Uğurlu addımlar bizi QARABAĞA aparır!

İyunun 25-də Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib.  Tədbir iştirakçılarını  bayram münasibətilə  təbrik edən kollecin direktoru Ruxsarə Əliyeva bildirib ki, bizim bütün hərbi hissələrimizdə, xüsusilə də cəbhədə yerləşən hərbi hissələrdə ruh yüksəkliyi var və Azərbaycan əsgərinin vətənpərvərlik hissləri çox yüksəkdir.  Azərbaycan Ordusunun maddi-texniki təchizatı ən yüksək səviyyədədir. Son vaxtlar əldə etdiyimiz silah, texnika deməyə əsas verir ki, qarşıya qoyulan vəzifələri icra edə bilərik. Direktor Silahlı Qüvvələrin yaranma tarixi, keçdiyi yol və son zamanlar əldə etdiyi uğurlar haqda da geniş məlumat verib.  Bildirib ki, "Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz hərbi sahədə ciddi böhranla üzləşdi. Nizami orduya malik olmayan Azərbaycanın qarşısında duran əsas iş Qarabağ uğrunda gedən döyüşlərdə vəziyyəti nəzarət altına almaq idi ki, bu da çox çətinliklə həyata keçirilirdi. Ancaq tədricən müharibədəki məğlubiyyətlərin qarşısını almaq üçün ölkənin bütün imkanları milli ordu quruculuğuna səfərbər edildi. Könüllü batalyonlardan nizami orduya doğru ilk ciddi addımlar atıldı. Qismən hərbi səfərbərlik və orduya çağırış işi yoluna qoyuldu. Heydər Əliyev hakimiyyəti dövründə həm Prezident, həm də ali baş komandan olaraq, ordunun qüdrətli olmasına diqqəti yönəltdi. Ümummilli lider  Heydər Əliyevin 22 may 1998-ci il tarixli Sərəncamına əsasən,  Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu. Hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir. Və aprel döyüşləri zaman ordumuzun əldə etdiyi uğur bunun bariz nümunəsidir,” - deyə qeyd edib.

 

Çıxış edənlər də 26 İyun - Silahlı Qüvvələr Günü barədə danışıblar. Qeyd olunub ki, Prezident, ali baş komandan İlham Əliyev tərəfindən Silahlı Qüvvələrdə bütün istiqamətlərdə aparılan islahatlar bu gün öz uğurlu nəticəsini verir. Və bu uğurlu addımlar bizi QARABAĞA aparır!

 

Rəşad ZİYADOV



25.06.2018 | 16:37