Magistrantların XII Regional elmi konfransı

Naxçıvan Dövlət Universiteti (NDU), Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Universiteti magistrantlarının birgə konfransı keçirilib.

 

NDU-nun rektoru Elbrus İsayev bildirib ki, muxtar respublikada yerləşən ali təhsil müəsissələrinin magistrantlarının elmi konfraslarının təşkili artıq ənənə halını alıb. İxtisaslı kadrların hazırlanmasında magistr pilləsinin mühüm əhəmiyyətindən danışan rektor bu gün universitetin magistraturasını bitirən məzunların muxtar respublikanın təhsil sahəsinə mühüm töhfələr verdiyini vurğulayıb. Qeyd edib ki, təhsilə göstərilən yüksək qayğı təhsilverənlərin və təhsilalanların qarşısına çox böyük məsuliyyət qoyur. Belə ki, tələbələr müasir tədris metodları ilə yanaşı, geniş imkanlara malik maddi-texniki bazası olan ali təhsil müəsissələrində həm nəzəri biliklərə, həm də təcrübi bazaya malik olur, gənclər daha çevik, innovativ metodlarla işləməyi öyrənirlər. Vurğulanıb ki, elmə, təhsilə göstərilən diqqət və qayğının nəticəsində cəmiyyətdə savadlı, bilikli, öz fəaliyyəti ilə doğma diyarına töhfə verən gənclər yetişməkdədir.

 

Ali təhsil ocağında magistr hazırlığı sahəsində görülən işlərdən danışan rektor magistrantların hazırlanması sahəsində ciddi işlərin həyata keçirildiyini bildirib. Qeyd olunub ki, universitetdə növbəti tədris ilindən magistr dissertasiyalarının xüsusi proqram vasitəsilə yoxlanılması həyata keçiriləcək:”Hal hazırda universitetin magistratura təhsil səviyyəsində  I kurslarda  64 ixtisaslaşma  üzrə 204, II kurslarda isə 47 ixtisaslaşma  üzrə 144 magistrant təhsil alır. Bu il keçirilən magistraturaya qəbulun nəticələrinə görə bakalavr mərhələsini bitirən məzunların 187 nəfəri imtahanda iştirak edib, bunlardan 158-si  müsabiqə şərtlərini ödəyib”.

 

E.İsayev universitetdə yaradılması nəzərdə tutulan Texnologiyalar Parkının da magistraturada təhsil alan tələbələrin öz bacarıqlarını nümayiş etdirmələri baxımından mühüm əhəmiyyət kəsb edəcəyini vurğulayıb. Eyni zamanda bildirilib ki, tələbələr gələcəkdə Texnopark vasitəsilə beynəlxalq şirkətlərlə də əməkdaşlıq etmək imkanı qazanacaq.

 

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev ali təhsil sistemində magistr pilləsinin əhəmiyyətindən danışıb. Bildirib ki, əvvəlki dövrlərlə müqayisədə müasir tədris proqramına uyğun keçirilən dərslər tələbələrin ixtisaslı kadr kimi yetişməsinə xidmət edir. İ.Hacıyev elmi-tədqiqat işlərinin daha da geniş vüsət alması üçün magistratura təhsilini başa vuran məzunların Akademiyada fəaliyyət göstərməsi üçün yaradılan şəraitdən də bəhs edib.  

 

Naxçıvan Müəllimlər İnstitunun rektoru Azad Novruzov muxtar respublikada elmə, təhsilə göstərilən dövlət qayğısına toxunub. Bildirib ki, konfransların keçirilməsi tələbələrin elmi-tədqiqat işlərinin qiymətləndirilməsi baxımında xüsusi rola malikdir.  

 

Naxçıvan Universitetinin rektoru Nurlana Əliyeva təhsilin və elmin qarşısında duran əsas vəzifənin yüksək ixtisaslı kadrların hazırlanması olduğunu qeyd edib. Universitetdə 8 ixtisas üzrə magistr hazırlığının həyata keçirildiyini, hər üç ali təhsil müəssisənin birgə qatıldığı konfransın əhəmiyyətini vurğulayıb.

 

Konfransda magistrantlar öz məruzələri ilə çıxış ediblər.   

 



01.06.2021 | 13:24