Şəhid Oruc Nəcəfli: “Qələbədən sonra sizi aparacağam Mingəçevirə” | |
Mingəçevir Dövlət Universitetində (MDU) təhsilin məzmununda vətənpərvərlik tərbiyəsinin önəminin daha da yüksəldilməsi məqsədilə yaradılan Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzi qəhrəman şəhid və qazilərimizin gənc nəslə tanıdılması, onların göstərdikləri şücaətlərin təbliğ edilməsi istiqamətində müxtəlif formatlı fəaliyyətlərin həyata keçirilməsinə start verib. Sözügedən fəaliyyətlər çərçivəsində şərəfli döyüş yolu keçən MDU ailəsinin qəhrəman üzvlərinin həyat hekayələrinin işıqlandırılması və gələcək nəsillərə ötürülməsi məqsədilə Mərkəz tərəfindən silsilə yazıların və reportajların hazırlanmasına xüsusi diqqət yetirilir. Vətəninə, dövlətinə və xalqına bağlı layiqli vətəndaş kimi yetişməsi üçün gənclərə örnək olan qəhrəmanlarımız haqqında ilk yazı MDU-nun şəhid məzunu Nəcəfli Oruc Rövşən oğluna həsr edilib. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Əsgərinin qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılan tarixi zəfər Azərbaycan xalqının gücünü, birliyini və yenilməzliyini bir daha bütün dünyaya nümayiş etdirdi. Doğma Qarabağımızı işğaldan azad edərək otuzillik yurd həsrətinə son qoyan cəsur zabit və əsgərlərimiz canları və qanları bahasına yeni tariximizin şanlı səhifələrini yazdılar. Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizdən biri də MDU-nun məzunu Oruc Nəcəflidir.
1989-cu il oktyabrın 6-da Yevlax rayonunun Tanrıqulular kəndində anadan olan O.Nəcəfli 1996-2007-ci illərdə Mingəçevir şəhərində Nizami Gəncəvi adına 8 nömrəli tam orta məktəbdə təhsil alıb. O, 2007-ci ildə Mingəçevir Politexnik İnstitutunda (indiki Mingəçevir Dövlət Universiteti) “İnformatika və hesablama texnikası” ixtisası üzrə bakalavriat səviyyəsinə qəbul olub və 2011-ci ildə ali təhsilini başa vuraraq hərbi xidmətə yollanıb. Kəşfiyyatçı vəzifəsində hərbi xidmətdə olduğu bir il ərzində hər zaman yüksək fiziki hazırlığı ilə fərqlənib.
Hərbi xidmətdən sonra, 2012-ci ildə qəhrəmanımız yaşadığı Mingəçevir şəhərində yerləşən və atasının uzun illər mühəndis vəzifəsində işlədiyi “Azərişıq” ASC-də əmək fəaliyyətinə başlayıb. 2016-cı ildə atasını itirən O.Nəcəfli onun yolunu davam etdirirdi.
Oxuduğu məktəbdən, təhsil aldığı universitetdən, xidmət etdiyi hərbi hissədən və çalışdığı iş yerindən hər zaman valideynlərinə Orucun yüksək əxlaqi keyfiyyətləri barədə təşəkkür gəlirdi. O, nümunəvi gənc idi.
2020-ci ilin sentyabrın 27-dən başlayan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda, həmçinin Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə savaşan O.Nəcəfli oktyabrın 17-də “Tülkü dərəsi” adlandırılan ərazidə şəhid olub. Noyabrın 6-da Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən O.Nəcəfli ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Ailəsinə çox bağlı olan şəhid O.Nəcəfli dəfn edilərkən tabutuna sarılan üçrəngli müqəddəs Azərbaycan bayrağı bacısı oğlu Ramilə əmanət edilib. Dayısının əmanətini şərəflə daşıyan Ramil və qardaşı Sübhan böyüyəndə vətənə və millətə layiq övlad olacaqlarına, hər zaman onlarla məşq edən və onlara döyüşməyi öyrədən qayğıkeş dayılarının etimadını doğruldacaqlarına söz veriblər.
“Narahat olmayın, mən yaxşıyam”
Orucla bərabər könüllü olaraq cəbhəyə yollanan bacısının həyat yoldaşı Kamil Cavadov orduya çörək daşıdığı üçün hər dəfə fərqli hərbi hissələrdə olduğunu, Onunla görüşə bilmədiyini, tez-tez telefon əlaqəsi saxladığını deyir. Kamil xatirələrini qürurla paylaşaraq, Orucun Vətən sevgisindən, müharibənin başlanacağı günü səbrsizliklə gözləməsindən danışıb. Orucun hər zaman işğal altında olan əzəli torpaqlarımızın azadlığını arzuladığını deyən K.Cavadov onun sonuncu dəfə ailəsi ilə əlaqə saxlamasından söz açıb. 2020-ci ilin oktyabr ayının 15-də ailəsi ilə telefon danışığında son sözləri “Narahat olmayın, mən yaxşıyam” deməsi olub.
“Bir azdan döyüşə gedəcəyik, güclü olmalıyıq”
Vətən müharibəsində Oruc Nəcəfli ilə çiyin-çiyinə vuruşan Vüsal Hacı-Abduləlimov onunla bağlı xatirələrini bölüşüb: “Bizə dəstək üçün bir neçə əsgər gəlmişdi. Oruc da həmin əsgərlərin arasında idi və onunla o zaman tanış olduq. O, çox mərd yoldaş, sözün əsl mənasında, hər birimizə qardaş idi. Gecə saat 3-4 radələrində bir də görürdük ki, bizə çörək, su gətirir,“qardaşlarım, bir azdan döyüşə gedəcəyik, güclü olmalıyıq” deyirdi. Oruc çox ürəkli oğlan idi, geriyə yol tanımırdı və yalnız irəliyə baxırdı”.
Bir gün Orucun qızı Rövşanə ilə telefon danışığını eşitdiyini xatırlayan Vüsal o səhnəni əsla unutmayacağını deyir: “Oruc telefonda “gözəl qızım” deyərək övladını oxşaya-oxşaya danışırdı. Telefon danışığını bitirdikdən sonra, mənə qızı ilə danışdığını və hələ təzə-təzə “ata” deməyə başladığını söyləyəndə, çox kövrəldim. Tez-tez qızı ilə xatirələrindən danışardı və biz də maraqla dinləyərdik. Bir dəfə, “qələbədən sonra sizi aparacağam Mingəçevirə və Rövşanə igid qəhrəman əmilərini görüb tanısın” deyəndən sonra Oruc bir kənara çəkildi və gözləri doldu...”.
Qapanlı kəndində olduqları vaxtlarda düşmənin Tərtəri ələ keçirmək məqsədilə bir neçə dəfə hücuma cəhd etdiyini qeyd edən Vüsal qəhrəman əsgərlərimizin sayəsində ermənilərin çoxlu sayda canlı qüvvə itirərək geri çəkildiyini bildirib. Döyüşlərin birində müxtəlif istiqamətlərə bölündüklərindən ara-sıra bir-birlərindən xəbər tutduqlarını deyən Vüsal sonradan Orucun şəhid olduğunu biləndə sarsıldığını dilə gətirib: “İnanmaq çox ağır idi. Orucun Şəhid xəbəri bizi çox sarsıtsa da qazandığımız qələbə ilə bütün şəhidlərimizin qisasını aldıq və qanlarını yerdə qoymadıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
“Mehriban, qayğıkeş insan idi”
Orucla Tərtərin Qapanlı kəndində bir postda döyüşən Bahadur Abdullayev qəhrəmanımızı belə xatırlayır: “Oruc yaşca bizdən böyük idi. Onu bizə manqa komandiri təyin etmişdilər. Çox ünsiyyətcil, mehriban, səmimi və qayğıkeş insan idi. Şəhidlər Allah qatında seçilmiş olur, deyirlər. Hər adama şəhidlik zirvəsi qismət olmur. Oruc mərdliyi ilə yanaşı, insanlığı və vətənpərvərliyi ilə də bizə örnək idi. O, səhərə kimi oyaq qalaraq növbələri dəyişirdi, hər növbəyə çıxan uşaqlara çay hazırlayıb verirdi. Hamını özünə qardaş bilirdi və heç kim onun sözündən çıxmırdı”.
Birlikdə iki döyüş əməliyyatında iştirak etdiklərini bildirən Bahadur birinci döyüşdə Orucun şücaətindən, qorxmazlığından bəhs edir, yaralı və şəhid əsgər yoldaşlarının döyüş meydanından çıxarılmasında göstərdiyi mərdlikdən söz açır.
“Orucu soruşanda şəhid olduğunu söylədilər”
Bahadur Suqovuşandan sonra qarşıdakı yüksəklikdə olan düşmən bölüyünə hücum zamanı Orucla bərabər iştirak etdiyi ikinci döyüşün yaddaşından heç zaman silinməyəcəyini deyir: “Gecə saat 12-dən səhər 7-ə kimi yol getmişdik. Çatan kimi döyüşə başladıq. Ermənilər minaatanlardan atəş açırdılar. Yüküm çox ağır olduğundan, yorulmuşdum və yerə uzanıb bir qədər nəfəsimi dərdim. Bu zaman Oruc mənə yaxınlaşaraq “bir yerdə dayanma, vuracaqlar” dedi və irəliyə doğru uzaqlaşdı. Düşmən yüksəklikdən bizi açıq-aydın gördüyündən, mövqelərimizi çox sıx atəşə tuturdu. Buna baxmayaraq irəliləməyə davam edirdik. Nəhayət, Orucla bərabər bir neçə əsgərimiz posta daxil oldu və çoxlu sayda ermənini məhv etdilər. Posta doğru çox az bir məsafədə yaralandığım üçün hərəkət edə bilmirdim. Uşaqlar köməyə gəlib, məni çıxardılar. Onlardan Orucu soruşanda posta atılan mərmi nəticəsində şəhid olduğunu söylədilər. Allah məkanını cənnət eləsin”.
Torpaqlarımızın azad edilməsi, vətənimizin bütövlüyü uğrunda canından və qanından keçərək müqəddəs şəhidlik məqamına yüksəlmək ən böyük şərəf və qürur hesab edilir. MDU-nun məzunu Nəcəfli Oruc Rövşən oğlunun da taleyinə Vətən müharibəsində qeyrət, hünər və qəhrəmanlıq simvolu olan şəhidlik zirvəsinə qovuşmaq yazılıb.
Qeyd edək ki, hər birimizə sonsuz sevinc və fəxarət hissləri bəxş edən tarixi zəfər yürüşündə MDU-nun 4 əməkdaşı, 120-dən çox tələbə və məzunu iştirak edib, 5 məzunu isə şəhdilik zirvəsinə ucalıb.
Müstəqilliyimiz, suverenliyimiz, azad və xoşbəxt gələcəyimiz uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələrini yaşatmaq, onların adlarını daim uca tutmaq və müasir gəncliyə nümunə göstərmək hər bir azərbaycanlının mənəvi və vətəndaşlıq borcudur.
Boy verir ürəkdə hünər nəğməsi, Nəsillər dinləyir bu məğrur səsi. Şəhidlər - Vətənin qələbə rəmzi, Şəhid oğulları Vətən yaşadır!
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Mingəçevir Dövlət Universiteti Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzi
|
|
21.05.2021 | 13:33 | |
|
|
|