“Biz təhsilin hakim qüvvə olduğu bir dünyada yaşayırıq”

“Yeni çağırışlar”da növbəti qonaq “edX” yaradıcısı və MIT professoru Anant Aqarval olub

 

“Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti qonağı “edX” öyrənmə platformasının yaradıcısı və CEO-su, Massaçusets Texnologiya İnstitutunun (MIT) professoru Anant Aqarval öz təcrübələrini bölüşüb.  Təhsil Nazirliyinin dəstəyi və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən “Yeni çağırışlar” proqramının 20 may 2021-ci il tarixində yayımlanan bölümündə təhsildə liderlik və distant təhsil barədə danışılıb.  Təhsil Nazirliyinin “Facebook” səhifəsindən canlı yayımlanan görüş Mətin Axundlunun tərcüməsi ilə Azərbaycan dilində əks olunub.

 

13 yaşında quşçuluq fabriki açmağa qərar vermək...

 

Gorüşün aparıcısı, “T-networkun” koordinatoru Cəfər Mənsimi Anant Aqarvalı salamlayıb və proqramda iştirak etdiyi üçün təşəkkürünü bildirib. Qonağı izləyicilərə yaxından təqdim edən aparıcı bildirib ki, professor Anant Aqarval Forbes jurnalının 15 ən yaxşı yenilikçi siyahısında yer alıb, Ginnesin Rekordlar Kitabına düşüb. Təhsilin inkişafına verdiyi töhfələrə görə “Mauirice Wilkes”, “Smullin və Jamieson”, “Harold W. McGraw Ali Təhsil Mükafatı”, “Yidan”, Hindistan prezidentinin “Padma Shri” mükafatı olmaq üzrə bir sıra qlobal mükafatlara layiq görülüb. Professor Aqarval MIT-in Kompüter Elmləri və Süni Zəka Laboratoriyasının (CSAIL) direktoru olub. Onun yaradıcısı olduğu, Harvard və MIT tərəfindən qurulan “edX”  öyrənmə platformasına bu günədək 160-dan çox ölkədən 38 milyon istifadəçi qoşulub və dünyanın tanınmış 160 universiteti tərəfindən kurslar təqdim edilib.

 

C.Mənsiminin qonağa ünvanlandırdığı ilk sual “Siz 11 yaşınız olanda əminiz alan elektrik mühərrikini uğurlarınızın başlanğıcı hesab edirsiniz. Hətta 13 yaşında bir quşçuluq fabriki açmağa qərar verərək yumurta toplayıb satmaq üçün günə səhər saat 4-dən başlamısınız. Maraqlıdır, bu, gələcək uğurlarınıza necə təsir edib” olub.

 

Professor həqiqətən 6-cı sinifdə oxuyarkən ona hədiyyə edilmiş mühərriki uğurlarının başlanğıcı hesab etdiyini təsdiqləyib və qeyd edib ki, həmin dövrdə mühərriklə nə edəcəyini bilməyərək onu söküb, yararsız hala salıb və buna görə çox məyus olub. Lakin bu uğursuzluğu sonradan onun bir çox uğurlarının təməlinə çevrilib. Daha sonra 13 yaşında çəkdiyi əziyyətlərə rəğmən quşçuluq fabriki açmaq istəyi də nəticəsiz qalsa da, bundan heç bir zaman ruhdan düşmədiyini, əksinə, ancaq yeni ideyalar üzərində düşündüyünü bildirib: “Bacarmaram, mənlik deyil, tanışım yoxdur sözləri sizə maneə olmamalıdır.  İstəmək, ürəkdən nəyəsə can atmaq əsas şərtdir. Siz nəyisə ürəkdən istəyirsinizsə və bunun üçün zəhmət çəkirsinizsə, istədiklərinizə nail olacaqsınız. Mən həyatımın modulu üçün bir qayda müəyyən etmişəm - zəhmət başlıca şərtdir”.

 

Hər kəs üçün əlçatan təhsil

 

Təhsildə necə dəyişiklik etməyə başladığı barədə danışan professor bildirib ki, o Hindistanın Ərəb Körfəzi sahilində, Manqalorda böyüyüb. Mədrəs şəhərində (1966-cı ildən Çennai adlanır) elektronika ixtisası üzrə axırıncı kursda təhsil alarkən 300 tələbənin qatıldığı imtahanda iki mənfi nəticə əldə edən tələbədən biri olub. Uğursuzluğun nə olduğunu və onun hansı nəticələr verdiyini bilən Anant Mədrəsdə oxuyub məzun olduqdan sonra kompüter elmləri üzrə ixtisaslaşmaq üçün Harvarda yollanıb. A.Aqarval sonradan orada qalıb və Harvard Universitetində dərs deməyə başlayıb. 1997-ci ildə Massaçusets Texnologiya İnstitutunda professor və məruzəçi olub, həmin zamandan təhsilin hamı üçün əlçatan olması ideyası üzərində işləməyə başlayıb.  Harvard və MIT-in təhsil imkanları geniş olduğu üçün professor çalışıb elə bir platforma yaratsın ki, bu təhsil imkanlarından, yaşadığı ölkədən və sosial vəziyyətindən asılı olmayaraq hər kəs yararlana bilsin. Beləliklə, 2011-ci ilin dekabrında Anant Aqarvalın yaradıcısı olduğu, Harvard Universiteti və MIT tərəfindən işlənilmiş “edX” öyrənmə platforması işə salınıb. Professor vurğulayıb ki, hazırda bu platformadan 38 milyondan çox insan istifadə edir. Onlar dünyanın müxtəlif yerlərindən ən tanınmış universitetlərinin kampuslarına gəlmədən mühazirələrə qatılaraq tədrisdən faydalanırlar. Burada bulud (cloud) kompüter texnologiyaları, sosial şəbəkə, videoların paylaşımı, bir sözlə, müxtəlif texnologiyaları özündə birləşdirən yanaşma istifadə olunur. “Təhsil ən təməl insan hüquqlarından biridir, odur ki, təhsili hamı üçün əlçatan etmək lazımdır” - A.Aqarval deyib.

 

Fəal öyrənmə

 

“edX”-in təqdimat yazısında qeyd olunan “hər bir şəxsin dəyişiklik yaratmaq potensialı var” cümləsini önə çəkən C. Mənsiminin“Sizcə təhsildə dəyişiklik yaratmaq gücündən hər kəsə payın düşməsi, hər kəsin daha yaxşıya doğru dəyişiklik elçisinə çevrilməsi üçün təhsil prosesi necə dizayn olunmalıdır? Təhsil prosesində hansı redaktələrə ehtiyac var” suallarına cavab olaraq professor qeyd edib ki, hər kəsin keyfiyyətli təhsildən yararlanmaq hüququ olsa da, reallıqda heç də hamının belə bir imkanı yoxdur. “edX” platformasının bu problemi aradan qaldırmaq məqsədilə yaradıldığını bildirən alim xüsusilə pandemiya dövrü bu cür təhsil prosesinin daha da aktuallaşdığını nəzərə çatdırıb: “Bizim edX platformasının xüsusiyyətləri budur ki, təkcə kontenti öyrətməklə iş bitmir. Məlumatı almaqla yanaşı yiyələndiyin biliyi tətbiq etmək də çox vacibdir. Bizim platformada bilik və bacarıqların tətbiq imkanları mövcuddur. Burada əsas pedaqoji komponent fəal öyrənmədir. Bunun içində biliyin ötürülməsi, interaktivlik dayanır. Daxil olduğunuz platformada mühazirələri dinləyərək bilik əldə etdikdən sonra dərhal biliyinizi yoxlayırsınız, praktikada onu tətbiq edirsiniz. Tələbələrə tapşırıqlar verilir, problemi həll etmək, laboratoriya çalışmaları, forumlara daxil olub öyrəndiklərini müzakirə etmək tələb olunur”.

 

Təhsil prosesində tətbiqlik haqqında da danışan professor bildirib ki, tələbələr mütəmadi olaraq öyrəndiklərini tətbiq edirlər. Sistem elə qurulub ki, platforma tələbəylə əks rabitə yaradır, sorğu və biliklərin tətbiqi zamanı dərhal səhvləri və nəyin üzərində işləmələri olduqları barədə tələbələrə məlumat verilir.

 

Yorulmaz öyrənənlər dünyanı dəyişir

 

Proqramın koordinatoru C.Mənsimi edX-də işlənən “Yorulmaz öyrənənlər dünyanı dəyişir” cümləsini dilə gətirərək “Davamlı öyrənməni, öyrətməyi müəllimlər təhsil alanlara necə aşılaya bilərlər, bu prosesin inkişafı üçün nə zəruridir?” sualı ilə qonağa mürəciət edib. Professor diqqətə catdırıb ki, öyrənmə dediyimiz proses tək 22-23 yaşına kimi aldığımız təhsil deyil, növbəti mərhələləri də özündə əks etdirir. “Əvvəllər marketinq varidisə, indi marketiq analitikası var. Yəni bunu başa düşmək lazımdır ki, müntəzəm olaraq ixtisasartırma və yeni biliyin əldə olunması təmin edilməzsə biz geridə qalacayıq. Təhsil ocaqlarında tələbələrə başa salmaq lazımdır ki, siz daim öyrənməlisiniz, inkişaf etməlisiniz, yeni ixtisaslara yiyələnməlisiniz. Bu məsələdə həm müəllim heyəti, həm valideynlər, həm dövlət, şirkətlər birləşməli, iş birliyi qurmalıdırlar. İndi gündəmdə olan məsələ həyat boyunca davamlı öyrənmə mədəniyyətidir. Günün çağırışı, tələbi budur. Texnologiyaların inkişafı bizə yaşayış yerimizi tərk etmədən fəal şəkildə öyrənmə, təkmilləşmə imkanı verir”.

 

Çoxmodullu təhsil

 

Əsas hədəfinin çoxmodullu təhsil sistemi yaratmaq olduğunu söyləyən A.Aqarval bildirib ki, bu sistem özündə həm canlı, əyani, həm də məsafədən öyrənməni əks etdirir. Professorun sözlərinə görə, pandemiya zamanı hamının onlayn təhsil rejiminə keçməsi səbəbindən edX-in işçilərinin sayı 10 dəfə artıb. Çoxmodullu təhsil sistemini başqa cür qarışıq öyrənmə adlandıran alim əyani öyrənmə ilə onlayn təhsilin qarışığının tətbiq olunmasını tövsiyə edib. Həm distant, həm də əyani təhsilin üstünlüklərindən danışan professor onların ikisinin bir yerdə daha məhsuldar olduğunu diqqətə çatdırıb.

 

Eyni anda 15 universitetdə təhsil almaq mümkün olacaq

 

Təhsilin gələcəyinə toxunan Anant Aqarval bildirib ki, təhsil fərqli insanları birləşdirən bir alətdir: “Təsəvvür edin, biz təhsilin hakim qüvvə olduğu bir dünyada yaşayırıq. Təhsil dünyası çox ecazkardır, deyilmi? Bu dünyada başlıca alət təhsildir və nəticə sülh, əmin-amanlıq, iş birliyi, quruculuq olmalıdır. Mən gələcəyi təhsilli insanlarla dolu, müəllimlərlə digər insanların ümumi bir bəşər uğrunda birləşəcəklərini görürəm. Təhsilli gələcək çox gözəl gələcəkdir”.

 

Professorun maraqlı çağırışlarından biri də müxtəlif universitetlərdə dərs almaqla bakalavr dərəcəsinə sahib olmağın mümkünlüyüdür. Aqarvalın fikrincə, bakalavr tələbəsi 10-15 universitetdə dərs alaraq məzun ola bilər. Eyni zamanda, bir çox insanların universitetlərdə tədris olunan hər şeyi öyrənməsinə ehtiyac yoxdur. Tələbələr onları sadəcə bir komponentdə öyrənməklə tədrisi başa vura bilərlər. MIT-də mikrobakalavr və mikromagistr dərəcələri olduğunu diqqətə çatdıran alim bunları söyləyib: “Mikromagistr dərəcəsi adi magistr səviyyəsinin 25%-ni təşkil edir. Mən bunu bir növ yüksək mərtəbəli binanın tikintisinə bənzədirəm. Sanki bina tikərkən hər qoyduğunuz kərpic müxtəlif universitetlərdən götürülən kərpiclərdir. Çoxmodullu bir göydələn tikirsiniz. Deyək ki, niyə azərbaycanlı tələbə hind dili dərsini hindistanlı müəllimlərdən almasın və ya hindli tələbə tarix dərsini azərbaycanlı professorlardan öyrənməsin?”

 

Gələcəkdə təhsildə bu yanaşma tətbiq edilsə çox yaxşı olar

 

Anant Aqarvalın proqnozlarından biri budur ki, 20-30 ildən sonra bakalavr dərəcəsi əhəmiyyətli olmayacaq və tənəzzülə uğrayacaq, işə götürənlər səriştə axtaracaq. Alim bildirib ki, bu gün belə bir yanaşma var - gənclərin təhsil alarkən əsas məqsədi diplom əldə etməkdir və bununla da iş bitir: “Sizin aldığınız təhsil çoxmodullu, yığımcıl olmalıdır. Mən təklif edirəm ki, biz təhsili hansısa illərə məhkum etməyək. Təhsil davamlı olsun və sizin işlə, məşğulluqla ayaqlaşsın. Lazımi biliklər əldə etdikdən sonra ixtisasınızla işləməyə başlayırsınız, praktikada tətbiq edirsiniz, əlavə biliyə ehtiyac duyduğunuz zaman yenə də təhsil almağa davam edirsiniz, bacarıqlarınızı genişləndirirsiniz. Yəni burada təhsilin akkumulyativ effekti olmalıdır, həmçinin çoxmodullu olmalıdır. İşlədiyiniz zaman təhsilinizi davam etdirmək imkanına sahib olmalısınız və universitetlər buna imkan yaratmalıdırlar. MIT-də tələbələrə dinlədikləri kurslar və verdikləri imtahanlar üzrə mikrobakalavr sertifikatı verilir. İş axtaran zaman məzunlar öz tərcümeyi-hallarında bu kursları bitirdikləri haqqında məlumat qeyd edirlər. Gələcəkdə təhsildə bu yanaşma tətbiq edilsə çox yaxşı olar”.

 

Dərsin müddəti necə tənzimlənməlidir?

 

“Sizcə, dərsin müddətini necə tənzimləməliyik?” sualına cavabında A.Aqarval qeyd edib:   “Təhsil sistemi illlərdir dəyişməz olaraq qalır. Mən çox istərdim blender dediyimiz qarışıq təhsil sistemindən istifadə olunsun. Tələbələrə imkan verilməlidir ki, onlar mühazirələrin videolarına baxsınlar. Bu tələbələr üçün uyğunluq imkanı verir, çeviklik yaradır. Onlar videolara baxan zaman fikir yayınırsa pauzaya basa, ötürdüklərinə diqqət yetirmək üçün sonra yenidən baxa bilərlər. Sonradan tələbələr universitetə gəlib əyani olaraq öyrəndiklərini tətbiq edə bilər, kollektiv iş aparar, laboratoriyalarda çalışarlar. Mən uzun-uzadı mühazirələrdənsə dərsləri qısa videolar vasitəsilə çatdırmağın tərəfdarıyam”.

 

Professor onu da diqqətə çatdırıb ki, 60-70% tələbələr mühazirələrin videosuna baxmazdan əvvəl tapşırıqların suallarını cavablandırmağa başlayır və cavabı bilmədikdə videoya baxır. Sanki video yox, tapşırıq onlar üçün önəm kəsb edir. Tələbələr problemi dərhal həll etmək istəyirlər.

 

Təhsildə əsas məqamlardan birinin həmyaşıdlar, həmkarlar arasında öyrənmə olduğunu deyən Aqarval öyrənmənin başlıca tərəfinin müzakirə, ünsiyyət, məşvərət, diskussiya qurmaq olduğunu bildirib. “Ənənəvi təhsil sistemində belədir ki, tələbə imtahanda iştirak edir, imtahanda uğur qazanır və ya uğursuzluqla üzləşir. Başqa imkanı, alternativi olmur. Ancaq bizim sistemdə müvafiq imkan yaradılıb. Tələbə tapşırığın öhdəsindən gələ bilmədikdə onun bir çox imkanı olur ki, qayıdıb tapşırığı təhlil etsin, yanlış və doğru etdiklərinə nəzər salsın və bir daha özünü sınasın. Zənnimcə, təhsildə bu məqamların olması çox vacibdir” - professor qeyd edib.

 

Məsafədən təhsildə məsuliyyət və motivasiya

 

“Məsafədən təhsildə motivasiya və məsuliyyəti necə artırmaq olar?” sualına cavabında alim söyləyib ki, tələbələri birinci həvəsləndirən məsələ müəllimin dərhal verdiyi reaksiyadır, onlarla paylaşılan rəydir, düzgün cavablandırdıqları tapşırıqlara görə onları tərifləmək, ruhlandırmaqdır. İkinci məsələ tələbələrə verilən sertifikatlar, diplom və sənədlərdir. Onlar sonradan bu sənədləri sosial şəbəkələrdə həmyaşıdları arasında paylaşa bilirlər və bu, bir növ, gənclər üçün özünü təsdiq sənədidir. Üçüncü məsələ tələbələrə verilən biliyin praktikliyi və təsirliliyidir. Yəni əgər məzun dinlədiyi mühazirələri praktiki olaraq tətbiq edə bilirsə, karyerası üzrə irəliləyirsə, maaşı artırsa bu, onun üçün böyük motivasiyadır: “Biz tətqiqat aparmışıq və məlum olub ki, bizim kurslara qatılan tələbələrin 89%-nin əldə etdikləri bilik və diplomlarla mütləq nailiyyətləri olur, karyeralarında irəliləyir. Bunların olması tələbələri çox həvəsləndirir”.

 

Diqqətimizi öyrənənin bilik səviyyəsinə yönəltməliyik

 

C.Mənsiminin “Sizin bir fikrinizcə XXI əsrin yeniliklərini XVIII əsrin ölçü vahidlərilə qiymətləndirməməliyik. Bu baxımdan hansı yanaşmalardan qurturmalıyıq? Köçürmə hallarının qarşısını necə alaq?” sualını da cavablayan professor bildirib ki, bu gün təhsil sistemində həqiqətəndə XVIII  əsrə aid üsullardan, qiymətləndirmələrdən istifadə edirlər. “Bəzi dərslər 60, bəziləri 45 və ya 80-90 dəqiqə davam edir. Tələbənin davamiyyəti, hansı dərslərdə iştirak edib-etməməyi əas götürülür. Bu, tamamilə keçmişdə qalmış üsuldur. Biz indi daha çox diqqətimizi öyrənənin bilik səviyyəsinə yönəltməliyik”.Məsafədən təhsildə köçürmə məsələsinə də toxunan alim  deyib ki, MIT-də belə halların qarşısını almaq üçün virtual izləyicilər var. Məsafədə və ya sinifdə imtahana nəzarət məqsədilə izləyici kameralar quraşdırılır, eləcə də xüsusi avadanlıqlar var ki, tələbələrin verdiyi cavabların köçürmə olub-olmadığını yoxlaya bilir, cavabları qiymətləndirir, köçürmə şübhəsi olduqda dərhal göstərir. 

 

8 guşəli yeni çağırışlar

 

“Yeni çağırışçı” C.Mənsimi qonağın ana dilində - hind dilində ulduzun “tara” kimi səsləndiyini deyərək proqramın simvolunun da 8 guşəli ulduz olduğunu diqqətə çatdırıb və ənənəvi “Təhsildə yeni çağırışları 8 guşəli ulduza bənzətsək, onun guşələri hansı çağırışlardan ibarət olar?” sualını ünvanlayıb. A.Aqarval proqramın çox gözəl simvolu olduğunu dilə gətirərək təhsildə 8 guşə, tərəf, bucağın oluğunu bildirib və onları sadalayıb: 1.Təhsilin hər kəs üçün əlçatan olması; 2.Əlçatan olması üçün təhsil xərclərinin azaldılması; 3.Vaxt amili, hazıkı təhsil alma vaxtı uzun olduğu üçün vaxt nəzərdən keçirilməlidir; 4.Təhsilin keyfiyyətinin artırılması və bunun üçün interaktivliyə xüsusi önəmin verilməsi; 5.Çeviklik, uyğunlaşma bacarığı, istənilən yerdə öyrənmək imkanının olması; 6.Yeni təcrübə və səriştələr imkanı yaradılmalıdır; 7.Sertifikat və diplomlar; 8.İş yerləri, ölkənin məsuliyyətli, şüurlu, uğurlu vətəndaşına çevrilmək.

 

İmkansızı hədəfləyin

 

Görüşün sonunda “Yeni çağırışlar” proqramının koordinatoru Cəfər Mənsimi çox maraqlı müsahibə üçün qonağa təşəkkürünü bildirib və professorla onu birləşdirən ortaq nöqtədən, bir zamanlar onun da təhsildə üzləşdiyi uğursuzluqdan, sonradan yazdığı təkər və saat formasında çap olunmuş “Əvvəlki sən olma”, “Yeni sən yarat” kitabları haqqında bəhs edib və kitabın redaktoru Arzu Soltanın kitabda qeyd edilən “Yol yoxdur? Yox yoldur!” fikirlərini irəli sürüb. Beləliklə, aparıcı Anant Aqarvalın “İmkansızı hədəfləyin” çağırışları ilə proqramın növbəti buraxılışını başa vurub.

 

Lamiyə ƏLİMƏRDANOVA



28.05.2021 | 11:25