“Bilik və təcrübəmi Azərbaycan üçün sərf etməyə hazıram” | |
Müasir dövrdə ölkələrin dayanıqlı inkişafında ali təhsilin müstəsna rolu danılmazdır. Sürətli dəyişikliklər dövründə məhz ali təhsil davamlı inkişafın əsas hərəkətverici qüvvəsi hesab olunur. Buna görə də son illərdə dövlət başçısı tərəfindən ölkədə yüksək ixtisaslı, peşəkar kadrların hazırlanması sahəsində mühüm qərarlar qəbul olunub. Ali təhsil sahəsində qəbul olunan mühüm qərarlardan biri dünyanın müxtəlif ölkələri ilə həyata keçirilən Hökumətlərarası Təqaüd Proqramlarını (HTP) göstərmək olar. Son illərdə minlərlə gənc bu proqramlardan istifadə etmək hüququ qazanıb. Təqaüd proqramının imkanlarından yararlanaraq xaricdə təhsil arzularını reallaşdıran, öz uğur hekayəsini yazan gənclərimizdən biri də Sadiq Qacayevdir.
Tanıtım. Sadiq İttifaq oğlu Qaçayev 27 dekabr 1988-ci ildə Bakıda anadan olub. 1996-2007-ci illərdə Müşfiqabad qəsəbəsində 274 nömrəli orta məktəbdə təhsil alıb. 2009-2013-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Jurnalistika” ixtisası üzrə bakalavr təhsili alaraq ali məktəbi fərqlənmə diplomu ilə bitirib. Universitet illərində bir sıra layihələrin rəhbəri, fəal iştirakçısı olub. Müxtəlif ölkələrdə Azərbaycanı təmsil edib və mükafatlara layiq görülüb. 2013-2016-cı illərdə özəl sektor və dövlət qurumlarında ictimaiyyətlə əlaqələrin qurulması və idarəetmə sahələrində təcrübə toplayıb. 2016-2019-cu illərdə Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında bağlanmış “Hökumətlərarası Təqaüd Proqramları” çərçivəsində Çin Xalq Respublikasının Hökumət təqaüdü ilə Pekin şəhərində magistr təhsili alıb. 2019-cu ildə Beijing Normal University-nin Sosial İnkişaf və İctimai Siyasət Məktəbindən “Dövlət idarəetməsi” ixtisası üzrə məzun olub. 2020-2021-ci tədris ili üçün elan edilmiş müsahibədə iştirak edib, 2020-2024-cü illərdə Çinin Hökumət təqaüdü ilə Yanşan Universitetinin Humanitar Elmlər və Hüquq Məktəbində (əvvəlki adı ilə Dövlət İdarəetməsi Məktəbi) doktorantura pilləsində “Dövlət idarəetməsi” ixtisası üzrə təhsil almaq hüququ qazanıb.
Uğurlu karyera, təhsil imkanları
- Siz Hökumətlərarası Təqaüd proqramları çərçivəsində Çində təhsil almısınız. Proqramın təhsilinizdə rolu, əhəmiyyəti barədə nə deyə bilərsiniz? - İlk növbədə qeyd edim ki, Hökumətlərarası Təqaüd Proqramları (HTP) Azərbaycan Respublikası vətəndaşlarının bu müqavilələrin imzalandığı müvafiq ölkələrdə, eyni zamanda həmin ölkələrin vətəndaşlarının Azərbaycanda qarşılıqlı olaraq tam təqaüdlə təhsilini əhatə edir. HTP çərçivəsində bu günədək 100-dən çox Azərbaycan vətəndaşı ÇXR-də təhsil alıb və alır. Ümumilikdə isə ÇXR-də 500 nəfərə qədər Azərbaycan vətəndaşı fərqli proqram və təqaüdlər vasitəsilə təhsil alıb və almaqdadır.
Şəxsi təcrübəmə gəlincə, təbii ki, həyatımda çox böyük müsbət dəyişikliklər baş verdi. Çində olarkən, dünyanın bir sıra nüfuzlu universitetlərinin professor və müəllimləri universitetimizin qonağı oldular. Onlardan öyrəndiyim bilik və təcrübə mənə hər şeyə daha fərqli və daha peşəkar mövqedən baxmağa, yanaşmağa imkan yaratdı. Həmin dövrdə yalnız təhsil aldığım universitetdə yox, həm də Çinin dünyada məşhur olan digər universitetlərində - Tsinghua Universiteti, Pekin Universiteti, Pekin Xarici Dillər Universiteti, Cilin Universiteti, Şanxay İqtisadiyyat Universitetində keçirilən yerli və beynəlxalq təcrübə proqramları, seminar, mühazirə və görüşlərdə iştirak etmişəm. Bu məqamlar mənə yeni biliklər verməklə bərabər, həm də dünyaca məşhur professor, elm və iş adamları ilə dost olmaq və əlaqələr qurmaq şansı yaratdı ki, bu da gələcəkdə uğurlu karyera və təhsil imkanlarına açar rolunu oynayır. Magistr təhsilim dövründə universitetimizdə keçirilən beynəlxalq mədəniyyət festivallarında, rəsmi və qeyri-rəsmi görüşlərdə Azərbaycanı layiqincə təmsil etməyə çalışmışam. Çinin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Çin-Azərbaycan əməkdaşlığının müxtəlif aspektlərini əhatə edən görüşlərdə iştirak və çıxışlar etmişəm. Eyni zamanda, 2019-cu ilin oktyabrında, məzun olduqdan sonra yenidən Çinə gedərək ölkəmizi rəsmi tədbirdə təmsil edərək, dövlət qurumunun əməkdaşı kimi Azərbaycan adına xüsusi təşəkkürnamə əldə etmişəm.
Təbii ki, bütün sadaladıqlarım və daha çox xoş xatirələri və qazandığım uğurları mən Hökumətlərarası Təqaüd Proqramlarının dəstəyi sayəsində əldə etmişəm. HTP-nin rolu mənim həyatımda danılmazdır. Məhz bu səbəbdən yenidən HTP çərçivəsində Çində təhsil almaq, doktorantura pilləsini uğurla başa vurmaq üçün müraciət etdim və uğur qazandım.
Əcnəbi doktorantlar arasında ilk sırada
- Hazırda doktorantura təhsili aldığınız universitet və tədqiqat mövzunuz barədə nə deyə bilərsiniz? - Dediyim kimi, 2020-2021-ci tədris ili üçün verilmiş elanı gördükdə dərhal müraciət etmək haqqında düşündüm. Dostlarım, valideynlərim ailəli olduğumu mütləq ciddi şəkildə nəzərə almağımı istədilər. Buna baxmayaraq, ailəm və valideynlərim mənim doktorant olmaq kimi böyük bir arzumun olduğunu çox gözəl bilirdilər. Odur ki, hər zaman olduğu kimi, yenə də dəstəklədilər. Lazımi sənədləri toplayaraq müraciət etdim. Nəticələr elan olunarkən uğurlu olduğumu görüb keçirdiyim həmin xoşbəxt hissləri sözlə ifadə etmək tamamilə mümkünsüzdür. Şükürlər olsun ki, çəkdiyim əziyyət itmədi.
Paytaxt Pekinə cəmi 1-2 saatlıq məsafədə, şimalda yerləşən, daha maraqlısı isə Böyük Çin Səddinin dənizlə birləşdiyi məkanın - Çinhuandao şəhərinin Yanşan Universitetindən qəbul aldım. Mövcud pandemiya şəraiti ilə əlaqədar hələ ki Çinə gedə bilməmişik. Ümid edirəm, tezliklə hər şey yaxşı olacaq və biz dərslərimizə onlayn şəkildə yox, birbaşa kampusda davam edəcəyik.
Yanşan Universiteti Çində ən yaxşı “Dövlət İdarəetməsi Məktəbi” - fakültəsi olan universitetlər arasında ilk 10-luqdadır. 37000 tələbəsi və 2800 nəfərə yaxın professor-müəllim heyəti olan universitet tədqiqat yönümlü ali təhsil müəssisəsidir ki, uğurlu məzun olmaq üçün doktorantlara qoyulan tələblər həddindən artıq sərt və bəzən inanılmazdır. Məsələn, mənim tələbəsi olduğum Humanitar Elmlər və Hüquq Məktəbi doktorant namizədlərə dünyaca məşhur və yüksək impakt faktorlu elmi jurnallarda minimum 3 elmi məqalə dərc etmək kimi bir ağır şərt qoyub. Elmi rəhbərimin mənə olan inamı və böyük dəstəyi ilə yuxarıda qeyd etdiyim “qorxunu” dəf edə bilmişəm. Həm də, bu günlərdə 2 təhlil məqaləm çap olunub ki, onlar da elmi məqalə statusunda çap olunmasalar da birbaşa olaraq mənim hazırkı dissertasiya mövzumun tərkib hissəsidir. Çətinliklərə baxmayaraq, ilk akademik ili ən yüksək göstərici - 100-dən 97 bal toplayaraq, 5.0-dən 4.5 ortalama ilə 2020-2021-ci tədris ilində Yanşan Universitetinə qəbul olmuş 20-dən çox əcnəbi doktorant arasında ilk sırada yer almışam. Bununla da Azərbaycanımızı tanıtmaq üçün kiçik də olsa addım atmış oldum.
“Cəsarətin inanılmazdır”
Tədqiqat mövzuma gəlincə, mənim hazırkı dissertasiya mövzum magistr təhsilim zamanı etdiyim tədqiqatın daha yığcam və spesifik davamıdır. Belə ki, Pekində magistr adını qazanmaq üçün “CNPC (Çin), BP (Böyük Britaniya) və Lukoyl (Rusiya) şirkətlərinin Azərbaycanın neft və qaz sektoruna investisiya strategiyalarının arxasındakı motivlərin geosiyasi və iqtisadi perspektivdən müqayisəli təhlili” kimi ağır bir mövzuda tədqiqat aparmışdım. Hətta həmin dövrdə magistr elmi rəhbərim olan professor Pyer Miyej: “Magistr dərəcəsi üçün bu qədər çətin və geniş mövzu seçməyə ehtiyac yoxdur. Amma cəsarətin inanılmazdır. Əgər uğurlu məzun ola bilsən, etdiyin yaxşı araşdırmanın yox, məhz bu cəsarətinin hesabına məzun olacaqsan” demişdi. Məncə, o, haqlı idi, elə də oldu (gülür).
Hazırda üzərində çalışdığım dissertasiya mövzusu isə belədir: ““Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Çinin enerji təhlükəsizliyinin vacibliyi: Çinin Avropanın enerji bazarına çıxmasında Azərbaycanın nəqliyyat dəhlizi kimi rolu”. İnşallah uğurla bitirəcəyimə inanıram.
- Tədqiqatlarınız ölkəmiz üçün nə dərəcədə əhəmiyyətlidir və hansı töhfələr verə bilər? - Mənim tədqiqat mövzularım daha çox Çin fokusludur. Xüsusilə indiki dissertasiya mövzum bunu sübut edir. Təbii ki, qazandığım hər bir uğur, təkcə mənim fərdi uğurum yox, həm də Azərbaycan təhsilinin uğurudur. Qazanılan hər bir peşəkar və uğurlu kadr ölkəmizin dayanıqlı inkişafına töhfə verə bilər. Odur ki, mən də uğurlu doktorant olduqdan sonra, qazandığım bilik və təcrübəmi Azərbaycan üçün, onun inkişafı və daha da güclənməsi üçün sərf etməyə hazıram.
Azərbaycan-Çin əlaqələri haqqında təqdimat
- Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün oxşar mədəniyyətlərə, etno-kultural dəyərlərə sahib ölkələr kimi Azərbaycan-Çin münasibətlərinə və əlaqələrin perspektiv inkişafına təsiri barədə fikirlərinizi bilmək istərdik. - Mayın 14-də universitetimizdə Azərbaycan haqqında geniş təqdimat etdim. Videokonfrans formatında keçirilən təqdimatda Azərbaycan-Çin əlaqələri, mədəniyyətlərimiz arasında fərqli və oxşar cəhətlər, Azərbaycanda Çin dilinin tədrisinin mövcud vəziyyəti haqqında geniş məlumat verdim. Bundan başqa, ölkəmizin beynəlxalq aləmdə artan mövqeyindən, Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələrinin regionun inkişafı üçün yaratdığı imkanlardan, ölkəmizin iqtisadi inkişafından, xalqımızın mədəni irsindən, adət-ənənələrimizdən danışdım. Qeyd etdim ki, tarixən şərq ilə qərb arasında Qədim İpək Yolunun üzərində yerləşən Azərbaycan coğrafi mövqeyi və sahib olduğu nəqliyyat-tranzit imkanları ilə Avropa və Çin arasında körpü ola bilər. Bu səbəbdən də Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü ilk gündən dəstəkləyir və ən fəal iştirakçılarından biridir. Aydın məsələdir ki, bu da öz növbəsində xalqlarımız arasında olan qədim dostluq ənənələrinin nümunələrindən biridir. Mövcud və çətin pandemiya şəraitində də, biz bu dostluğun necə möhkəm və sağlam təməl üzərində qurulduğunun birbaşa şahidi olduq. Çin hökuməti Azərbaycana 150 min pulsuz vaksin göndərdi və virusla mübarizədə Azərbaycana dəstəyin davam edəcəyini bildirdi. İnanıram ki, bu dostluq və əməkdaşlıq, xalqlarımız arasında olan qarşılıqlı hörmət və dəstək daimi olacaqdır.
Təhsil sahəsində əməkdaşlığa təkan
- Çin - Azərbaycan təhsil əlaqələrinin inkişafında bu layihənin rolu və əhəmiyyəti barədə nə deyə bilərsiniz? - Bildiyiniz kimi, Çinin 2013-cü ilin payızında təqdim olunan “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulmuş olan ölkələrin 200-ə yaxın ali təhsil müəssisəsi ilə Çindəki həmkarları arasında əməkdaşlıq, tələbə və müəllim mübadilələri, təqaüd proqramları icra edilməkdədir. “Bir kəmər, bir yol” təqaüdü Çin tərəfindən təsis edilib və hər il “Bir kəmər, bir yol” təşəbbüsü ölkələrindən olan 10 min tələbə bu təqaüd vasitəsilə Çinin müxtəlif nüfuzlu ali təhsil müəssisələrində bakalavr, magistr və doktorantura səviyyələrində təhsil alır. 2019-cu ilin rəqəmlərinə baxsaq görərik ki, Çində təhsil alan “Bir kəmər, bir yol” təşəbbüsü ölkələrindən olan tələbələrin sayı əvvəlki illərə nisbətən 12 faiz artaraq təxminən 318 min nəfərə çatıb. Azərbaycandan da bir neçə tələbə əvvəlki illərdə bu təqaüd vasitəsilə Çində təhsil almaq imkanı qazanıb. İnanıram ki, bu rəqəm daha da artacaq. Ümumiyyətlə, “Bir kəmər, bir yol” təşəbbüsünün ölkələrimiz arasında təhsil sahəsində də geniş əməkdaşlığa təkan verəcəyinə əminəm.
“Bilik və həyat təcrübəsi qazandım”
- Doktorantura təhsilinizdən gözləntiləriniz barədə nə deyə bilərsiniz? - Əvvəlcə onu demək istəyirəm ki, Çin mənim üçün arzuların çin olduğu bir ölkədir. Mən Çində tamamilə fərqli, maraqlı bilik və həyat təcrübəsi qazandım. Bu mənada özümü çox şanslı və uğurlu hesab edirəm. Çində aldığım təhsildən gözləntilərim, təbii ki, böyük və çoxdur. İlk məqsədim və həm də tək istəyim uğurla məzun olmaqdır. Çünki hansı ölkədə olmasından asılı olmayaraq, doktorantura təhsil səviyyəsi həddindən artıq çətin, elə bir o qədər də maraqlı bir dövrdür. Həm də tamamilə fərqli və yeni bir həyat tərzidir. Cəmi 9 aydır doktorantura pilləsində təhsil alsam da, artıq onun əsl həyəcanı və fəlsəfəsini dərk etməyə başlamışam. İnanıram ki, başladığım bu çətin sınağı uğurla başa vurub mənə göstərilən inam və etimadı layiqincə doğruldacağam. Məzun olduqdan sonra həm Azərbaycanda, həm də ölkə xaricində gələcəklə bağlı gözləntilərim var və ümid edirəm hər şey yaxşı olacaq.
Fürsətdən istifadə edib, ölkə xaricində təhsil alan bütün həmvətənlərimizə səbrli və dözümlü olmağı arzu edirəm. Oralara gedib çıxmaq artıq özü böyük bir uğurdur. Uğurlarımız davamlı olsun. Sizə də, hər zaman biz tələbələri dinlədiyiniz və tanıtdığınız üçün çox təşəkkür edirəm. Mənə çox xoş oldu.
Oruc MUSTAFAYEV
|
|
21.05.2021 | 12:00 | |
|
|
|