Səadət kamalla yetişir başa | |
Xoşbəxtliyin sirri nədir? Bu sual hamını düşündürür. Böyüklər üçün xoşbəxtliyin hüdudları geniş, sirləri çoxdur. Onlar həyatdan çox şey götürmək, çox şeyə nail olmaq istəyirlər. Balacalar üçün xoşbəxtliyin sərhəddi çox da əhatəli deyil. Bir qucaq sevinc olsa, qənaətlənirlər. Bu sevinc ata-ana yanında olmaqdan, onların nəvazişindən bəhrələnməkdən, oyun və əyləncələrə qatılmaqdan ibarətdir. Hamı qayğısız, sevincli uşaqlıq illəri keçirmək istəyir. Uşaqlıq illərində bu qayğısız, sevincli illər bir-birini izləyir. Öncə hər bir uşaq məktəbə, I sinfə getmək arzusunda olur. Əlinə çanta alıb məktəbə yollandığı günü əziz xatirə kimi ömrü boyu yaddaşında yaşadır. Dostumuz, həmkarımız Ənvər kimi!
Ənvər 1957-ci ilin sentyabrında Yevlax rayonunun Kövər (Malbinəsi) kənd məktəbinə necə sevinclə yollandığını unutmur. Həmin günləri hafizəsində canlandıranda Bəxtiyar Vahabzadənin “Məktəb yolları” şeirini yada salır və astadan:
A mənim uşaqlıq dostum, həmdəmim! Sən bilsən, nə qədər mənə əzizsən.
Məni səadətə siz apardınız, A məktəb yolları, məktəb yolları!
İllər quş qanadlıdır. Hiss edilmədən ötüb keçir. Ənvər dərslərinə fikir verir, əla və yaxşı qiymətlərlə, nümunəvi davranışı ilə valideynlərinə xoş ovqat bəxş edir, müəllimlərinin etimadını doğruldurdu. O, ədəbiyyat fənnini sevirdi. Şairlərin, yazıçıların əsərlərini acgözlüklə, doymadan oxuyurdu, faydalanırdı. Nizami Gəncəvinin sözlərinə önəm verirdi:
Çalış öz xalqının işinə yara, Geysin əməlinlə dünya zərxara.
Bunu da unutmurdu ki:
Kamil bir palançı olsa da insan, Yaxşıdır yarımçıq papaqçılıqdan.
Odur ki, Ənvər orta təhsilini başa vurub arzusunun mənzilinə yol aldı.
Əlvida uşaqlıq, salam, gəncliyim!
Ənvər Abbasov sənədlərini o vaxtkı V.İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinə verdi. Həm arzusuna yetdi, həm də valideynlərini və müəllimlərini sevindirdi. Məhəmməd kişi Ənvərə xeyir-dua verərkən dedi:
- Oğlum, başımızı uca elədin. Mən ali təhsil almamışam. Ananla mən sadə, əməksevər insanlarıq. Kolxozda çalışırıq. Sənin müəllim peşəsinə yiyələnib, dərs deyəcəyini təsəvvürümə gətirəndə fərəhim köksümə sığmır. İnanıram ki, sən o biri övladlarımıza da nümunə olacaq, onları da ali təhsil almağa həvəsləndirəcəksən!
Məhəmməd kişi Ənvərin alnından öpüb ona: “Uğurlar!” - dedi. “Ata nəsihəti faydasız olmaz!”. Ənvər müəllimlik peşəsinin sirlərinə dərindən yiyələnmək üçün gecəsini-gündüzünə qatıb dördillik yuxusuz gecələr, narahat gündüzlər keçirdi. Mühazirələrdən qalmadı, seminar məşğələlərində hazırlığı ilə seçildi. Nəhayət, əlinə müəllimlik diplomu aldı.
İnsana arxadır onun kamalı
Ənvər daha kəndin tozlu-torpaqlı yollarında atılıb-düşən, evdə anasının parçadan tikdiyi çantaya kitablarını yığaraq məktəbə yollanan, mürəkkəbqabını gah çantasına dağıdan, gah da əllərini mürəkkəbə batıran, dəftərə mürəkkəb damızdıran 7-10 yaşlı uşaq, nə də ki, yeniyetməlik yaşı ilə ilk gənclik yaşı arasında vurnuxan bir şəxs deyildi (İndi mağazalar cürbəcür məktəbli çantaları ilə doludur, cürbəcür avtoqələmlər satılır. Ötən əsrin 40-50-ci illərində, hətta bir qədər sonralar da indiki çantalar yox idi, yaxud da əldə etmək olmurdu. Çantaları analar evlərdə tikirdilər. Qələm kimi ucuna pero keçirilmiş xüsusi məktəb ləvazimatından istifadə olunurdu, o da mürəkkəb doldurulmuş mürəkkəbqabına batırılaraq yazı yazırdı).
Ənvər Pedaqoji İnstitutun divarları arasında təhsil alan bir gənc kimi məsuliyyətini yaxşı dərk edirdi. Feyzulla Qasımzadə, Əbdüləzəl Dəmirçizadə, Məmmədhüseyn Təhmasib kimi müqtədir alimlərin mühazirə və seminarlarını dinləməkdən doymurdu. Yaxşı bilirdi ki, “İnsana arxadır onun kamalı”. Hər zaman öyrənmək, inkişaf etmək lazımdır.
1971-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirən Ənvər müəllimin təyinatını Yevlax rayonuna verdilər. Vaxtilə təhsil aldığı Kövər kəndində və eyni zamanda M.F. Axundov adına 1 nömrəli şəhər məktəbində müəllim kimi fəaliyyətə başladı. O, çox yaxşı başa düşürdü ki, həmkarları arasında, eyni zamanda valideynlər və şagirdlər arasında hörmət və nüfuz qazanmaq üçün məktəbliləri bir böyük, bir valideyn kimi sevməli, öz işinin ustası olmalı, ixtisasını dərindən bilməli, eyni zamanda tədris etdiyi fənnin metodikasına dərindən bələd olmalı və ona yiyələnməlidir.
Ənvər müəllim işlədiyi ilk illərdə qabaqcıllığı ilə fərqlənməyə başladı. Onun dərs dediyi şagirdlər, demək olar ki, hər il respublika inşa yazı müsabiqələrində iştirak edir və yaxşı yerlər tuturdular. Şagirdlərinin bu uğurlarına görə o, hələ 1975-ci ildə “Qabaqcıl maarif xadimi” döş nişanına layiq görülmüşdü.
Az sonra Ənvər müəllimi Yevlax rayon və şəhər təhsil şöbələrində işə dəvət etdilər. 1975-1977-ci illərdə o, burada metodist vəzifəsində çalışdı, müəllimlərin yaxın məsləhətçisi oldu, eyni zamanda müəllimlik fəaliyyətindən də qalmadı.
Qüvvət elmdədir...
Ənvər müəllim elmi yaradıcılığa çoxdan maraq göstərirdi. Onun ilk məqalələri (“Böyük sənətkar”, “Yuxular və insanlar”, “Aşıq Ələsgər novator sənətkardır”) hələ 1971-1972-ci illərdə çap olunmuşdu.
“Arzular quş qanadlı olur” deyirlər. Ənvərin arzuları da qanadlanaraq uçur. Nəhayət, o, Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun (hazırda Azərbaycan Respublikasının Təhsil İnstitutu) Azərbaycan dilinin tədrisi metodikası şöbəsinə işə qəbul edildi. Şöbənin müdiri görkəmli alim, dilçi-metodist, pedaqoji elmlər doktoru, professor Əziz Əfəndizadə idi. Ənvər müəllim dissertanturaya qəbul olunaraq professor Ə.R.Əfəndizadənin elmi rəhbərliyi ilə tədqiqatlara başladı. “Rus məktəblərində Azərbaycan dili təlimi məzmununun linqvistik-didaktik problemləri” mövzusunda dissertasiyasını uğurla başa çatdırdı. 1988-ci ildə müdafiə edərək, pedaqoji elmlər namizədi (hazırda pedaqogika üzrə fəlsəfə doktoru) elmi dərəcəsi aldı.
Sonradan institutun elmi katibi (1990-2000), Azərbaycan dilinin tədrisi metodikası şöbəsinin müdiri (1994-cü ildən) vəzifələrində çalışdı, 2000-ci ildə institutun direktor müavini vəzifəsinə təyin olundu. Artıq 20 ildir ki, bu vəzifədə çalışır.
Ənvər Abbasov məhsuldar alimdir. Pedaqogika elminin, müasir təhsilin incəliklərinə bələddir, yaxşı metodistdir.
Dərsliklər müəllifi
Ənvər müəllim təlim Azərbaycan dilində olan məktəblərin V, X və XI sinifləri, eyni zamanda təlim rus dilində olan məktəblərin V və X sinifləri, həmçinin təlim gürcü dilində olan məktəblərin V-VI sinifləri üçün dərsliklərin; ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün “Azərbaycan dili” fənn proqramının (2002); ali təhsilin bakalavr pilləsi üçün Azərbaycan dilinin tədrisi metodikası (2003) və s. proqramların müəllifidir.
Ənvər Abbasovun müəllif və həmmüəllif olduğu dərsliklərin sayı 40-a qədərdir. Eyni zamanda o, 200-dən artıq elmi-metodik və pedaqoji əsər yazmış, həmkarları ilə birlikdə məktəbli üçün ilk “Azərbaycanca-rusca lüğət” (1985) kitabını hazırlamışdır.
Təhsil islahatlarının fəal iştirakçısı
Ə.M.Abbasov 2004-cü ildən direktor müavini vəzifəsi ilə yanaşı, Azərbaycanda ilk dəfə yaradılmış Kurikulum Mərkəzinin direktoru vəzifəsinə təyin olunmuşdur. Təqdirolunası haldır ki, onun rəhbərliyi altında Təhsil İnstitutunda ölkəmizin təhsil tarixində ilk hadisə kimi nəticəyönlü təhsil kurikulumları (“Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli Kurikulumu) və ümumi təhsil məktəbləri üçün 21 fənn üzrə standart və kurikulumlar”) hazırlanmışdır. Bu sənədlərin hasilə gəlməsində 300-dən çox təhsil işçisi iştirak etmişdir. Həmin sənədlər 2006, 2007, 2011-ci illərdə təsdiq olunaraq məktəblərin istifadəsinə verilmişdir.
Ənvər müəllim “Kurikulumların hazırlanması və tətbiqi məsələləri” (2008), “Kurikulum islahatı: tədqiqatlar və nəticələr” (2011), “Ümumi təhsilin fənn standartları I-XI siniflər” (2012), “Yeni təhsil proqramlarının (kurikulumların) tətbiqi məsələləri” (2014), “Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramı (kurikulumu)” (2014), “Məktəb kurikulumları” (2015), “Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün Azərbaycan dili fənni üzrə təhsil proqramı (kurikulumu) (V-XI siniflər)” (2015), “Kurikulum islahatı: biblioqrafik məlumat” (2016), “Standart və kurikulumlar: nəzəri və praktik məsələlər” (2016) adlı tədqiqatların aparılması və nəşrinə rəhbərlik etmişdir.
“İnnovativ pedaqoji texnologiyalar”, “12 illik təhsil: bəzi pedaqoji paradiqmalar”, “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsi”ndə milli təhsil konturları, “Kurikulum təhsilimizə nə verir?” və s. bu kimi onlarla məqalələr; “Pedaqoji texnologiyalar” (şərikli) , “Kurikulum bələdçisi” (şərikli) və s. kitab və dərs vəsaitləri pedaqogika üzrə fəlsəfə doktoru, dosent Ənvər Abbasovun təhsil və pedaqoji elm sahəsindəki uğurlarından xəbər verir.
Təhsilimizin inkişafına dair fikirlərdən
“Müasir zamanda məktəbin missiyası dəyişir dedikdə məhz onun funksional yenilikləri nəzərdə tutulur. Elə yeniliklər ki, onlar Əlahəzrət şəxsiyyətin bütün tələbatlarında təzahür edir və sonradan cəmiyyətin inkişafı naminə fəaliyyətlərin əsasına gəlir, sosial sifarişlərin nəticəsinə çevrilir”.
“Biz həmişə dərsə bir texnologiya kimi baxırıq. Dərs adiliyində, doğrudan da, formadır. Lakin o həm də bir yaradıcılıq nümunəsi, təsir vasitəsi və emosional bir məkandır. Orada müəllim-şagird münasibətlərinin bənzərsiz bir harmoniyası vardır. İstək, məhəbbət, qarşılıqlı hörmət bu harmoniyanın mayasını təşkil edir. Müasir zamanın informasiya qasırğasında dərs öyrənmə məkanı olmaqla yanaşı, daha çox mükalimə etmək, əlaqələnmək, istiqamət almaq, məsləhətləşmək, müzakirələr aparmaq məkanına çevrilir”.
“Bu gün dünyanın intellektual təhsil aləmində istifadə olunan müasir dərsliklərin öyrənilməsinə, Azərbaycan şəraitində istifadə olunan, təfəkkür məktəbinin ehtiyac və tələbatlarına cavab verə bilən dərsliklərin elmi-pedaqoji əsaslarının araşdırılmasına ehtiyac vardır. Bu yanaşma tərzi həm dərsliklərin yaradılmasına, ondan istifadə olunmasına, həm də dərsliklər barəsində fikir mübadilələrinin müəyyən elmi-pedaqoji əsasda aparılmasına şərait yarada bilər. Belə bir prosesdə yaradıcı müəllimin rolu əvəzedilməzdir”.
“Yeni kurikulumların yaradılması müasir pedaqoji elmin uğurlarından biri kimi dəyərləndirilir. Artıq müasir zamanda ənənəvi sistem qlobal inkişaf tendensiyasına cavab verə bilmir. Ona görə də şagird şəxsiyyətinin inkişafına yönəlmiş təhsil standartları, yeni təlim strategiyaları meydana gəlmişdir. Eləcə də müasir pedaqoji elmin ən yeni uğurlarından biri kimi şagird nailiyyətlərinin qiymətləndirilməsi sisteminin yaradılması işinə başlanılmışdır”.
“12 illik təhsil sisteminə keçilməsi planlaşdırılmışdır. Bu müddəanın əhəmiyyətliliyini bir neçə şərtlərlə əsaslandırmaq olar. Əvvəla, Dövlət Strategiyasında göstərildiyi kimi, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına görə hər hansı ölkədə istənilən təhsil pilləsi üzrə təhsil müddətinin bir il artırılması ölkədə ümumi daxili məhsulun 3-6 faiz artmasına gətirib çıxarır.
İkinci, 12 illik ümumi təhsil sisteminə keçid dünyanın bu standartlarla işləyən çox sayda ölkələri ilə müəyyən təhsil mübadilələrinin səmərəli qurulmasına imkan yaradır. Üçüncü, ümumi təhsilin dəyəryönlü məqsəd daşıması, şəxsiyyətin, vətəndaşın formalaşmasına xidmət etməsi missiyası özlüyündə təhsil müddətinin az və ya çox dərəcədə uzun olmasını tələb edir. Başqa sözlə, dəyərlərin mənimsənilməsinin keyfiyyəti xarakter etibarı ilə ümumi təhsilin müddətindən daha çox asılıdır. Belə olduğu təqdirdə davamlı təhsilin bünövrəsinin daha möhkəm yaradılması üçün imkan yaranmış olur”.
Elmi kadrların yetişməsində rolu
Gənc elmi kadrların yetişməsində Ənvər Abbasov özünəməxsus rol oynayır. O, Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərən pedaqoji elmlər üzrə dissertasiya şurasının üzvüdür. İstər elmi rəhbər, istərsə də rəsmi opponent kimi üzərinə düşən vəzifələri şərəflə yerinə yetirir. Onun elmi rəhbərliyi ilə 10 nəfərdən artıq fəlsəfə doktoru yetişmişdir.
Dünya təhsil sistemi ilə tanışlıq
Ə.M.Abbasov təhsil islahatları dövründə dünyanın inkişaf etmiş ölkələrində təhsil təcrübəsini öyrənmək üçün bir sıra səfərlərdə olmuşdur. O, ABŞ-ın (2001), Finlandiyanın (2003, 2012), İsveçin (2003), Hollandiyanın (2005), Avstraliyanın (2006), Kanadanın (2007), Litvanın (2009), Braziliyanın (2010) standart və kurikulumların hazırlanması sahəsindəki təcrübələrini öyrənmiş, respublikamızda məktəbəqədər təhsil və ümumi təhsil pillələrinin yeni məzmun və texnologiyalarının hazırlanması və tətbiqinə rəhbərlik etmişdir.
Ənvər Abbasovun təltifləri
Ə.M.Abbasovun səmərəli elmi-pedaqoji fəaliyyəti həmişə diqqət mərkəzində olmuşdur. Dövlətimiz onun təhsil sahəsindəki xidmətlərini qiymətləndirmişdir. Belə ki, 2005-ci ildə o, ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalına, 2006-cı ildə isə respublikanın Əməkdar müəllimi fəxri adına layiq görülmüşdür.
Ənvər Abbasova arzumuz
Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Ənvər Məhəmməd oğlu Abbasovun təhsilimizin inkişafındakı xidmətlərindən, pedaqoji elmlərə verdiyi töhfədən çox danışmaq olar. Dostumuz, həmkarımız Ənvər müəllim bir şəxsiyyət kimi çox dəyərli insandır. Xeyirxahdır, səmimidir, obyektivdir, kömək göstərəndir. Ailəcanlıdır. İki oğul atasıdır. Hər iki oğlu ali təhsil alıb. Həyat yoldaşı Kəmalə Quliyeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, pedaqogika üzrə fəlsəfə doktorudur. İstəkli nəvələri var. Babaları Ənvər müəllimə xoş ovqat, tükənməz sevinc bəxş edirlər.
Ənvər Abbasov cəmiyyətdə də, ailə həyatında da uğurlar qazanıb. Özünü xoşbəxt hiss edir. Çalışdığı Azərbaycan Respublikasının Təhsil İnstitutunun kollektivi arasında dərin hörmət qazanıb. O, instituta son dərəcə bağlıdır, kollektivi, buradakı işini sevir.
Sön söz. Dosent Ənvər Məhəmməd oğlu Abbasov ömrünün 70-ci baharını salamlayır! O, 1951-ci il iyunun 3-də Yevlax rayonunun Kövər (Malbinəsi) kəndində anadan olmuşdur.
Yaşının üstünə yaş gəlsə də, gənclik həvəsi ilə yazıb-yaradır, təhsilimizin inkişafına öz köməyini göstərir. Gəlin anadan olmasının 70, elmi-pedaqoji fəaliyyətinin 50 illiyi münasibəti ilə Ənvər müəllimi təbrik edək və ona: 70 yaşın mübarək olsun deyək!!!
Akif ABBASOV, Azərbaycan Respublikasının Təhsil İnstitutunun elmi katibi, pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim |
|
04.06.2021 | 12:54 | |
|
|
|