Məktəblilər arasında ilk dəfə stomatoloji müayinələr

Naxçıvan Dövlət Universiteti tibb fakültəsinin stomatoloq həkim, rezident və tələbələri məktəblilər arasında ilk dəfə stomatoloji müayinələr həyata keçirib.

 

Naxçıvan şəhər Təhsil şöbəsinin müdiri Baba Əliyev bu müayinənin şagirdlərin sağlamlığı üçün əhəmiyyətli olduğunu bildirib.   

 

Universitetin Stomatologiya kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru Rauf Cəfərov Naxçıvan şəhər və muxtar respublikanın rayonlarında yerləşən ümumtəhsil məktəblərinin şagirdləri arasında stomatoloji xəstəliklərin yayılmasının qarşısını almaq və xəstəlikləri tədqiq etmək məqsədilə müayinələrə başlanıldığını qeyd edib. Diqqətə çatdırıb ki, layihəyə Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbdən start verilib. Layihə çərçivəsində məktəblilər arasında stomatoloji xəstəliklərin yayılması haqqında elmi məqalələr, tədris-metodiki vəsaitlər və yekunda dərslik hazırlamaq qarşıya məqsəd kimi qoyulub.

 

Sonra müayinələrə başlanılıb. Qeyd edək ki, müayinələr zamanı şagirdlərin diş xəstəliklərinə dair problemləri tədqiq edilib, o cümlədən tələbələr nəzəri biliklərini təcrübədə tətbiq ediblər. Görüş çərçivəsində keçirilən müayinələr zamanı şagirdlərə diş sağlamlığının qorunması, dişlərə qulluq barədə tövsiyyələr verilib və məktəblilərə dişə qulluq vasitələri hədiyyə edilib.

 

 



20.05.2021 | 13:27