nəşr” yarandı, bu da məlumatın (əsərin) maqnit diskdə, kompakt-diskdə və s. elektron yazısından ibarət olub, elektron texniki vasitələrin köməyi ilə istifadəni nəzərdə tutur.

 

Müasir dövrdə açıq cəmiyyətin (“sərhədsiz cəmiyyətin”) yaradılması bəşəriyyət üçün çox aktualdır. Onun formalaşmasının əsas şərti kimi təhsil sisteminin şəffaflıq və sərbəstlik prinsipləri əsasında təkmilləşdirilməsi, tədris prosesinin bütün iştirakçılarına bərabər imkanların yaradılması, informasiya və bilik resurslarından istifadə imkanlarının əldə edilməsi nəzərdə tutulur. Bu məsələ bütövlükdə Azərbaycan üçün, xüsusilə respublikanın aparıcı təhsil mərkəzlərindən uzaqda yerləşən regionları üçün böyük aktuallıq kəsb edir.

 

Yeni tədris texnologiyaları sistemində təhsilin distant, virtual formalarına xüsusi yer verilir. Bu baxımdan, informasiya, kommunikasiya və kompüter texnologiyaları sayəsində əldə olunan birbaşa, şəxsi ünsiyyətdən kənar tədrisin əhəmiyyəti daha qabarıq üzə çıxır.

 

Multimedia - yeni bir istiqamətdir. Buna baxmayaraq, onu artıq özünəxas xüsusiyyətlərə, daxili qanunauyğunluqlara malik janrlara bölmək olar ki, bu da yeni problemləri ön plana çəkir. Bu janrlara BMA-da mövcud olan və metodik vəsait qismində istifadə olunan elektron nəşrlər aiddir. Bunlardan “Üzeyir Hacıbəyov” elektron ensiklopediyasını (http://uzeyirbook.musigi-dunya.az/), “Muğam ensiklopediyasını” (http://mugam.musigi-dunya.az/), “Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti” (http://lugat.musigi-dunya.az/), “Azərbaycan Teatr Ensiklopediyası” (http://teatrlugati.musigi-dunya.az/); “Saz məktəbi” (http://saz.musigi-dunya.az/); “Məktəblinin Elektron Musiqi Kitabxanası”  (http://mk.musigi-dunya.az/); “Elektron Mediatekası” (http://mediateka.musigi-dunya.az/)  və s. metodiki vasitələri aid etmək olar.

 

Multimedianın metodik baxımdan qüvvətli cəhəti ondan ibarətdir ki, təhsil alan (və ya informasiya əldə edən) şəxsi maraqlandırmaq və öyrətmək daha asandır, çünki o, bilikləri yalnız informasiya axını kimi qəbul etmir, həmçinin, emosional təsirə məruz qalır. Burada həm diktorun səs tembri, diksiyası, inandırmaq bacarığı və intonasiya dəqiqliyinin olması, həm musiqi tərtibatı, həm illüstrasiyaların dəyişmə ritmi, həm də istifadə olunmuş videomaterialın ardıcıllığı vacib şərtdir. Başqa sözlə desək, bütün mətn kütləsi bədii cəhətdən dərk olunmalı və rejissor ssenarisi ilə yenidən qurulmalıdır.

 

Azərbaycanda musiqi quruculuğunun banisi, dahi bəstəkar, görkəmli musiqi xadimi, publisist, dramaturq, maarifçi, müəllim, alim Üzeyir Hacıbəyovun qələminə məxsus “Azərbaycan xalq musiqisinin əsasları” kitabı klassik ensiklopedik traktatlara əsaslanan nadir elmi tədqiqat əsəri olub, XX əsrin musiqili-ədəbiyyat abidəsi kimi qiymətlidir.

 

Müəllif ilk dəfə olaraq öz elmi tədqiqatında Şərq və Qərbin çoxəsrlik musiqi nəzəri fikir təcrübəsinə istinad edərək, Azərbaycan xalq musiqisinin lad sisteminin təsnifatını vermişdir.

 

Ü.Hacıbəylinin misilsiz xidməti ondan ibarətdir ki, Azərbaycan musiqisinin yazılışı zamanı o, Qərbi Avropanın bərabər-temperasiyalı notasiyasından istifadə edərək, mahiyyət etibarilə:

 

  • a) ənənəvi folklor nümunələrinin-muğamların, xalq mahnılarının, rəqslərin və s. qorunub saxlanmasına;
  • b) yeni professional musiqi janrlarının - opera, balet, simfonik muğamlar, kamera əsərlərinin yaranmasına;
  • v) Azərbaycan musiqi elminin - etnomusiqişünaslığın formalaşmasına;
  • q) Azərbaycan musiqisinin təbliği və dünya birliyinin mədəniyyət təbəqələrinə daxil olmasına şərait yaratmışdır;
  • d) Azərbaycan musiqisinə keçmişin mənəvi dəyərlərinin təsiri sayəsində onun bədii ifadə vasitələrinin zənginləşməsini  və nəticədə bütün sərhədləri aşıb keçən bu incəsənətin maksimum orijinallığını sübut etmişdir.

 

Minilliklər ərzində məlumatların vaxtında ötürülməsi və qorunub saxlanması məsələsi bəşəriyyəti düşünməyə məcbur etmişdir.

 

Qutenberqin dahiyanə kəşfi və çap dəzgahlarının beşyüzillik hökmranlığı çap nəşri şəklində  məlumatların yayılmasının əsas formasını təsdiq etdi, mədəniyyət, ənənələr və məlumatlardan istifadə stereotiplərinin yaranmasına gətirib çıxartdı.

 

Ü.Hacıbəylinin təqdim olunan “Azərbaycan xalq musiqisinin əsasları” kitabı informasiya sisteminin müəyyən təbəqəsinə - elektron nəşrlərə aiddir. Bununla belə, müstəqil tamamlanmış sayt kimi, o, çap  orijinalına uyğun olaraq, bütün məlumatları özündə saxlayır (səhifələr üzrə bölmələr, fəsillər, not nümunələrinin nömrələnməsi və s.) və elektron məhsulu kimi geniş spektrdə istifadə imkanları yaradır (bax.: http://musbook.musigi-dunya.az).

 

Elektron formasında məlumatların yayılması onun çap orijinalı ilə müqayisədə daha çox üstünlüyə malik olduğunu göstərir: birincisi, məlumatların daha yığcam saxlanmasına imkan verir, ikincisi, mütəşəkkil qaydada ünvanına çatdırır və başlıcası, hər dəfə genişləndirmək, əlavələr etmək, bəzən isə imkan daxilində rəqəmlər texnologiyasından istifadə etməklə şəbəkə resurslarından məna çalarları blokunu çıxararaq manipulyasiya etmək  imkanları verir.

 

Məhz Ü.Hacıbəylinin kitabının elektron nəşrinin müasir multimedia texnologiyaları şəbəkəsi vasitələrində tətbiq edilməsi sayəsində Azərbaycanda musiqi tədrisinin distant formasının, elektron dərsliklərin hazırlanması (dərs vəsaiti, metodiki materiallar, fakültativ  kurslar), virtual universitet dinləyicilərinin müstəqil işinin təşkilinin aktuallığı barədə məsələni irəli çəkmək yerinə düşərdi.

 

Elektron nəşr kimi Ü.Hacıbəylinin kitabı ənənəvi tədris dövrünün çərçivələrini genişləndirməyə imkan verir. Biliklərin ötürülməsi və qavranılması prosesində multimedia texnologiyalarından istifadə olunması (musiqi nümunələrinin səsləndirilməsi, hiper istinad, qrafik fayllar), nəinki çatdırma kanallarının müxtəlifliyini, hətta tələbənin hisslərinə təsir kanallarının müxtəlifliyini nəzərdə tutur.

 

Bu elektron nəşr təkcə məlumat ötürülməsi vasitəsi deyil, eyni zamanda ən müxtəlif praktikumlar, attestasiyalar, o cümlədən özünü attestasiya vasitəsidir. O, heç bir halda çap variantını əvəz etmir, lakin Qutenberq kitabının çatdıra bilmədiklərini həyata keçirə bilir. Nəhayət, o, yeni elektron kütləvi kommunikasiya vasitələrinin köməyilə müasir texnologiyaların tətbiqi və təhsilin “kompüter didaktika”sının formalaşması üçün şərait yaradır.

 

Ü.Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” elektron nəşrinə daxil edilən “didaktik material” (http://musbook.musigi-dunya.az/az/d_material.html) bölməsi müntəzəm olaraq yeniləşdirilən və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Məktəblinin Elektron Musiqi Kitabxanası” (http://mk.musigi-dunya.az/), “Azərbaycanın Ənənəvi Musiqisi” (http://enene.musigi-dunya.az/)  kimi məlum bazalardan edilən əlavələr açıq informasiya sistemi olaraq, müəllif orijinalının arxitekturasını pozmur. Əksinə, informasiya texnologiyaları yeniliklərinin tətbiq olunması keyfiyyətcə yeni informasiya məhsullarının yaradılmasını stimullaşdırır, informasiyanın vizuallaşdırılması üfüqlərini, milli musiqi elminin, təhsilin və mədəniyyətin infrastrukturunu genişləndirir.

 

Təqdim olunan internet səhifəsinin əsas vəzifəsi Şəbəkənin istifadəçilərinə  bilavasitə real müddətdə səsli səviyyədə kolleksiyalaşdırılmış arxiv materiallarının öyrənilməsinə imkan verən musiqili didaktikanın yeni metodunun işlənib hazırlanması, şəbəkə oxucusunun səsləndirilən materialın, onu maraqlandıran seqmentin mətnini orfoqrafik not yazısı ilə birlikdə fraqmentlərlə əlaqələndirməyə imkan verir. Bununla yanaşı, bütövlükdə distant musiqi tədrisi dövründə gələcəkdə texniki cəhətdən daha geniş imkanlar yarada bilər.

 

Səsyazma korpusunun metodik sisteminin yaradılmasına verilən bu cür tələb başlıca olaraq Ü.Hacıbəylinin kitabında Azərbaycan xalq musiqisinin ladlarının düzülüşlərinə həsr olunmuş nəzəri materialın praktiki mənimsənilməsi xarakterilə müəyyən edilir.

 

Kitabın elektron nəşrinin MP3 formatda təklif olunan musiqili illüstrasiyaları internet istifadəçilərini Azərbaycan musiqisinin rəngarəng dünyası, onun janr zənginliyi - xalq mahnıları, rəqslər, muğamlar, Azərbaycan bəstəkarlarının əsərləri ilə tanış edir. Bununla birlikdə bu janrlardan hər biri Azərbaycan xalq musiqisinin ladlarının əsas xüsusiyyətlərinə uyğun gəlir.

 

Oxucularımıza bir sıra faktoloji materialları təqdim edək. Belə ki, 2019-cu ildə, Bakı Musiqi Akademiyasının 100 illik yubileyi ərəfəsində Mədəniyyət Nazirliyi Təhsil Nazirliyinin və BMA-nın təşəbbüsü ilə Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” kitabının 500 nüsxə tirajla Azərbaycan dilində nəşrini həyata keçirdi. Ancaq bu kitabın elektron versiyası və ya çap nəşrinin elektron analoqu internet istifadəçilərinin baxış sayını əyani surətdə nümayiş etdirir - şəbəkə coğrafi məkanının müxtəlif nöqtələrindən olan 29000 minə yaxın istifadəçi bu kitabla tanış olmuşdur. İstifadəçilərin sayının bu cür artımı dil arealının genişləndirilməsi ilə də bağlıdır - elektron nəşr Azərbaycan, rus və ingilis dillərində işıqlandırılır. Bu da Azərbaycan musiqi mədəniyyətinin geniş və aktual təbliği üçün və ümumilikdə xalqın qeyri-maddi mənəvi irsinin qorunması baxımından əlverişli şərait yaradır. 

 

Beləliklə, təhsil, mədəniyyət və informasiyalaşdırma Azərbaycanın gələcəyini müəyyən edən əsas faktorlardır.

 

Tariyel MƏMMƏDOV,

“Musiqi Dünyası” jurnalının baş redaktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor

 



04.06.2021 | 16:22