“Vətənini və torpağını mübarək qanı ilə qorudu” | |
Mingəçevir Dövlət Universiteti (MDU) Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzi qəhrəman şəhid və qazilərimizin gənc nəslə tanıdılması və onların göstərdikləri şücaətlərin təbliği məqsədilə silsilə yazılarını davam etdirir. Təhsilin məzmununda vətənpərvərlik tərbiyəsinin önəminin daha da yüksəldilməsi məqsədilə fəaliyyət göstərən Mərkəzin növbəti yazısı MDU-nun şəhid məzunu Kənan Abdullayevə həsr edilib. Danılmaz həqiqətdir ki, 44 günlük Vətən müharibəsində əldə olunan möhtəşəm qələbə Azərbaycanın yeni tarixinin ən şanlı səhifələrini təşkil edir. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi, rəşadətli Azərbaycan əsgərinin qəhrəmanlığı, sarsılmaz dövlət, ordu və xalq birliyi sayəsində apardığımız haqq mübarizəsi tarixi ədalətin bərpa olunması ilə nəticələndi. Vətənin mərd oğulları canları və qanları bahasına 30 il işğal altında qalan əzəli torpaqlarımızı düşmən tapdağından azad etdi və doğma Qarabağ həsrətinə son qoydular. Ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan igid əsgər və zabitlərimiz döyüşlərdə göstərmiş olduqları şücaət, fədakarlıq, cəsarət və vətənpərvərlik nümunələri ilə, sözün əsl mənasında, qəhrəmanlıq dastanına döndülər. Belə qəhrəman şəhidlərimizdən biri də MDU-nun məzunu Kənan Abdullayevdir.
Ailənin ikinci övladı olan Kənan 1990-cı il dekabrın 3-də Mingəçevir şəhərində dünyaya göz açıb. Uşaqlıqdan qardaşı Nurlan və əmisi qızı Çinarə ilə birlikdə böyüyən Kənan onlarla bərabər Mingəçevir şəhər 16 nömrəli orta məktəbdə təhsil alıb. Müəllimləri Kənanı vətənpərvər və örnək şagird kimi yüksək qiymətləndirirdilər.
Şəhidlər doğulduğu gündən seçilir
“Kənan yaşıdları arasında seçilirdi” - atası Mübariz Abdullayev belə deyir. Bir ata üçün övladını itirmək nə qədər ağır olsa da, yenə də oğlunun ömür yolu haqqında məğrur və başıuca danışır. Kənanın 2011-ci ildə Mingəçevir Politexnik İnstitutunun (indiki Mingəçevir Dövlət Universiteti) İqtisadiyyat fakültəsinə qəbul olduğunu qeyd edən şəhid atası övladının tələbəlik illərini belə xatırlayır: “Kənan tələbə həyatına çox həyəcanla başlamışdı. Orta məktəbdə dərslərinə necə yüksək səviyyədə hazırlaşırdısa, elə də universitetdə təhsilini davam etdirirdi. Çox fərqli insan idi. Özünə qarşı çox tələbkar və məsuliyyətli idi. Valideyn olaraq, əsla ondan şikayət eşitmədik, əksinə müəllimləri hər zaman Kənanı tərifləyir, nümunəvi olduğunu deyirdilər. Kənan hələ uşaq yaşlarından öz vəzifələrini yaxşı bilir və dərk edirdi. Hər zaman üzümüzü ağ elədi”.
2015-ci ildə ali təhsilini bitirdikdən sonra Kənan hərbi xidmətə yollanıb. Uşaqlıqdan vətəninə bağlı olan Kənan əsgərlik dövründə də şəxsi keyfiyyətlərinə və qabiliyyətlərinə görə seçilib. Bütün tapşırıqları, normativləri vaxtında və düzgün qaydada yerinə yetirərək hərbi xidmətini yüksək səviyyədə başa vurub. Əsgərlik müddəti başa çatsa da, o, könüllü olaraq müddətdən artıq həqiqi hərbi xidmətə daxil olub. Leytenant rütbəsində 2 il vətənə xidmət etdikdən sonra Kənan təhsil aldığı ixtisası üzrə karyerasını davam etdirməyə qərar verib.
“Ürəyi böyük idi şəhid balamın”
Azadə ana övladı Kənan haqqında qürurla danışırdı, səsinin titrəyişindən oğluna olan sonsuz sevgisi və həsrəti hiss olunurdu. Hər zaman Kənandan yaxşı xəbərlər eşitməyə alışdıqlarını bildirən ana övladının bankların birində öz ixtisasına uyğun işə düzəlməsi xəbərindən çox sevindiklərini deyir. Azadə ana oğlunun həmyaşıdları arasında həssaslığı ilə hər zaman seçildiyini, yaşlı insanların və uşaqların arasında özünəməxsus hörmət sahibi olduğunu qeyd edir: “Kənan balaca uşaqlara da ağsaqqallara yanaşdığı hörmətlə yanaşırdı. Böyüklə böyük, kiçiklə kiçik olurdu, ürəyi böyük idi şəhid balamın. Kənan səliqə-sahmanı çox sevirdi. Hər şeyə maraq göstərirdi və ürəyincə olmayan işlərə qane olmazdı. Oturduğumuz evin layihəsini belə özü hazırlamışdı. Çox tələsirdi ki, ev tikilib qurtarsın, tam hazır olsun. Amma görmək, içində oturmaq ona qismət olmadı”.
“Kənan, sözün əsl mənasında, bizim taborun sarvanı idi”
Tovuzda baş verən iyul döyüşlərindən təsirlənən leytenant Kənan Abdullayev könüllü olaraq ordu sıralarına yazılıb. 2020-ci ilin sentyabr ayının 30-dan etibarən isə Vətən müharibəsi döyüşlərində iştirak edirdi. Anasının ürəyi intizarda qalmasın deyə, Kənan yaxınlarından heç kimə döyüş bölgəsində olduğunu deməyib. Valideynləri ilə hər dəfə telefonla danışanda “Narahat olmayın, yerim yaxşıdır, hər şey yaxşı olacaq” demişdi.
Kənanın komandirlik etdiyi əsgərlərdən biri, beşinci taborda onunla çiyin-çiyinə döyüşən Mohuma Eminov leytenantı belə xatırlayır: “Kənan bizim taborun sarvanı idi. Bütün tabora xüsusi həssaslıqla yanaşırdı. Gecə-gündüz onu yatan görmədim, həmişə oyaq olurdu. Daim döyüş planı haqqında düşünürdü, sonra bizi ətrafına toplayıb hücum taktikasını izah edirdi. Hər birimizə ürək-dirək verirdi. Bir neçə dəfə ağır döyüşlərə girdik. Leytenant Abdullayev hər zaman əsgərlərinin sağlamlığına görə təlaşlı görünürdü və sıxıntılar çəkirdi. Bir gün ərzaq və su gətirmək üçün bir neçə əsgərlə bərabər dağdan enməli olduq. Bu zaman Kənanla söhbət etməyə imkanım oldu. Səsindən narahatlığını hiss edirdim. Komandirin üzündəki təlaşın səbəbini soruşdum. O isə, cavabında “sizin hər birinizin canının sağlamlığından mən məsuliyyət daşıyıram” dedi. Əməliyyatlar zamanı yaralanan əsgərimizi necə neytral zonadan çıxardığını, ona necə tibbi yardım göstərdiyini görəndə başa düşdüm ki, komandirimiz biz əsgərləri qorumaq üçün canından belə keçməyə hazır idi. Deyirdi ki, siz mənim kiçik qardaşlarımsınız. Elə də qorudu bizi. Kənan ölümün üstünə yürüdü, qardaşlarını, vətənini, torpağını mübarək qanı ilə qorudu”.
M.Eminov Kənanın şəhid xəbərini eşidəndə bütün taborun kədərə qərq olduğunu deyir: “Kənanın şəhid olduğu günü heç zaman unutmayacağam. Çünki Kənan, sözün əsl mənasında, bizim taborun sarvanı idi. O bizi hər an, hər dəqiqə qoruyur, döyüşə ruhlandırırdı. Döyüş yoldaşlarına “Qələbədən sonra hamımız görüşüb, mütləq bu torpaqlara istirahət etməyə gələrik” deyirdi. Amma qismət olmadı. Lakin, şəhidlər ölmür. Onlar ən ali zirvədədirlər. Mən hiss edirəm ki, komandirim elə o torpaqlardadır”.
Şəhidlik zirvəsində sonlanan ömür yolu əbədiyyət üfüqündə hər zaman parlayacaq
Azərbaycan Ordusunun leytenantı, 29 yaşlı Kənan Abdullayev oktyabrın 16-da Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Qəhrəman zabitimiz 17 oktyabrda Mingəçevir şəhər Şəhidlər xiyabanında dəfn edilib. Azadə ana oğlunun şəhid xəbərini belə xatılayır: “Oğlum döyüşlərdə olduğunu məndən necə gizlədirdisə, eləcə də onun ölüm xəbərini gizlətdilər. Həyətə yığışan insanlardan soruşurdum nə olub? Niyə yığışmısınız? Heç kim dinmirdi. Ağlıma belə gətirmirdim ki, Kənan bizi qoyub gedər. Tabutu qapıdan içəri girən günü mən də Kənanla bərabər öldüm”.
Bütün şəhid valideynlərinin qürurlu duruşunun arxasında sonsuz kədərləri var. Övlad itirən valideynlərin hər birinə Allahdan səbr diləyirik.
K.Abdullayevin şəhidlik zirvəsində sonlanan ömür yolu əbədiyyət üfüqündə hər zaman parlayacaq və onun əziz xatirəsi uca tutulacaq.
Əzəli torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən K.Abdullayev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Vətən müharibəsi zamanı ordunun arxasında dayanan güclü xalq döyüşə gedən əsgərini qürurla yola saldı, hər gələn şəhidini izdihamla qarşıladı. Azərbaycan xalqı şəhidlərini daim dərin hörmət və ehtiramla yad edir. Üçrəngli bayrağın müqəddəsliyini ürəyində daşıyan hər bir azərbaycanlı şəhidlik məqamına yüksəlməyi ən böyük şərəf və qürur hesab edir. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, dövlətimizin suverenliyi və xoşbəxt gələcəyi uğrunda canlarını fəda etmiş şəhidlərimiz müasir gənclik üçün ən gözəl vətənpərvərlik nümunəsidir.
Şəhidlər qoymadı ensin bu bayraq, Hər dalğası bir şəhidin ruhudu. Vətən iman yerim, Vətən inancım, Bu Vətən savaşı - xalqın ruhudu.
Qeyd edək ki, 30 illik yurd həsrətinə son qoyan 44 günlük tarixi zəfər yürüşündə MDU-nun 4 əməkdaşı, 120-dən çox tələbə və məzunu iştirak edib, 5 məzunu isə şəhidlik zirvəsinə ucalıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Mingəçevir Dövlət Universiteti Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzi
|
|
04.06.2021 | 15:16 | |
|
|
|