“Savaşda qazandığımız qələbələr ən böyük stimulumuz idi”

Vətən müharibəsi Azərbaycan tarixinin daim qürurla vərəqləyəcəyimiz şanlı səhifələridir. 44 səhifədən ibarət olan bu fəslin hər cümləsində, hər sözündə əməyi, qanı-canı olanlar var. Həmin fədakarların arasında müəllimlər xüsusi yer tutur. “Azərbaycan müəllimi”nin “Qarabağ gündəliyi”ndə növbəti müəllim qonağı Vətən müharibəsi iştirakçısı Ruslan Ağamalıyevdir. Bakının 157 nömrəli tam orta məktəbin fəal müəllimlərindən olan Ruslan Ağamalıyev döyüşçü kimi də öz sözünü deyib.   Mayın 15-də 43 yaşını qeyd edən Ruslan müəllim Ermənistan SSR-in Sisiyan rayonunda anadan olub. Bakıya 80-ci illərdə gəliblər. Müəllim atası Bakıda iş tapıb və tale ailənin yolunu Azərbaycanın paytaxtına salıb. O vaxtdan Bakı sakini olan R.Ağamalıyev 20 ilə yaxındır ki, müəllimdir.

 

Müəllim olmaq istəyirəm

 

Atası kimi müəllim olacağına qərar verəndə hələ yeniyetmə çağlarındaydı. Odur ki, 1995-ci ildə 144 nömrəli tam orta məktəbin məzunu olandan sonra sənədlərini ali təhsil müəssisələri üçün keçirilən qəbul imtahanlarına hazırlayıb və həmin ilin qəbul nəticələrinə görə Bakı Dövlət Universitetinin tarix fakültəsində təhsil almağa başlayıb. Hazırda təhsilini davam etdirir. 157 nömrəli tam orta məktəbin müəllimi olmaqla yanaşı, AMEA-nın Tarix İnstitutunun dissertantıdır.

 

Silah yox, kitab

 

Müəllim kimi hər zaman seçilib, ölkəmizi təmsil edə biləcək müəllimlərin sırasında olub. Təhsil Nazirliyinin xətti ilə dəfələrlə beynəlxalq konfranslara qatılıb. 2010-cu ildə Polşanın Varşava şəhərində Avropa Yəhudilərinin soyqırımı ilə əlaqədar “Memory of Genocide”, 2012-ci ildə isə Almaniyanın Frankfurt şəhərində “Beeing of a teacher in 2034” adlı tədbirlər onun qatıldığı konfransların ən yaddaqalanları olub.

 

Uşaqlığından silahı yox, kitabı sevib. Kitaba bağlılığı onu əvvəlcə müəllim, sonra müəllif edib. Ruslan müəllim XIX-XX əsrin dünyasına öz baxış bucağından baxıb və fikirlərini “Dünya əsrlərin qovşağında” kitabında əks etdirib. 2014-cü ilin dekabr ayında işıq üzü görən kitab onu ictimaiyyətə həm də müəllif kimi tanıtdırıb.

 

Yarış qalibi müəllim

 

Ruslan müəllim hərtərəfli yetişdirilib. Sadəcə akademik göstəriciləri yox, fərqli bacarıqlarının formalaşması, ən əsası, sağlam həyat tərzinə sahib olması üçün müəllim atası onu düzgün yönləndirib. Nəticədə məktəbdə fəaliyyəti kitab oxuyub, dərs hazırlayıb, müəllimlərinin tapşırıqlarını yerinə yetirməklə məhdudlaşmayıb. Məktəbdə güləşlə məşğul olub, şahmat oynayıb, müxtəlif səpkili tədbirlərə qatılıb. Şagirdlər arasında fəallığı ilə seçilən Ruslan Ağamalıyevin yarış ruhu müəllim olandan sonra da yüksək qalıb. Məsələn, 2015-ci ildə Binəqədi məktəblərinin müəllimləri arasında dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş şahmat yarışına qatılıb və I yerin qalibi olub.

 

“Heç ova da getməmişdim”

 

Şahmatdakı bacarığı yarışda onu qalib edibsə, güləşdə qazandıqları da savaşda köməyinə gəlib. Ruslan müəllim müvəqqəti də olsa, qələmi yerə qoyub silah götürüb əlinə.

 

Vətən müharibəsi iştirakçısı Ruslan müəllimin silahla ilk tanışlığı həqiqi hərbi xidmətdə olub. 2002-2004-cü illərdə Füzuli rayonunda zabit olaraq xidmət keçib. Silahı bir gün əlinə alacağına, buna məcbur qalacağına hələ o vaxtdan əmin olub: “Tarix müəllimiyəm. Hətta müəllim olmasam da, tarixə həmişə xüsusi marağım olub. Təəssüf ki, qonşularımızla illərdir davam edən problemi bilmək üçün tarix oxumağa, tarix bilməyə də ehtiyac yoxdu. Bütün dövrlərdə, hər nəsil, demək olar ki, erməni düşmənçiliyi ilə qarşılaşdığından millət olaraq başımıza nə gəldiyini də, bizi nə gözlədiyini də yaxşı bilirdik. Başqa sözlə, nə işlə məşğul olmağımızdan asılı olmayaraq, bir əlimizin silaha məhkum olduğunu başa düşürdük. Məni də işğal altında olan torpaqları azad etmək hissi silaha bağladı. Halbuki silaha marağım heç vaxt olmayıb, təsəvvür edin ki, heç ova belə getməmişəm. Öyrənərkən də, işlədərkən də silah mənim torpaqlarımızı azad etmək üçün əl atdığım bir yol olub. Düşmənə münasibətdə silahın da mahiyyəti dəyişir”.

 

Ruslan müəllim 2015-ci ildə  də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən çağırış alıb. Amma o vaxt döyüşə getmək qismət olmayıb. İkinci dəfə Vətən müharibəsi başlayanda çağırılıb: “Zəng gəldi. Dərhal çantamı yığıb getdim”.

 

Sentyabrın 21-də təlimlərə qatılıb, dekabrın 31-də tərxis olunub. Bu müddət ərzində Füzuli-Cəbrayıl- Xocavənd-Qızıl bazar istiqamətində gedən döyüşlərdə cəsarətlə iştirak edib. Cəbhədə motoatıcı tağım komandiri olan tarix müəlliminin keçdiyi döyüş yolu unudulmaz xatirələrlə doludur: “Yüksəkliklər uğrunda əməliyyatlara qatıldım. Hər döyüş dəhşətliydi. Orda nə yaşadığımızın, nə hiss etdiyimizin fərqinə vara bilmirdik. Hisslərimiz qarışırdı”.

 

Sevinclə kədər qarışanda

 

Cəbhədə olmaq müxtəlif hissləri eyni vaxtda yaşamaq deməkdir. Silahdaşının şəhadətə yüksəlməsinin kədəriylə hansısa strateji mövqedə möhkəmlənməyin sevincini eyni vaxtda yaşayanlardan biri də Ruslan müəllim idi: “1-2 gün adaptasiya olunana qədər döyüş çətin gəlir. Ancaq sonra adiləşir. Həvəslə döyüşürdük. Hər kəs döyüşə atılırdı. Ən ağır döyüşlərimiz Qırmızı bazar ətrafında oldu. Orada düşmən xüsusilə möhkəmlənmişdi. Bir neçə eşelonla müdafiə olunurdu. Yüksəkliklər düşmən əlində olduğundan hücum çətinləşirdi. Buna baxmayaraq, həmin döyüşlərdə fərqlənən, xüsusi qəhrəmanlıq göstərənlər oldu. Sərxan Kərimov, Oruc Abbasov xüsusilə fəal idilər. Bölük komandiri şəhid Samir Şükürov Qırmızı Bazarın düşməndən azad edilməsində böyük qəhrəmanlıq göstərdi. Şəhidlərimizi, döyüşlərdə yaralanan yoldaşlarımızı unutmaq çətindir. Döyüşdə hər birinin itkisi bizi sarsıdır, intiqam hissi oyadırdı. Qazandığımız qələbələr ən böyük stimulumuz idi. Arxa cəbhədən gələn dəstək isə gücümüzə güc qatırdı. Ordunun gücünü xalqdan aldığı barədə indiyədək dediklərimizi, yazdıqlarımızı yaşayırdıq. Qürurlu günləriydi. Hələ döyüşdən qalib olaraq qayıtdıqda görəydiniz. İnsanlar necə böyük ruh yüksəkliyi ilə qarşıladı bizi. Məktəbimizdə kollektivimizin, yaşadığımız məhəllədə qonşularımızın, yaxın ətrafımızın bu müharibəyə, ordumuza, döyüşən hər kəsə münasibəti ağlıma gəldikcə qürurlanıram...”.

 

Yetişdirdiklərimizlə qürur duyacağıq

 

Şəhid, yaralı, minamyot səsi, qulaqbatırıcı partlayışlara alışmaq asan olmayıb”.

 

Ruslan müəllim artıq şagirdlərinin önünə keçib yazılan və yazdıqları tarixdən danışır. Yəqin ki, düşmən qarşısında keçən 44 gün Ruslan müəllimin 40 il sonra da qürurla xatırlayacağı xatirəyə çevrilib. Bundan sonrasına gəlincə, Ruslan Ağamalıyevin müəllim kimi çox böyük planları var. Axı,  sülh şəraitində də, müharibə vəziyyətində də millətə bağlılığını, vətənə sevgisini heç vaxt unutmayacaq vətənpərvər nəsil  yetişməlidir. Bir müəllim müharibədən yox, yetişdirdiyi ağıllı, dünyagörüşlü, qərarlı, vətənə və millətinə bağlı yetirmələrindən zövq ala bilər. O da məhz bunu edəcək!

 

Ruhiyyə DAŞSALAHLI



21.05.2021 | 11:30