“Universitetlərimizi tanıyaq” layihəsi çərçivəsində abituriyentlərlə növbəti görüş

Biləsuvar Rayon Təhsil Şöbəsinin təşəbbüsü ilə həyata keçirilən  “Universitetlərimizi tanıyaq” layihəsi çərçivəsində növbəti görüş Bakı Mühəndislik Universitetində (BMU) baş tutub.   

 

Görüşün keçirilməsində əsas məqsəd abituriyentlərin düzgün ali təhsil müəssisələri seçiminə istiqamət vermək, gələcək tələbələrin universitet haqqında ilkin təəssüratını formalaşdırmaq, müəssisənin təhsil imkanları və təhsil haqları ilə tələbələri tanış etmək, həmçinin mövcud infrastruktur haqqında maarifləndirici rol oynamaqdan ibarətdir.

 

BMU-nun Riyaziyyat və informatika kafedrasının baş müəllimi Bəhman Məmmədov (Qüdsi) giriş nitqində öncə abituriyentlərə  öz tövsiyələrini verib. Universitet haqqında geniş təqdimatla çıxış edən B.Məmmədov BMU-nun tarixi, tədris olunan  ixtisaslar, həmçinin tələbələr üçün yaradılan şərait haqqında ətraflı məlumatları görüş iştirakçıları ilə bölüşüb.

 

B.Məmmədov BMU-nun fəaliyyət istiqamətləri, burada yaradılan müasir maddi-texniki baza, elektron məlumat sistemləri, zəngin elektron kitabxanası, Texnopark və labarotoriyaları barədə zəruri informasiyaları diqqətə çatdırıb.

 

Universitetin beynəlxalq əlaqələrinə toxunan B.Məmmədov BMU-nun xarici universitetlərlə ikitərəfli əlaqələrindən, Cənubi Koreyanın İnha Universiteti ilə ikili diplom proqramının tətbiqindən, eyni zamanda mübadilə proqramlarından söz açıb.

 

Tədbirdə universitetin bütün imkanlarını özündə əks etdirən videoçarx da nümayiş olunub.

 

Görüş abituriyentləri maraqlandıran sualların cavablandırılması ilə davam edib.

 

 



24.05.2021 | 17:56